adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Oktyabr 2014 13:03
3573
SİYASƏT
A- A+

“Arif Hacılı münasibətləri daha da kəskinləşdirən addımlar atılıb”

Müsavat Partiyası Məclisinin üzvü Vurğun Əyyub, partiya başqanlığına sabiq namizədlər Qubad İbadoğlu və Tural Abbaslı arasında görüş keçirilib.

Adalet.az xəbər verir ki, Tural Abbaslı Apa-ya açıqlamasında deyib ki, görüşdə partiya daxilindəki vəziyyət, istefalar, narazılıqlar və atılacaq addımlar müzakirə olunub. O bildirib ki, ilkin müzakirələrdə ümumi prinsiplər əsasında razılıq əldə olunub: "Heç bir halda partiyadan ayrılmamaq şərti ilə, Nizamnamə çərçivəsində birgə fəaliyyət platformasını aydınlaşdırdıq”.

T. Abbaslı qeyd edib ki, hazırda Müsavatda başqan Arif Hacılı tərəfdarlarının üstünlük təşkil etdiyi idarəetmə institutları formalaşıb və bu da partiyadaxili demokratiyaya uyğun deyil. O, alternativ fikir platformasına, yeni bir fraksiyaya ehtiyac olduğunu söyləyib: "Əks fikir demək üçün uyğun şərait olmalıdır. Çünki bütün postlarda bir şəxsin tərəfdarlarının təmsil olunduğu yerdə partiyadaxili demokratiya təhlükə altına düşür. Nəzərə alsaq ki, başqan çox cüzi fərqlə seçilib, onda bu amillər nəzərə alınmalı və barışdırıcı bir siyasət yürüdülməli idi. Amma təəssüflər olsun ki, son bir ayda Arif Hacılı tərəfindən münasibətləri daha da kəskinləşdirən addımlar atılıb və bu, davam edir. İllərini Müsavata həsr etmiş insanlar üçün bu vəziyyət xoş deyil. Biz bu vəziyyətdən narahatlıq keçirdiyimiz üçün belə bir fraksiyaya ehtiyac duyduq. Partiya daxilində bu cür birliyin yaradılması Müsavatın inkişafına yol açacaq”.

T. Abbaslı yaradılacaq birliyin Nizamnaməyə zidd olduğu barədə deyilən fikirlərə də münasibət bildirib: "Biz bu məsələni dünən də partiyada müzakirə etdik. Düzdür, Nizamnamədə fraksiya sözü işlənməyib. Ancaq əsas odur ki, bu tip birliklərə də qadağa qoyulmayıb. Ona görə də heç bir Nizamnamə pozuntusu yoxdur. Müsavatçıların bir araya gəlmək hüququ var. Bunun adını qərəzli şəkildə yozmaq, bölücülüklə əlaqələndirmək düzgün deyil. Bu məsələ ilə bağlı biz keçmiş başqan İsa Qəmbərlə də müzakirə aparmışıq”.