adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Oktyabr 2014 01:56
4928
GÜNDƏM
A- A+

HƏFTƏNİN SORĞUSU

İndi media yaşadığımız bugünkü həyatın demək olar ki, bütün sahələrindən, baş verən hər bir hadisədən cəmiyyəti xəbərdar etməyi bacarır. Hətta onun sayəsində ölkəmizdən kənardakı olayları belə öyrənmək imkanlarına malikik. Əlbəttə, bu hamının təqdir etdiyi bir prosesdir. Kim ətrafda, ümumiyyətlə, dünyada baş verənləri, başqa insanların fəaliyyətlərini bilmək istəməz ki? Amma...
Amma etiraf edək ki, bu məlumatlar, hadisələr, adamlar sırasında daha çox tanınmış şəxslər, daha səs-küylü olaylar, daha kəskin xarakterli hadisələr insanlara təqdim olunur. Sıradan olan adamların gündəlik qayğıları, məişət problemləri, hansı dərdlərlə günlərini keçirdikləri nisbətən arxa planda yer alır. Ona görə də biz "Həftənin sorğusu"nda tamam əksinə hərəkət edərək ən adi vətəndaşlarımıza üç sual ünvanlayır, onların cavablarını olduğu kimi dərc edirik. Qoy cəmiyyət eksklüziv də olsa öz qayğılarını bir də qəzetdən oxusun. Bəlkə bu, işin xeyirinə oldu...

VERDİYİMİZ SUALLAR:

- 1-ci sual: Məhərrəmlik başlayıb. Hər dəfə olduğu kimi bu il də Aşura günündə kütləvi qanvermə aksiyaları keçiriləcək. Siz bu aksiyalara qoşulacaqsınızmı?
- 2-ci sual: Sonuncu dəfə bədii kitab nə vaxt oxumusunuz?
- 3-cü sual: Valideynlərinizin sözündən tez-tez çıxmısınız?

1. - Taryel: (buldozerçi) Məhərrəmlik vaxtı məscidlərə gedirəm. Nəzir-zadda verirəm. Amma düzünü deyim ki, hələ qanvermədə iştirak eləməmişəm. İnşallah mən də bu işə qoşularam. Bilirəm ki, belə əməllər insan üçün savabdı.
2. - Allah sizə kömək olsun, nə bədii kitab? Heç kitabın bədii olmayanını oxuduq ki, qalsın bədiisi? Yox, ömrümdə bədii kitab oxumamışam. (təəssüflə başını bulayır) Orta məktəbi də yaxşı oxumadım. Onda həyatı qanmırdım. Elə bilirdim ki, hər şey özü-özbaşına düzələcək. Axırıda ki, belə. Vaxtıyla mənimlə eyni sinifdə oxuyan elə uşaqlar vardı ki, vallah indi yüksək vəzifədə işləyirlər... Oxumaq çox yaxşı şeydi. Gərək bunu vaxtında başa düşəydik.
3. - (gülür) Valideynlərimin hər sözünə baxsaydım indi niyə bu gündə olurdum ki? Hansı ki, bizim gələcəyimiz üçün idi, o sözləri qulaqardına vurardıq. Danlanmağın, döyülməyin də xeyiri olmurdu. İndi peşimançılığını çəkirəm.

1. - Əkrəm: (ekspeditel) Özünü öymək kimi olmasın, iki ildi Aşura günlərində gedib qan verirəm. İnşallah bu dəfə də gedib verəcəyəm. Mənim qanımın kimlərəsə kömək edəcəyini bilirəm, bu da mənə bəsdi. Əslində hər kəs heç olmasa ildə bircə dəfə gedib bunu eləməlidir. Axı, bir çoxlarının başqalarının verdiyi o qana ehtiyacları var. Həyatları ondan asılıdır.
2. - Yox, oxuduğum kitabın vaxtını dəqiq deyə bilməyəcəyəm. Amma inandırım ki, sizi əvvəlki zamanlarda əlimə düşən kitabı oxuyurdum. Amma sonralar vəziyyət dəyişdi. İndi elə zaman gəlib ki, buna nə vaxt tapmaq olur, nə də həvəs.
3. - Uşaqlıq çağlarında, gənclik dövründə belə hallarım olub. O da elə-belə sadə işlərlə bağlı. Amma ciddi məsələ ilə əlaqədar onların heç bir sözündən çıxmamışam.

1. - Dilarə: (dövlət müəssisəsində laboratoriya işçisi) Xeyr, qan vermədə iştirak eləməmişəm. (gülür) İynədən çox qorxuram. Özümdən asılı deyil.
2. - Mən bədii ədəbiyyat həvəskarıyam. Bir neçə ay əvvəl Çingiz Abdullayevin bir əsərini oxumuşam. Onun romanlarından xoşum gəlir... Hələ əvvəlki illərlə müqayisə etsəm indi oxumağı çox azaltmışam. İş-güc artıb, vaxt olmur. Amma əvvəlki dövrlərdə demək olar ki, hər ay bir əsər qurtarardım.
3. - Olur, amma çox az-az hallarda. O da adi işlərlə bağlı olur.

1. - Səbuhi: (çörək sexinin işçisi) Bir neçə il əvvəl vermişəm. İmkan olsa bu dəfə də gedib qan verəcəyəm.
2. - Sözün düzü, kitab oxumaqla heç aram olmayıb. Heç indi də yoxdu. Öz aramızdı, olsaydı indi buralarda küllənməzdik ki. O vaxtlar ağlımız olmadı. Elə bilirdik ki, axıracan kefimiz istəyəni eləyəcəyik. Amma başımız əhləd daşına dəyəndə ayıldıq. Onda da "uje" gec idi. İnsan cavan olanda elə bilir ki, heç nə eləmədən hər şey onun qabağına hazır gələcək... Keşkə biz də başqaları kimi oxuyub bir yerə çıxaydıq...
3. - Sözlərindən çıxdığım vaxtlar da olub, çıxmadığım vaxtlar da. Amma bilin ki, heç vaxt onlara iynənin ucu boyda da olsa hörmətsizlik eləməmişəm.

1. - Sənubər: (ATS -də operator) Xeyr, qan verməmişəmg
2. - Orta məktəb illərində oxuyardım. Xoşum gələrdi bədii kitab oxumaqdan. Amma sonra iş-güc artdı, ailə qurdum, mümkün olmadı.
3. - Xeyr, çıxmamışam. (məchul nöqtəyə baxır) Mənim atam tez rəhmətə gedib, bizi anam təkbaşına böyüdüb. Görmüşəm ki, ona nə qədər çətindi. Ona görə də nə deyibsə, nə tapşırıbsa hamısını eləmişəm. Qıymamışam ki, mənə görə hirslənsin...g

1. - Süleyman: (iş yerini söyləmədi) Mən mütləq gedib qan verəcəyəm. Əgər səhv eləmirəmsə 4-də olacaq. Özü də bu birinci dəfə döyül. Mən hər il gedib qan verirəm. Və belə hesab eləyirəm ki, Aşura günündə bunu təşkil edənlər çox doğru iş tuturlar.
Bəzilərinin gedib məscidlərdə başlarını yarmaqdansa, normal halda qanını verib kiməsə kömək göstərməsi daha yaxşıdı. O qədər qana ehtiyacı olan xəstə adamlar var ey. Bu savaba da yazılır.
2. - Kitab-mitab söhbəti mənlik döyül. Nə bədiisi, nə də o birisi... İşim-gücüm başımdan aşır.
3. - Həmişə valideynlərimin qulluğunda hazıram. (gülür) Amma sözlərindən çıxdığım da olur. O da elə-belə adi işlərdə...

BABƏK YUSİFOĞLU