adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Oktyabr 2014 11:45
4596
MƏMLƏKƏT
A- A+

Allahşükür Paşazadə və Kamal Abdulla qarşıdurması yalan çıxdı

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu qurumun sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında qarşıdurma yaranması barədə məlumatlarla bağlı bəyanat verib.

QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın Apa-ya verdiyi məlumata görə, bəyanatda bildirilir ki, idarə dini mərkəz olaraq hər zaman bu və ya digər ictimai baxımdan əhəmiyyət kəsb edən məsələlərə dini nöqteyi-nəzərdən öz birmənalı mövqeyini bildirir.

Bəyanatda deyilir ki, bu mövqe açıqlanarkən Azərbaycan cəmiyyətinin və dövlətinin maraq və mənafeləri, milli-mənəvi dəyərləri, əsrlərlə formalaşmış ənənələr nəzərə alınır: "QMİ-nin və onun sədrinin bütün fəaliyyəti məhz bu amallar üzərində qurulur. Odur ki, İdarə sədrinin fəaliyyətinin hansısa maraq və ya ambisiyalarla əlaqələndirilməsini yolverilməz sayır, kimlərinsə təxəyyülünün məhsulu kimi dəyərləndiririk. 33 illik fəaliyyəti dövründə Şeyxülislam AllahşükürPaşazadənin sadiq olduğu dəyərlər hər zaman Azərbaycan dövlətinin və xalqının dini-mənəvi maraqları üzərində təşəkkül tapıb. İstər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi, istər Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi üçün ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə bərqərar olması yönündə fəaliyyət hər zaman prioritet təşkil edir və bu istiqamət davam edəcəkdir. Münasibətlərin bu səpkidə inkişafını istəməyən, düşmən dəyirmanına su tökən qüvvələr aralarında qarşılıqlı ehtirama əsaslanan səmərəli əməkdaşlığın mövcud olduğu adıçəkilən qurumlar arasında guya qarşıdurma olduğu barədə böhtan yayırlar. Birmənalı şəkildə bildiririk ki, qurumlar arasında qarşıdurmaya yol açan məqamların mövcudluğu haqda yayılan informasiyalar həqiqətə uyğun deyil”.