BiZi BiRLƏŞDiRƏN UZAQLIQ

ƏBÜLFƏT MƏDƏTOĞLU
34750 | 2007-11-30 03:09
... Deyirlər ki, həyat qəribədir. Onu da deyirlər ki, bu qəribə həyatın qəribəlikləri içərisində insan bəzən itib-batır və hətta elə duruma düşür ki, əli heç yana çatmır. Son işartını, son çınqını, lap eləcə saman çöpünü ümid yeri bilir. Olur ki, bu ümid haraya yetir, xilaskar rolunu oynayır. Və bəzən də olur ki, nə son ümid, nə saman çöpü, nə kül altındakı çınqı heç nəyi dəyişmir...
   
   Deyirlər ki, bu qəribə həyatda insanlar da təkcə xarici görkəmləri, fizonomiyaları ilə deyil, elə öz mənəviyyatları, öz intellektləri ilə də fərqlənirlər. Hərdən bu fərq o qədər böyük olur ki, istər-istəməz nadan alimi ardınca çəkib aparmaq eşqinə düşür. Və yaxud da öndə olan ziyalının, alimin ayağının altında elə bir quyu qazır ki, heç şeytanın özü də nə bu qazıntıdan, nə son nəticədən, nə də ümumiyyətlə bütün bunlardan baş aça bilmir...
   
   Hə, onu da deyirlər ki, bu qəribə həyatda, bu qəribə dünyada təkcə toplumlar deyil, həmçinin, tayfalar, xalqlar, millətlər də özünəməxsus cizgiləri ilə həmişə fərqləniblər. Təbii ki, milli-mənəvi dəyərlərin fonunda bu özünəməxsusluq loru dildə desək, elə uzaqdan diqqəti çəkib "gəl-gəl" deyibdi...
   
   Bütün bu deyilənləri xatırlatmaqda təbii ki, bir amac, bir məqsəd var. Elə ona görə də deyilənlərin orta məxrəcini tapmaq və buradan da çıxış etməklə diqqətə çatdırmaq istədiyimiz bir özəlliyi xüsusi vurğulamaq niyyətindəyik. Yəni bir millət olaraq bizim də özümüzə aid öz canımızdan, qanımızdan, köynəyimizdən, dilimizdən, dinimizdən, elimizdən, yurdumuzdan, sözümüzdən, söhbətimizdən, yerişimizdən, duruşumuzdan, yıxılıb-durmağımızdan, hətta çay gəlməmiş çırmanmağımızdan belə xüsusi cizgiləri olan bir genafondumuz, bir özlüyümüz və özəlliyimiz var. Bax, elə öz özülümüzün üzərindəki özlüyümüz və özəlliyimiz bizi birmənalı olaraq dünyanın bütün millətlərindən, bütün xalqlarından seçdirir...
   
   Oxuduğum kitablardan, gəzib, eşidib gördüklərimdən, izlədiyim telekanallardan demək olar ki, qonşu xalqlar və millətlərdən tutmuş cəngəllik insanlarına qədər bir çoxlarının xarakterlərini, onları bir-birinə bağlayan məqamları, əlaqə tellərini, bir sözlə bu millətlərin içərisindəki zəncirvariliyi az-çox öyrənmişəm. Mənə aydın olub ki, bəzi millətlər öz içərilərində dahi yetişdirmək eşqiylə, arzusuyla, bəziləri düşmən axtarmaq həvəsiylə, üçüncülər qonşuya nifrət bəsləmək ideyasıyla yüklənib və yaşayır. Yəni millətlərin, xalqların sayı qədər də onların xüsusiyyətləri, cizgiləri var. Bəs görəsən bizi, Azərbaycan adlanan bu məmləkətin övladlarını bir-birinə bağlayan nədir?
   
   Sual adi, sadə, bəlkə də primitivdi. Və yaxud da sual ciddi, mürəkkəb, bəlkə də çox çalarlı, çox cavablıdır. Hansı formada istəyirsiniz qəbul edin, amma bir anlıq düşünün.

TƏQVİM / ARXİV