adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2014 13:31
4071
MƏMLƏKƏT
A- A+

QHT-media münasibətləri müzakirə olundu

Bu gün Milli QHT Forumu (MQF) "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı növbəti ictimai müzakirə keçirib. İclasda çıxış edən MQF-nin prezidenti Rauf Zeyni layihə haqda geniş məlumat verib: "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələr çərçivəsində üçüncü görüşümüzü keçiririk”.

Bu dəfə "Vətəndaş cəmiyyətinin inkişafı məqsədilə QHT-media əlaqələrinin gücləndirilməsi" mövzusunun müzakirə olunacağını deyən R. Zeyni qeyd edib ki, bu illər ərzində media və QHT-lər daima əməkdaşlıq edib: "QHT-lərin həyata keçirdiyi tədbirlər mediada çox geniş işıqlandırılıb. Biz həmişə medianın diqqətini hiss etmişik".

Forumun prezidenti bildirib ki, ötən il QHT-lərin inkişafı üçün 67 milyon manat vəsait ayrılıb: "Həmin vəsaitin 44 milyonu Azərbaycan dövləti tərəfindən, 23 milyonu isə beynəlxalq təşkilatlar tərəfindən ayrılan qrantlardır. Görünən odur ki, Azərbaycan dövlətinin ayırdığı maliyyə beynəlxalq təşkilatların ayırdığı maliyyədən 2 dəfə çoxdur. Bu da Azərbaycan dövlətinin Vətəndaş Cəmiyyətinə olan diqqətin göstəricisidir".

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, QHT-lər ilə media arasında münasibətin daha da inkişaf etməsi üçün müəyyən bir sistemləşmə olmalıdır: "Dövlətin QHT-lərə münasibətində bir sistemlilik yarandı. QHT-lərə Dövlət Dəstəyi Şurası müxtəlif istiqamətlər üzrə QHT-lərin layihələrini maliyyələşdirir. O cümlədən Azərbaycanda fəaliyyət göstərən böyük şirkətləri QHT-lərin layihələrinə qrant ayrılması prosesinə də cəlb etməyə başlayıb və bu da təqdirəlayiq haldır. Əminəm ki, bundan sonra da QHT-lərlə media arasında sıx əməkdaşlıq davam edəcək. Cəmiyyətdə mövcud olan problemlərin QHT-lər və media vasitəsilə həlli, eyni zamanda QHT-lərin özlərinin problemlərinin aradan qaldırılması yönündə daha böyük işlər görüləcək”

Tədbirdə həmçinin MQF-nin informasiya təminatı departamentinin rəhbəri Səbuhi Abbasovun "Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və medianın rolu" mövzusunda məruzəsi dinlənilib.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu isə çıxışında vurğulayıb ki, QHT-lər onlar haqqında cəmiyyətdə yaranan yanlış fikri dəyişdirməlidir: "Azərbaycan cəmiyyətində QHT-lərlə bağlı yanlış fikirlər formalaşıb. Bunun da səbəbləri var. Uzun müddət Azərbaycanda QHT-lər beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilib. Onlar isə desturiktiv fəaliyyətlə məşğul olduğundan, QHT-lərin cəmiyyətdəki rolu barədə fikirlər yanlış məcraya yönəlib. Ona görə də QHT-lər bu yanlış fikri cəmiyyətin yaddaşından silmək üçün fəaliyyətlərini daha da gücləndirməlidirlər”.

 "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışı zamanı deyib ki, QHT-lər hüquqi dövlətin əsas atributlarından, cəmiyyətin özünü ifadə vasitələrindən biridir: "Vətəndaş cəmiyyətinin əsas institutu kimi QHT-lərə müxtəlif formada yanaşmaq olar. QHT sosial real, sosial ideal və real ictimai münasibətlər arasındakı münasibətlərin göstəricisidir”.

Çıxış edən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, vətəndaş cəmiyyətinin inkişafı üçün QHT-media əlaqələrinin intensiv şəkildə qurulması vacibdir.

Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Milli QHT Forumu bu ilin mart ayından etibarən "Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili" layihəsini icra edir.