adalet.az header logo
  • Bakı 16°C

Kafka azərbaycanlı olub

CEYHUN MUSAOĞLU
27926 | 2007-11-30 03:33
"İnsan məğlubiyyətlərə dözmək üçün yaranmayıb. Onu məhv etmək olar, amma üzərində qələbə çalmaq yox".
   
   
   
   Ernest Heminquey
   
   
   
   
   
   Görəsən mətbuatın günündən itin gününə qədər olan məsafə nə qədərdi? Görəsən heç mətbuatın günü var? Yaxud günümüz redaktə səhvləri ilə dolu olan qəzetlərimizə niyə bu qədər oxşayır? Bu suallar dilənmək üçün münbit şəraiti olan mətbuat məhəlləsinin sakinlərinə ünvanlanıb. Gəlin yığışaq, cavab axtaraq. Siyasət də gəldi-gedərdi, onu qaynadan və onun içində qaynayan siyasətçilər də.
   
   Dünyada hamı imzasından imtina edə bilər, təkcə jurnalistlərdən başqa. Siyasətçi bu gün dediyini sabah danarsa, "marağım var idi" deyib, sudan quru çıxar. Jurnalist isə gərək heç bir marağa xidmət eləməsin. Əlbəttə, mirzə adlanmaq istəmirsə.
   
   Sözümün canı odur ki, öz günümüzə ağlayıb, millətin gününü düşünməliyik. Düşüncələrimizi isə partiya sədrlərinin, məmurların, jurnalist təşkilatı rəhbərlərinin süzgəcindən keçirməməliyik. Çəkinmədən deməliyik ki, mətbuatın günündən itin gününə qədər olan məsafə artıq yoxdur. Bu günlər bir-birinə o qədər yaxınlaşıb ki, məsafə itib. Bu cavaba kiminsə əlavəsi, yaxud bu cavabı əskiltməyə yönələn etirazı varsa, buyursun, qoy mətbuatın gününün adını desin. Görək biz hansı gündə yaşayırıq. Biz kimik axı? Gah inqilabçı oluruq, gah piketçi. Gah böhtançı oluruq, gah şantajçı. "Agent" də deyirlər bizə, "oğru" da, "terrorçu" da. Qapılardan o qədər qovulmuşuq ki... Hansı siyasətçi əlinə bir qəzet keçirib, o qəzetdə beş manata yox e, üç manata işləyən jurnalistləri cəmiyyət həmin siyasətçinin adamı kimi qələmə verib. Qaçqınlar fason qəzetləri gəzmişik. Deməli, bu məntiqlə hamının adamı olmuşuq, hamıya işləmişik, hamıya qulluq eləmişik. Bununla da adımıza bir ifadə də ilişdiriblər: "Küçələrdə qalanlar". Döyülməyimizi, söyülməyimizi, tutulmağımızı bu sıraya əlavə etsək, kim olduğumuz da aydın olar, günümüzün adı da.
   
   Anası ağlar qalan qəzetlərimiz atasının beli bükülən günlərimizlə əkizdi. Bu günə salınan millətin, yaşadıqca vətəni ölən xalqın qəzetlərinin də doğulmamış ölənlərinin sayı çoxalır. "Vozvrat"lar hələ bətndəykən ölənlərdi. Ölü doğulanlar o qədər çoxalıb ki, jurnalistlər onları dəfn etməyə belə yer tapmırlar. Mətbuat məhəlləsi qəzet qəbiristanlığına çevrilib. Hələ ki, qəbiristanlığı dolaşan dilənçilərin arsız gülüşləri baş daşlarını qucaqlayıb hönkürən jurnalistlərin səsini batırır. Amma sabah belə olmayacaq.
   
   Jurnalistlər gizlənməz və gizlətməzlər. Ey üsyandan qorxan qəzet və imza qatilləri, açın qulaqlarınızı yaxşı-yaxşı eşidin, imzaların üsyanı qəzet qəbiristanlığından başlayacaq. Və üsyan o vaxt sona çatacaq ki, mətbuatın günü ilə itin günü arasındakı məsafə yaltaqlarla mərdlərin aralarındakı məsafə qədər olsun.
   
   Hələ ki, mətbuatın günü ilə it gününün arasından su da keçmir. Bəlkə keçir, Əflatun Amaşov, Arif Əliyev, Yadigar Məmmədli və sairə və ilaxır və?..
   
   ... Niyə bizi bu günə qoyduz, siyasət dəllalları?
   
   ... Niyə bu günə düşdük, jurnalist əhli?
   
   ... Sükanı niyə və necə əlimizdən verdik, cənab oxucu?
   
   Eh, heç bu suallara Kafka cavab verə bilməyib. Gör özümüzü nə günə qoymuşuq ki, dünyaca məşhur yazıçı vəziyyətimizdən baş açmır. O da bizim kimi soruşur:
   
   - Bəyəm mən sükançı deyiləm? - heyrət içində dilləndim,
   
   - Sən? - ortaboylu, qarabuğdayı adam təəccüblə soruşdu. Və gördüyü hansısa qorxulu yuxunu özündən uzaqlaşdırırmış kimi əlini gözlərinə çəkdi.
   
   Mən sükan çarxının böyründə dayanmışdım. Zülmət gecə idi. Başımın üzərində fanarın işığı güclə sezilirdi. Və bu vaxt həmin adam peyda olub məni itələmək istədi. Görəndə ki, mən yerimdən tərpənmədim, o, ayağını sinəmə dirəyib məni yavaş-yavaş yıxmağa başladı. Mənsə hələ də şturvalın millərindən asılıb qalmışdım və yıxıla-yıxıla onu hara gəldi fırladırdım. Ancaq bu zaman naməlum şəxs şturvaldan yapışıb onu düzəltdi, məni isə qırağa itələdi. Lakin mən özümü dərhal ələ alıb gəmi qulluqçuları heyətinin otağına aparan lyuka sarı qaçdım və qışqırmağa başladım:
   
   - Komanda! Yoldaşlar, tez bura gəlin. Kənar şəxs sükanı məndən alıb.
   
   Aşağıda çox ləng şəkildə yoğun və yekə fiqurlar görsənməyə başladı. Onlar səndələyə-səndələyə nərdivanla yuxarı çıxdılar.
   
   - Bəyəm burda sükançı mən deyiləm, - soruşdum.
   
   Onlar başlarını tərpədib təsdiq eləsələr də, yalnız elə yad adama baxırdılar. Sonra onun ətrafında yarımdövrə vurub dayandılar. Və bu vaxt o, hökmlə "mənə mane olmayın" deyəndə, onlar balaca dəstələrə ayrılıb başları ilə təsdiqləyərək yenidən nərdivanla gəminin anbarına endilər.
   
   Belə də camaat olar, görəsən onlar nəsə bir şey barədə fikirləşirlərmi, yoxsa yalnız mənasız şəkildə ayaqlarını sürüyə-sürüyə dünyadan köçürlər?
   
   Bax belə. Mən elə əvvəldən bilirdim ki, Kafka azərbaycanlı olub.
   
   

TƏQVİM / ARXİV