BİR ANA VAR İDİ...

VAQİF YUSİFLİ
49983 | 2014-10-30 02:14
Azərbaycan ədəbiyyatında, xüsusilə, poeziyamızda Analar haqqında yazılan əsərlər - saysız-hesabsız şeirlər, poemalar, nəsr əsərləri əbədi bir mövzuya çevrilib. Və indinin özündə də bu mövzu yazarlar üçün həmişə təzə söz deməyə, analara məhəbbəti daha parlaq şəkildə ifadə etməyə imkan verir. ::::Cənnət anaların qucağındadır:::: - bu kəlam əbəs yerə deyilməyib.
Azərbaycan anaları bütün Şərq aləmində - bütün dünyada öz məxsusi obrazı ilə seçilib. Vəfalı, övlad məhəbbəti ilə yanıb-yaxılan, bala sevgisini ömrü boyu ruhunda yaşadan, yurda, elinə-obasına sədaqətli, sevdiyi insanı ucalardan uca bilən, Tanrı məhəbbətini bir an belə ürəyindən çıxarmayan, dözümlü, ən çətin anlarda da bütün məşəqqətlərə sinə gərən analardır bizim analar.
Şairə Xədicə Muradın ::::Analı günlərin davamıg::::poema-essesində də belə bir müdrik ananın obrazı yaradılıb. Bu ananın adı sizlərə yaxşı tanışdır - Elmi-pedaqoji fəaliyyəti və yaradıcılığı ilə Şərq-Qərb dəyərlərinin sintezinə çalışmış, sivilizasiyaların dialoquna dəyərli töhfələr vermiş görkəmli şərqşünas-alim Aida İmanquliyeva...g
Bu il - anadan olmasının 75 illiyində biz bu elm xadiminin həyat yolu, az yaşamasına, kamınca ömür sürməyib dünyadan vaxtsız köçməsinə təəssüflənirik. Amma onun bu qısa ömür ərzində Azərbaycan elminə verdiyi töhfələri-yazdığı əsərləri - bu əsərlərlə dünya şərqşünaslığına gətirdiyi yenilikləri izləyirkən böyük bir qürur hissi keçiririk.
Aida İmanquliyeva sözün əsl mənasında Azərbaycan ziyalı pleyadasının bir seçilən nümayəndəsi idi və o, təkcə bir alim kimi yox, həm də bir elm qurucusu və təşkilatçı, örnək olası, nümunə götürüləsi bir insan idi. Onun mənsub olduğu nəsil Nəsir İmanquliyev, daxil olduğu ocaq-Mir Cəlal Paşayev adlarıyla təmsil olunur və bu da taleyin bir xoşbəxtliyi idi.
Xədicə Muradın poemasını üç hissəyə ayırmaq olar. Birinci hissədə o, ümumən bir ANA obrazı yaradır. Yəni dünyanın ən müqəddəs bir varlığı olan ANA haqqında poeziya diliylə söz açır. Ana haqqında etiraflar, Anaya məhəbbəti Aida xanımın şöhrətli alim qızı Nərgiz Paşayevanın dilində səsləndirir.

Ana!..
Ana dedim,
bu məhəbbəti,
Min şair qələmi,
min alim sözü,
Min il yol gəlsə də,
nəzmə çəkməyə
zamanı yetişməz
vaxtı yetişməz.

Müəllif bu etirafdan sonra analar haqqında, onların müqəddəsliyi, ululuğu barədə, həmçinin ana itkisi ilə bağlı düşüncələrini oxuculara təqdim edir. Anaların qədrini biz çox zaman onların fiziki dünyası başa çatandan sonra daha artıq dərk edirik. Məmməd Araz-bizim böyük şairimiz bir şeirində yazırdı ki: ::::Ana itirmişəm Ana yaşında::::. Bu hissi, bu itkini Xədicə Murad da özünəməxsus bir şəkildə ifadə etməyə çalışır:

Demirəm ağrıdan küsüb gedəcəm,
Bu qəm dəryasını üzüb gedəcəm.
Gözümün yaşında süzüb gedəcəm,
Sellərə çəkəcəm yelkənsiz ömrü.

Bir ömür yaşadın başı qarışıq,
Baharı qarışıq,
qışı qarışıq.
Yuxusu qarışıq,
huşu qarışıq,
Boşa çıxarmadım Vətənsiz ömrü,
Yaşaya bilmirəm bu sənsiz ömrü.

İkinci hissədə isə biz Aida xanıma həsr olunan şeirlərlə qarşılaşırıq. ::::52 yaşg52 bahar, 52 qış...gÖmrün bahar çağında Ömrü tufana düşdü. Getdin... Mənimçün ana Elə bil dünya boş qaldı. Çiçək açdın daşda, Ana! Məzarının başında, Çiçək açan daş qaldı. Bir də canımı yandıran Gözlərimdə yaş qaldı::::. Təsirlidir, emosionaldır və bu misralar anasızlığı - Aidasızlığı ifadə edən misralardır. Poemada başdan-ayağa bir elegik ruh var. Hər şeirin əvvəlində analara həsr olunan bir qəmli, ya kövrək bayatının verilməsi, şeirin öz içində də anasızlıqdan doğan qəmi, kədəri canlandırmaq, daha doğrusu, Kədərin də öz obrazını yaratmaq şeirimizdəki ənənələrdən gəlir.

Yaxşıdı,
Yarım, qalsan yaxşıdı.
Getsən, dünyam qaralar,
Canım alsan yaxşıdı.

Oxucular bilsin ki, bu bayatıların da müəllifi elə Xədicə Muradın özüdür. Onun orijinal bayatıları bir neçə il öncə kitab halında da oxuculara çatdırılmışdı. Nüfuzlu elm və qələm sahibləri bu bayatılar haqqında xoş sözlər söyləmişdilər.
Poemada ana itkisindən sarsılan bir qızın qəmli, kədərli duyğuları ön plandadır və biz onun şərhi-bəyanıyla Ana sevgisini bütün varlığına hopduran bir insanın yaşantılarını görürük. Onun yaşantılarında bizim vəfalı qızların anasız dünyasının boyalarını, naxışlarını seyr edirik. Bu boyalar və naxışlar Qəm adlı sapla hörülsə də, bizdə pessimizm ovqatı yaratmır. Anaları sevirik, onların yoxluğunu qəbul eləmirik, çünki cismimizdə və ruhumuzda yaşayır Ana məhəbbəti. Hətta bu ayrılıq hisslərindən yaranan misraları oxuyanda da:
Demişdin-yolum açıqdı,
Demişdin-gələcəm, niyə gəlmədin?
Demişdin-bu payız dayanacaqdı,
Demişdin-gələcəm, niyə gəlmədin?

Mən zildə qırılıb, töküldüm bəmə,
Əlvida söylədim sevincə, dəmə,
Keşikçi durmuşam verdiyin qəmə,
Demişdin-gələcəm, niyə gəlmədin?

Poemanın sonunda müəllif ::::Cubran poeziyasından yarpaqlar:::: adlı bir bölmə də təqdim edir. Məlumdur ki, böyük ərəb alimi Cubranın Azərbaycan elm aləminə tanıdılmasında Aida İmanquliyevanın misilsiz xidmətləri olmuşdur. Həmin bölmədə Cubranın hikmətli kəlamlarından seçmələr təqdim edilir.
MƏHƏBBƏT haqqında: ::::Əgər sevirsinizsə, deməyin ki, ::::Allah mənim ürəyimdədir::::. Daha düzgün olar ki, deyəsiniz: ::::Mən Allahın ürəyindəyəm::::
::::Məhəbbət sizi nə zaman çağırsa, gedin onun arxasınca::::
::::Məhəbbət heç nəyə sahib deyil. Heç kimin də ona sahib olması mümkün deyil::::
GÖZƏLLİK haqqında: ::::Şair söylədi: ::::Bizimlə Gözəllikdən danış::::
O cavab verdi:
::::Harada axtaracaq və necə tapacaqsınız Gözəlliyi, əgər o özü sizin həm yolunuz və həm də bələdçiniz olmasa?
Siz onun haqqında necə danışa bilərsiniz, əgər o özü sizin nitqinizin toxucusu olmasa?::::
NİKAH haqqında: ::::Siz birlikdə doğulmusunuz və həmişə də birlikdə olacaqsınız.
Ölümün ağ qanadları günlərinizi pərən-pərən salanda da siz birlikdə olacaqsınız.
Bəli, hətta Allahın sükuta qərq olmuş yaddaşında da siz birlikdə olacaqsınız::::
Aida xanım ömrünün gözəl bir çağında, daha böyük arzuları həyata keçməmiş dünyadan getdi. Amma o, unudulmadı. Əsərləri canlı və əbədidir və nə qədər Azərbaycan şərqşünaslıq elmi inkişafdadırsa, Aida xanımın elmi irsi də yaşayacaq.
Xədicə Muradın poeması da bu mənada gözəl bir insanı xatırlatmaq, onu unutmamaq mənasında vaxtında yazılmışdır.

TƏQVİM / ARXİV