adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Oktyabr 2014 15:17
4570
ƏDƏBİYYAT
A- A+

Xalq yazıçısı Mirzə İbrahimov anıldı

N.Nərimanovun ev-muzeyində görkəmli yazıçı, dramaturq, ictimai xadim, Xalq Yazıçısı Mirzə İbrahimovun xatirəsi anılıb. Muzeyin direktoru Kamilə Hüseynova M.İbrahimovun yaradıcılığından söhbət açıb. O, Azərbaycan dramaturgiyasında ilk dəfə Nəriman Nərimanovun bədii obrazını da məhz Mirzə İbrahimovun yaratdığını xatırladıb.
 K.Hüseynova bildirib ki, zəmanəsinin tanınmış yazıçılarından biri olan Mirzə İbrahimov ədəbi yaradıcılığa 1930-cu ildə dərc etdirdiyi "Qazılan buruq” şeiri ilə başlayıb. Onun "Gələcək gün” romanı, "Fırtına quşu” və "Güləbətin” povestləri, "Cənub hekayələri” silsiləsi müəllifini tez bir zamanda tanıdıb.
M.İbrahimovun "Pərvanə” roman-epopeyası XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan həyatına, N.Nərimanovun inqilabi fəaliyyətinə həsr olunub. "Böyük dayaq” romanı xalqın mənəviyyatını, həyat tərzini, əxlaqını, dünyagörüşünü mükəmməl əks etdirən bədii əsərdir ki, onun əsasında film çəkilib. Yazıçının ədəbiyyat tarixinə, bədii yaradıcılığın nəzəri problemlərinə, ədəbi əlaqələrə dair məqalələri, publisistik əsərləri, o cümlədən C.Məmmədquluzadəyə həsr edilmiş "Böyük demokrat” monoqrafiyası müəllifinə bir alim kimi də böyük şöhrət gətirib.
Vurğulanıb ki, sağlığında və ölümündən sonra çoxcildlikləri nəşr edilən böyük yazıçının əziz xatirəsi heç zaman yaddaşlardan silinməyəcəkdir.