Amerika dolları ucuzlazdıqca...

ETİBAR CƏBRAYILOĞLU
45259 | 2007-12-01 06:36
Amerika artıq ağ eləməyə başlayıb. Səbrimi yavaş-yavaş daşırır. Axır əlimdən xata çıxacaq.
   
   Dostumuz Əbülfət Mədətoğlu ötən yazılarının birində hamıya tanış mənzərəyə toxunmuşdu. Başında dərman üçün bircə dənə də tük olmayan alim televiziya ekranına çıxıb xalqa saçın qorunması haqqında məsləhət verir. 50-dən çox ştatı özündə birləşdirən Amerika mənim gözümdə həmin həkim kimi bir şeydir. Əlin belə yağlıdırsa...
   
   Okeanın o tayında olmasına baxmayaraq, yetənə-yetir, yetməyənə bir... bomba atır. Bütün dünyaya məsləhət verməkdən usanmır. Amerikalılar hər şeyə müdaxilə etməyi özlərinə peşə seçməyə başlayıblar. Amma özlərinə bir ad da tapa bilmirlər. Ata Buşla oğul Buşun ikisinə bir ad və soy adları var- Corc Buş.
   
   Dövlətin gücünü göstərən şeylərdən biri də onun pulu-parasıdı. Son vaxtlar pulları da sürətlə ucuzlaşır. Dolları indi heç... pul yerinə qoymurlar. Dünən səhər balaları məktəbə yola salanda istədim ki, özümü pullu göstərəm. Hərəsinə 5 ABŞ dolları uzatdım ki, fasilədə nəsə alıb qonum-qonşunun uşaqlarına yanıq versinlər. Uşaqlar dolların heç üzünə də baxmadılar. Üstümə elə qışqırdılar ki, Çingiz Məmmədov piket keçirən QAT fəallarına belə bərk qışqırmamışdı. Dedilər ki, 5 ABŞ dollarındansa 1 avro versən daha urvatlı olar. Mən də Buş deyiləm ki, Səddamın xətrinə dəyim, avronu verdim getdilər. Qoy bəzi ağzıgöyçəklər deməsinlər ki, filankəsin uşaqlarına baxın, utanmırlar, ciblərində ABŞ dolları gəzdirirlər.
   
   Hansı telekanalı açırsan, aparıcı ABŞ-dan bəd xəbər verir. Hər gün oralarda daşqın olur, sel gəlib nə qədər Saranı aparır. Ştatların çoxunda yanğın aləmi tüstüyə basır. Ağzından mayonez iyi gələn məktəbli tapançanı götürüb sinifə girir, müəlliməsini də, onun ərini də və oynaşı olan məktəb direktorunu da gülləbaran edir. Amerika daşqın və yanğından sonra yaranan zibilləri yığışdırmaq əvəzinə İraqa demokratiya dərsi keçir. Başqa işlərindən də yazaram, sadəcə, siyasətin dərinliklərinə getmək istəmirəm. Onsuz da siyasətin adı pis çıxıb, Dubaydan 12 dəfə deportasiya ediləni də dindirirsən, deyir ki, mən siyasətə qarışmıram, çünki siyasət çirkin işdir.
   
   Götürək elə ABŞ-ın şou- biznesini. Bir müğənniləri var, Maykl Cekson, əvvəllər az qalırdılar onu adamın gözünə soxsunlar. İndi Maykl bütün dünyanın gözü qarşısında çürüyə-çürüyə gedir. Toya, nişan məclisinə ayaq basmağa heyi də qalmayıb. Amma bizim Elariz Məmmədoğlunun səsi gur-gur guruldayır, göz dəyməsin, saçından yağ damır. Ceksondan fərqli olaraq, Elariz toyxanalardan çıxmır, imkan tapanda Fransaya da baş çəkib Eyfel qulləsinin yanında ciyər kababı yeyir.
   
   Amerikadakı müğənni qadınlar barədə nəsə öyrənməyə peşmansan. Hər ikisindən üçü beş-altı dəfə ərə gedib.
   
   Bizdə belə hal varmı? Sponsoru inciməsə idi götürərdik Ruhini. Gecə saat 4-də yuxudan oyatsan deyəcək ki, mənim bir sevgilim var, yalnız onu sevirəm, vəssalam.
   
   Bütün bunları görə-görə Amerika abrına qısılıb farağat oturmur, uçana-qaçana aman vermir. Dünyanın harasında divara bir mismar vurmağa peşman olursan, gəlib papağını asır.

TƏQVİM / ARXİV