adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"HƏMİŞƏ HAZIR!"

ƏBÜLFƏT MƏDƏTOĞLU
18465 | 2014-10-31 01:55
Yazının başına çıxardığım sözü müxtəlif istiqamətlərə yazmaq olar. Amma istəsəm də, istəməsəm də onun ən böyük anlamı, yəni, hər şeyi toplum şəkildə ifadə etməsi sovet dövründə elə tapılıb, elə təqdim olunmuşdu ki, o özü-özünü bütünlüklə sərgiləyirdi. Zarafat deyildi, söhbət o boyda sovet hökumətinin banisi olan Lenindən gedirdi. Daha doğrusu, məktəblilər, xüsusilə pionerlər hər bir tədbirdə bir növ hərbi salam verib uca səslə:
- Həmişə hazır! - deyirdi.
Bəli, onda doğrudan da bütün ölkə və onun bütün təmsilçiləri birmənalı olaraq həmişə hazır olurdular. İməciliklərə də, pambıq toplamağa da, üzüm yığmağa da, hətta digər təsərrüfat işlərinə də. İndi özünüz təsəvvür edin də, Bakıda əyani təhsil alan tələbə dərsin şirin yerində kitab-dəftərini tullayıb bir tərəfə minirdi avtobuslara və üz tuturdu pambıqçılıq təsərrüfatları olan rayonlara - Kürdəmirə. Yevlağa, Sabiribada, Saatlıya, İmişliyə, Bərdəyə, Ağdama Ağcabədiyə, Beyləqana və s. Heç kim də etiraz etmirdi. Əksinə, bu üsulla tələbələri müəyyən qədər əməyə alışdırır, zəhmət adamına yaxınlaşdırır və nəhayət hamının bir məqsədə xidmət etdiyini, proletar olduğunu rahatca xatırladırdılar. Həmin o pambıq, üzüm toplantısında qazanılan pullar qəpik-quruş olsa da, amma müəyyən bir məsələdə adamın əlindən tuturdu. Təbii ki, bütün bunlar indi müəyyən söz-söhbətlərə, müzakirələrə yol aça bilən bir xatirədərdir. Amma mən bu yazıda xatirədən yox, gerçək bir məqamdan danışmaq istəyirəm. Elə bir gerçək məqamdan ki, onu biz tez-tez eşidir, tez-tez duyuruq.
Qarabağ probleminin çözümü ilə məşğul olan ən böyük qurum ATƏT-in Minsk Qrupudu. Həmin qurumun üç həmsədrindən biri də Rusiyadır. Bu həmin Rusiyadır ki, o, bilavasitə keçmiş SSRİ-nin varisidir və bu gün də Rusiyada müəyyən qüvvələr həmin istinad nöqtəsinə söykənib SSRİ-ni bərpa etmək iddiasına düşüblər. Təbii ki, bu, çətin bir prosesdir. Amma bu prosesin hazırlanması, onun mexanizmlərinin işə salınması və s. cəmiyyət də ironik təbəssüm də yaradır. Mən məhz həmin o SSRİ-ni yaratmaq iddiasına düşən Rusiyanın hazırlıq səviyyəsindən, yəni bu ölkənin öz maraqlarına xidmət edən məqamlar üçün yüksək hazırlıq nümayiş etdirməsindən sözün müəyyən mənasında həmişə narahat olmuşam. Bu da səbəbsiz deyil.
Bu gün Qarabağ probleminin hardan qaynaqlandığını, hansı çubuğun, barmağın hesabına ildən-ilə ötürüldüyünü və ümumiyyətlə, onun dondurulmuş bir duruma salmaq istəyini hər kəs yaxşı bilir. Təkcə Kreml sözü Qarabağ problemi ilə bağlı minlərlə sualın sükutla qarşılanan cavabıdır. Heç də təsadüfi deyil ki, sıravi Azərbaycan vətəndaşları bu problemin açarının Kremldə olduğunu artıq özü üçün müəyyənləşdirib. Qəti şəkildə bilir ki, Rusiyanın yaratdığı problem və onun açarı elə Rusiyanın özündədir.
Bax, bu mənada Qarabağ problemi ilə bağlı istənilən görüşdə, istənilən sorğuda və hətta rəsmi bəyanatlarda Rusiya birmənalı olaraq vurğulayır ki, "biz münaqişənin nizama salınması üçün tərəflərə kömək göstərməyə hazırıq!" İndi gördünüz ki, öz hazırlığını xüsusi vurğulayan Rusiya yaratdığı problemin də həll edilməsi üçün həmişə hazırdır. Ona görə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov birmənalı olaraq vurğulayır ki, "ümid edirik ki, yaxın vaxtlarda iki ölkə rəhbərliyi arasında düzgün əlaqələr qurulacaq".
Bəli, həmişə hazır olan Rusiya problemin ömrünün uzadılmasında da, onun ildən ilə keçirilməsində, gərəkli addımların atılmasında da, hətta Ermənistanı barmağında fırladıb danışıqlardan yayındırmaqda da heç vaxt gecikmir. Əksinə, onların həmişə hazır olması ermənilərin bütün havalara oynamasına bir növ təkan və təsəllidi. Bunu Rusiya da yaxşı bilir, ermənilər də, elə bu "işbirliyinə" havadarlıq edənlər də.
Bu gün artıq 25 yaşını geridə qoymuş Dağlıq Qarabağ problemi keçdiyi bütün yollarda, qarşılaşdığı bütün durumlarda Rusiyanın həmişə hazır olmasının can ağrısını yaşayır. Yəni onların göstərdiyi o yalançı doğmalıq və saxta ağsaqqallıq özü-özlüyündə Kremlin istəyini pərdələmək üçündür. Amma indi heç nəyi heç kimdən gizləmək mümkün deyil. Çünki dünyanın durumu sözün bütün mənalarında masa üzərindədir. Bunu görməmək mümkün deyil.
Rusiya nə qədər pionerlərin "Həmişə hazır!" şüarını təkrarlasa da, o səs yavaş-yavaş öz kəsərini itirir. Görünür, bu da heç də təsadüfi deyil. Axı ömrü qırx gün olan oğurluq və ... nəyin üstü bağlı qala bilməz. Necə ki, Rusiyanın həmişə hazırlığı ortada çapalayır.

TƏQVİM / ARXİV