adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
31 Oktyabr 2014 14:53
2510
HADİSƏ
A- A+

Vergidən yayınan şəxslər həbs olundu

Respublikanın müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən ümumilikdə, külli miqdar təşkil edən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınan şəxslər həbs olunub.

Bu barədə Adalet.az-a Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə daxil olmuş məlumat əsasında aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Bərdə rayonunun Zümürxaç kənd sakini, 11 saylı Ərazi Vergilər Departamentində qeydiyyatda olan Bayramov Fərrux Teymur oğlu (VÖEN:

4000286482) vergilərin hesablanması və dövlət büdcəsinə ödənilməsinə məsuliyyət daşıyan cavabdeh şəxs kimi sahibkarlıq fəaliyyəti göstərdiyi dövrdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.7, 53.1, 77.3, 78.1, 130.1, 152.1-ci maddələrinin tələblərini pozaraq, respublikanın müxtəlif rayonlarından 1,6 milyon manat məbləğində kənd təsərrüfatı məhsullarının alınaraq Rusiya Federasiyasına ixrac edilməsindən əldə etdiyi gəlirdən ümumilikdə, külli miqdar təşkil edən 185 min 901 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıblar.

Bundan başqa, F.Bayramov 11 saylı Ərazi Vergilər Departamentində vergi ödəyicisi kimi qeydiyyatda olan fərdi sahibkarlar Xəlilov Asif Vahid oğlunun, Nuruyev Arzu Neymət oğlunun, Orucov Cəmaləddin İbrahim oğlunun və Orucov Orxan Cəmaləddin oğlunun vergi ödəyicisinin eyniləşdirmə nömrəsindən istifadə etməklə sahibkarlıq fəaliyyətini həyata keçirib, onların adından Azərbaycan Respublikası ərazisində müxtəlif vaxtlarda kənd təsərrüfatı məhsullarının alnmasını və həmin məhsulların Rusiya Federasiyasına ixrac olunmasını təşkil edib. Bu zaman o, müvafiq vergilərin ödənilməsinin təmin edilməsinə cavabdeh şəxs olduğu halda, ümumilikdə külli miqdar təşkil edən 733 min 769 manat məbləğində fiziki şəxslərin gəlir vergisini dövlət büdcəsinə ödəməkdən yayınıblar.

Qeyd olunan hərəkətlərlə F.Bayramovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyi müəyyənləşdirilib o, 22 oktyabr 2014-cü il tarixdə şübhəli şəxs qismində tutularaq Bakı şəhəri Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verilib.

Təqsirləndirilən F.Bayramovun törətdiyi cinayətin xarakterini, azadlıqda qalarsa cinayət prosesini araşdıran orqandan gizlənə, istintaqın gedişinə mane ola biləcəyini və təkrar cinayət törədə biləcəyini nəzərə alaraq, Bakı şəhəri Yasamal rayon məhkəməsinin qərarı ilə 24 oktyabr 2014-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı F.Bayramov təqsirləndirilən şəxs qismində dindirilib, onun imza xətt nümunələri götürülüb, ekspertizalar keçirilən, şahidlər dindiriliblər. Hazırda dövlət büdcəsinə ödənilməkdən yayındırılan vergilərin ödətdirilməsi, istintaqın yekunlaşdırılıb işin məhkəməyə göndərilməsi üçün zəruri tədbirlər görülür.