adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Oktyabr 2014 01:00
4760
ƏDƏBİYYAT
A- A+

QARA

"Əlvan sətirlər" silsiləsindən

Qara adam. Qara torpaq. Qara şum.
Qara gözün ümmanında boğulum;
Arzuya bax: "Günahımı, səhvimi
Yumaq üçün kaş təzədən doğulum".

Qaratikan. Qaratoyuq. Qaraquş.
Axşamüstü köç edirsən hara, quş?
Təbiətin qanunudur hərəkət,
Dağın döşü həm enişdir, həm yoxuş.

Qaragölün sularında üzmüşəm,
işıqlını heyran-heyran süzmüşəm.
Qarayazı meşəsində quş vuran
Bir ovçudan həmişəlik küsmüşəm.

Qaraçiçək. Qaraçinar Qarabağ.
Qapıcığın zirvəsində qara bax!
Sinələrə dağ çəkməsin ayrılıq,
Kaş oynasın qara tale, qara baxt!

Qara dəniz. Qarabulaq. Qaraçay.
Qayaları qılınc kimi yar,a çay!
Soyuq cavab od qalayıb içimdə -
Mənə sərin su gətirin, yara çay!

Qaraməryəm. Qaranohur. Qaradağ.
Göyün sənə töhfəsidir qar, a dağ!
Günəşəcən ucalmağın eşqinə
Sinə gərər ildırıma, qara dağ!

"Qaragilə". "Qaraca qız". "Qara şal".
Qara kürü. Qara üzüm. Qara xal.
Qarayanız, qanışirin üç uşaq:
Biri noğul, biri şəkər, biri bal.

Qaraqaya. Qaraoğlu. Qaraçöp.
Qaranlığa ürəyindən işıq səp!
Oqtay, sən də nəğməsində, adında
Yurdu, nəsli yaşadanı qucub öp!

Ürəyimin parasıdır "qaragül".
Yoxa çıxsın qara xəbər, qara gün!
Mənim bütün insanlara sözüm var:
Gələcəyi yaxşı-yaxşı düşünün!


KÖRPÜ

Körpüyə baxıram - vüqarlı, göz-göz,
Sahili-sahilə birləşdirən qol.
Körpü küsənləri barışdıran söz,
Yerdən kəhkəşana doğru gedən yol.

Körpü olmayanda ötər ömür-gün,
Baharın ilk ayı, ulduzu axşam;
Nənəmə xoş xəbər aparmaq üçün
Qayıqçı dayını hey çağırmışam.

Körpü salınandan neçə sevənin
Fərəhi, duyğusu aşıb-daşıbdır.
O taydan bu taya oğlan evinin
Gəlin gətirməyi asanlaşıbdır.
Körpü də döyüşür çətində, darda,
Körpünü möhtəşəm qala sanırlar;
Hərbin qopardığı fırtınalarda
Körpülər birinci bombalanırlar.

Gülüşə müntəzir, addıma həsrət,
Körpülər dünyada məgər azmıdır?
Körpüsü yurdsevər adama həsrət,
İkiyə bölünən şəhər azmıdır?

Körpü salamlasın min-min insanı,
Mərmər sinəsini yosunsuz görüm;
Körpünün bəzəyi taxıl karvanı,
Körpünü həmişə qoşunsuz görüm!


UZAQDA GÖRÜNƏN TƏK İŞIQ

Sübhətək ətrafa nur yayır,
İçir şüasını çöl-bayır;
Ümid çırağıtək parlayır
Uzaqda görünən tək işıq.

Sağ-dağın ətəyi, sol-aran.
Duyğumu, gücümü artıran,
Günəşə borcunu qaytaran -
Uzaqda görünən tək işıq?

Əlacmı gecəlik həsrətə,
Rəvacmı vüsala, qismətə,
Möhtacmı səmimi rüsxətə
Uzaqda görünən tək işıq?

Xəyalım narahat gəmidir,
Ürəyim sıxılmış mərmidir:
"Sonuncu mogikan" kimidir
Uzaqda görünən tək işıq.

Ovcumda gəzdirib közü mən,
Üzə şax deyənəm sözü mən.
Ay ellər, özüməm, özüməm,
Uzaqda görünən tək işıq!


AHILLIQ YAŞIM

Oqtayam-atamın, anamın ilki,
Bu saat ərköyün uşağam sanki;
Bu saat o qədər ucalıram ki,
Buluda dəyirəm, ahıllıq yaşım!

"Haqq itməz" kəlamı gəzir ölkədə,
Qalmaz saldığım iz heç vaxt kölgədə.
Yanıqlı ah çəkib hərdən bəlkə də
Xətrinə dəyirəm, ahıllıq yaşım?

Ömür-gün adlanan bağda barım var,
Düzdə bərəkətim, dağda qarım var;
Hələ də həsrətim, qayğılarım var,
Bəxtəvər deyiləm, ahıllıq yaşım!

Xain-dişlərindən qan dama-dama,
Divə arxalanır, yanır yer, səmag
Əzabkeş, mübariz, müdrik xalqıma
Zəfər diləyirəm, ahıllıq yaşım!

Qalib gələcəyik vuruşsaq da tək,
Yağı yuvasına yanğıni düşəcək!
Vallah Azərbaycan bütövləşəcək,
İnamla deyirəm, ahıllıq yaşım!

Ordubad, Şamaxı, Astara, Xaldan...g
Söz tacım töhfədir neçə mahaldan.
Məni sabahlara səsləyən yoldan
"Sağ ol!" söyləyirəm, ahıllıq yaşım!