BİR TOPA İŞIQ - ADAM

ƏBÜLFƏT MƏDƏTOĞLU
66351 | 2014-10-30 01:15
Mən onu belə görürəm

"İçimdə olan adamlar" silsiləsindən

Barəsində eşitmişdim. Dostlar söyləmişdilər ki, başdan-ayağa yumor yüklü səmimi bir insandı. Hər sözünün arxasında neçə-neçə məna durur. Hətta baxışları da müxtəlif mənalar ifadə edir. Əgər həmsöhbətinə diqqətlə baxırsa, deməli, onun ürəyini oxumağa başlayıb. Dili ilə ürəyinin arasındakı kəsişmələri, paralelləri və hətta uyğunsuzluqları özü üçün müəyyənləşdirir... Yox, əgər həmsöhbətinə ilıq bir təbəssümlə nəzər yetirirsə, deməli, danışanın sadə dildə desəm, uyğunsuzluğu, özünü dondan-dona salması onu daxilən güldürür. Və bəlkə də içində bu adama ayırdığı vaxt üçün təəssüf edir. Amma etika xatirinə, əxlaq naminə dinləyir onu...g
Mən bütün bunları dostlardan eşitmişdim. Sonra həyat elə gətirdi ki, onunla bir süfrə arxasında əyləşdik. Moskvadan gəlmiş bir eloğlumuza, yəni Natiq Ağamirova məclis qurmuşdular. Səhv etmirəmsə, Xan bağında. Mən də həmin məclisdə Aqil Abbasın təşəbbüsü ilə iştirak edirdim. Onda 1992-ci ilin payızı idi. Düz 22 il bundan öncə bir payız günü. Məclisdəkilərin hamısı bir-birinə dost, doğma olduqlarından necə deyərlər, ::::kənardan gəlmiş:::: qonaq kimi məni onlara təqdim etdilər. Təbii ki, Aqil Abbasın təqdimatı ilə...
Mənimlə üzbəüz oturmuş və qiyabi tanıdığım həmin şəxs bircə kəlmə dedi:

- Oxuyuram Əbülfəti, yazılarından tanıyıram...g
Mən təşəkkür edib gözaltı Aqil Abbasa baxdım. O da dərhal:
- Bizim Şahin müəllimlə tanış deyilsən? - deyə soruşdu.
Hə, artıq tanıdım. Adını eşitdiym igidin üzünü də gördüm. Beləcə, başladı tanışlıq. Bir süfrə arxasında başlanan tanışlığın yolu uzandıqca onun yaddaşa köçən anları artdı, boy verdi, çoxaldı...g
Həyat elə gətirdi ki, mən bir qələm adamı kimi onunla dəfələrlə həmsöhbət oldum... müsahibələr yazdım... məşhurların həyatından bəhs edən silsilələrdə onu da narahat etdim, üstəlik, ölkə həyatında baş verən müxtəlif məqamlara onun münasibətini də öyrənib oxucuya təqdim etmək imkanım oldu. Bütün bunlar bir yazı adamı kimi mənim işim-gücüm olsa da, amma etiraf edim ki, bütün həmsöhbətlər və bütün yazılar yadda qalmır və yaxud da istədiyin kimi alınmır. Amma mənim sözün tam səmimi mənasında bəxtim onda gətirib ki, ürəyimə naxış salan tək-tək adamları elə ürəyimlə birlikdə həmişə gəzdirirəm, yaşadıram, həmsöhbət oluram. Bax, Şahin müəllimlə də həmin o təmaslar mənim ürəyimdə olan adamların birini də artırdı. Bir yerdə onun üçün müəyyənləşdi və mənə bəlli oldu ki, bir topa işıq kimi gördüyüm, dəyərləndirdiyim, hörmət etdiyim bir adam ürəyimin işığını artırır...g
İllər ötdü, həyatın bütün sevincləri və kədərləri ötən illərin dəyirmanında üyündükcə üyündü unu, kəpəyi, yarması öz səmtinə yönəldi. Bu işləyən dəyirmanın daşları arasında mənim də günlərim, aylarım çeşidləndi. Hər səhifəsi bir qığılcım, bir ştrix, bir ürək çırpıntısı olan həmin o günlərin yaddaşıma, ürəyimə hopan silsiləsi o qədər rəngarəng oldu ki, mən bu rənglər bolluğunda onu ancaq süd kimi ağappaq gördüm. Yəni bütünlüklə işıq. Elə bir işıq ki, onun üçün həsəd çəkməyə, onun üçün vuruşmağa, onun üçün təlaş keçirməyə ayrılan ömrə xərclənən zamanı təəssüf etməyə iynə ucu boyda da yer yoxdu...g
Bir məqamı xatırlamaq istəyirəm. Çox böyük şairimiz, başdan ayağa böyük hərflərlə yazılan, nur kimi parlaq, dağ kimi əzəmətli bir kişi... Mənim düşüncəmə, inamıma görə, bütövlüyün, sadəliyin həyatda gördüyüm yetkin obrazı olan Şahmar Əkbərzadə dünyasını dəyişəndə mən Şahin müəllimi ikinci dəfə kəşf etdim. Onun necə içdən gələn ağrı və istəklə bu mərasimə dəstək verdiyini, necə bir itkini yaşadığımızı baxışlarından, dilinə gətirdiyi sözlərdən eşitdikcə, izlədikcə heyrətlənirdim. Mən onun Şahmar Əkbərzadə itkisinə bu özünəməxsus yanaşmasını uzun müddət ürəyimdə çal-çövür etdim... fikrimdə dolandırdım və nəhayət, anladım ki, bu təkcə Şahmar Əkbərzadə şəxsiyyətinə, onun əsl kişi obrazına sevgi, diqqət deyildi. Bu həm də onun sözünə, büllur poeziyasına oxucu vurğunluğu idi...g
Daha bir məqam. Onu da mərhum jurnalist dostumuz Pərviz Əliyev dünyasını dəyişəndə müşahidə etdim. Gördüm ki, Şahin müəllim bir qəzetçinin Ağdam, ağdamlılar üçün həmişə canıyananlıq nümayiş etdirən, xeyirdə-şərdə haya çatan Pərviz üçün də təəssüflənir, onun da vaxtsız itkisinə acıyır. Və iki məqam başqa bir çalarda da böyük xanəndəmiz Arif Babayevin yubileyində də özünü büruzə verdi. Hətta mənim üçün son dərəcə əvəzsiz sənətkar olan xalq artisti Mənsum İbrahimov mükafatlandırılanda onun da necə sevindiyini izlədim. Bax, bütün bunlar mənim ürəyimdə bir topa işıq - ADAM olan Şahin Rüstəmovu az qala ilahiləşdirdi. Yəni o, həqiqi mənada ətrafa, xüsusilə əməlində bir damla xeyirxahlıq, səmimiyyət, insanlıq, ən vacibi isə dürüstlük gördüyü hər kəsə o qədər cani dildən, könüldən işıq paylayır ki, diqqət ayırır ki, bunu hamıda görmək və bunu hamıdan ummaq mümkün deyil...
Şahin müəllimdə bir qəribə xüsusiyyət də var. Mən bəlkə də yanılıram, mən o xüsusiyyəti özüm üçün də müəyyənləşdirmişəm. Görüb hiss etmişəm ki, Şahin Rüstəmov onun səmimiyyətindən, onun diqqətindən istifadəni, yararlanmağı nə xoşlamır, nə də bağışlamır. Yəni o, hər şeyin həddini, sərhəddini gözlədiyi kimi, qarşısındakından da öz əhatə dairəsindən çıxmamağı umur, istəyir. Əks halda, həmin o əhatə dairəsini aşan, Şahin Rüstəmovun da dairəsindən çıxmış olur, özü də həmişəlik. Bu müşahidə onun böyük diqqəti nəticəsində mənim üçün müəyyənləşir. Görmüşəm, şahidi olmuşam ki, Şahin müəllim tanıdığı, bildiyi, münasibəti olan adamların hər bir uğuruna, hər bir müsbət addımına özünün fikrini bildirməyi gecikdirmir. Hətta bir neçə dəfə mənim də yazılarımla və yaxud mənim barəmdə olan yazılarla əlaqəli vaxtına qızırqanmadan telefon açıb ürək sözlərini söyləyib, uğurlar arzu edib.
Bax, bütün bunlar bir insan kimi, özü də bu gün qıtlığını çəkdiyimiz, ehtiyac duyduğumuz İNSAN kimi adamın ruhunu oxşayır, ömrünü uzadır. Hiss edirsən ki, yazmaq da, hansısa bir səmərəli iş görmək də nə qədər vacibdi, nə qədər gərəklidi. Çünki ona diqqət yetirilir. O diqqət də sənin üçün qol-qanaddı, yeni nəfəsdi. Və bu yeni nəfəsi sənə bir hüquqşünas kimi, bir dünyanın gedişatından, hadisələrin inkişafından mükəmməl baş açan bir adam kimi bağışlayan şəxsin bütöv obrazı onda daha da möhtəşəm, daha da əzəmətli olur. Axı, bu ürək hər adamda yoxdu... Axı, bu addımı hər adam atmır. Üstəlik də ədəbiyyatı bilən, sözü dəyərləndirən, sözün alt qatına işıq salmağı bacaran Şahin müəllim özünün o diqqəti ilə həm də sözü, ədəbiyyatı indiki urvatsızlıqdan çıxarıb urvata mindirir. Bilirsən ki, söz göyərir, söz yaşayır...
Söz demişkən, mən hələ yazıma başlayanda xatırlatmışdım ki, qiyabi tanıdığım Şahin müəllim dostların təqdimatı ilə yaddaşımda yumorlu bir insan kimi qeydə alınmışdı. Sonra həyat bizi yaxınlaşdıranda mən bunun dəfələrlə məclislərdə şahidi oldum və bir gün də onun həmin o yumorlarının yazılı nümunəsi ilə üz-üzə gəldim. Belə ki, ::::Gülüşün göy qurşağı:::: adlı əl boyda kitabını birnəfəsə, özü də az qala bir saata oxudum. Oxuduqca bütün əhvalatlar gözümün qarşısında canlandı, oxşar məqamlar yadıma düşdü, üstəlik rahatca, necə deyərlər, ürək dolusu gülə bildim. Çünki Şahin müəllimin bu kitabında o qədər dad, duz var idi ki. Bu gülüşdən yan keçməyə imkan vermədi. Məhz həmin anda bir daha ilk təqdimatı, yəni dostlarımın söylədiklərini xatırlayıb onunla məndən öncə tanış, dost olmuş adamların necə dəyərli anlar yaşadığına içimdə bir balaca qısqanclıq keçdi. Kaş mən də lap öncədən o tanışların, o yaxınların cərgəsində ola biləydim.
...Mənim qənaətimə görə, adamları kriteriyalara bölmək doğru deyil. Amma neyləyim ki, məndən çox-çox öncə qəbul olunmuş belə qanunlar, adətlər, vərdişlər var ki, mən də onlara əməl etməyə həm borcluyam, həm də məhkumam. Bu mənada Şahin Rüstəmov mənim üçün həm el-oba adamıdı, həm torpaq adamıdı, həm də Azərbaycan adamıdı. Çünki o, bir topa işıq ADAM-dı! Və o bir topa işıq ADAM mənim ürəyimdə işığını hər gün artırır. Allah o işığı qorusun! Allah o işıq ADAM-dan öz işıq payını əsirgəməsin!



TƏQVİM / ARXİV