adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

BiZƏ QALSA...

VƏSİLƏ USUBOVA
24678 | 2007-12-01 06:36
Hərdənbir qeyd dəftərçəmi vərəqləyib yaddaşımı təzələməyə adət eləmişəm. Hələ desəniz bu işdən (əgər buna iş demək olarsa) zövq də alıram. Hətta söhbətləşdiyim adi adamların belə ağlıma batan sözlərini, cümlələrini qeyd eləyirəm. Bu adamların elə maraqlı fikirləri olur ki,heç illərdən bəri oxuduğun ədəbiyyatlarda belə sərt, real həqiqətlərlə qarşılaşmırsan. Desəm ki, bu dəftərçədə bazarda süpürgəçi işləyən, hərdənbir qəfil təşrifləriynən bizi feyziyab edən yaşlı, bir qədər də yaddaşını itirən qadının da sözləri var, bəlkə də inanmazsınız. Yəqin mən də o qadının gününə düşməməkdən ötrü özümə "yaddaş dəftəri" tuturam.
   
   Dəftərimdə çox ağıllı adamların deyimləri var. Həm də bunların hamısı filosofanə, müdrik kəlamlar da deyil. Şəxsi təcrübəsi əsasında yaşam tərzini bizlərə təlqin edən adamların fikirləri çox önəmlidi məndən ötrü. Qəzetlərin birində Vilhelm Rayçın "Dinlə, balaca adam" kitabı haqqında oxumuşdum. Və o kitabdan gətirilən sitatı da "can dəftəri"mə yazmışam: " Əgər şansın sayəsində bir yerə gəlmisənsə,istismar işində səni istismar edəndən irəli getmə!Ziyafət paltarlarını və papağını çıxarıb at! Başqalarından icazə almadan sevdiyin qadına sarıl! Digər ölkələrdəki insanları görməyə get, çünki onlar da sənin kimi yaşayırlar, onların da sənin kimi yaxşı və pis tərəfləri var. Qoy uşaqların, Allah necə yaradıbsa, elə də böyüsünlər. Təbiətdən daha yaxşısını yaratmağa çalışma. Daha çox anlamağa, daha çox qorumağa çalış! Boksa baxmağa, əyləncə mərkəzinə əylənməyə getmək əvəzinə kitabxanalara üz tut! Doğru düşün! İçindəki səsi dinlə!

TƏQVİM / ARXİV