adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Oktyabr 2014 13:37
4515
SAĞLAMLIQ
A- A+

Orqan transplantasiyasının ən öndə gedəni

Bu gün tarixə insan üzərində ilk böyrək transplantasiyası kimi düşüb. 1960-cı il, oktyabrın 30-da Londonda bu cərrahi əməliyyat uğurla həyata keçirilib. İnsanlar üzərində təcrübədən əvvəl isə 1902-ci ildə avstriyalı alim E.Ulman tərəfindən itlər üzərində böyrək köçürülməsi əməliyyatları aparılıb. Ancaq heyvanlar üzərində əldə olunan nəticələr insanlarda eyni effekti verməyib.  İlk dövrlərdə böyrək köçürülən xəstələrin demək olar ki, hamısı az yaşayıb.

Azərbaycanda isə bir insanın böyrəyinin başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Sonradan bu nailiyyətə görə, o, 1974-cü ildə SSRİ dövlət mükafatına layiq görülüb. Mərhum akademikin rəhbərliyi ilə 1983-cü ilə kimi Azərbaycanda 30-a yaxın böyrəkköçürmə əməliyyatı aparılıb.

Bu sahədə ənənələrin bərpası yalnız müstəqillikdən sonrakı dövrdə müşahidə olunub. Müstəqil Azərbaycanın tarixində bir insanın orqanının başqa bir şəxsə köçürülməsi əməliyyatı 2005-ci ildə akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasında iranlı həkimlərin rəhbərliyi ilə keçirilib.

Hazırda nəinki Bakıda, regionlardakı xəstəxanalarda da bu cür əməliyyatlar həyata keçirilir. 

Qeyd edək ki, dünyada hər 100 adamdan biri böyrək xəstəsidir. Bu hesabla dünyada 20 milyona yaxın insan böyrək xəstəliyindən əziyyət çəkir və 20 milyon insan da risk altındadır. Maraqlıdır ki, bəzi xəstələrin bundan heç xəbərləri də olmur. Səbəb böyrək xəstəlikləri çox gizli keçməsindədir. Dünyada orqan transplantasiyasında böyrək köçürmələri üstünlük təşkil edir. 

Son 10 ildə Azərbaycanın tibb müəssisələrində böyrəkköçürmə əməliyyatları uğurla aparılır. Bu səbəbdən ölkəmizdə böyrəkköçürmə əməliyyatlarının sayı artıb. Təkcə 2013-cü ildə respublikada 60, o cümlədən dövlət xəstəxanalarında 57 belə əməliyyat icra olunub.

Orqan köçürülməsinin İslam dinində günah olub-olmaması haqqında indiyədək müxtəlif mübahisəli fikirlər səsləndirilib. Bəzi ilahiyyatçılar bunun İslamda günah olduğunu, ölən adamın bütün orqanları ilə basdırılmalı olduğunu desələr də, əksər din alimləri İslam dininin buna qarşı olmadığını diqqətə çatdırırlar. Quranın bir surəsində də qeyd olunur ki, bir insana həyat bəxş etmək, bütün insanlığa həyat bəxş etmək qədər savabdır. Bundan belə qənaətə gəlmək olar ki, İslam dini də orqan transplantasiyasına icazə verir. 1988-ci ildə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Ölkələri Konfransının toplantısında da meyitdən və canlıdan orqan transplantasiyasına icazə verilib.