adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

"ƏDƏBİ HƏYAT"

ƏBÜLFƏT MƏDƏTOĞLU
19793 | 2014-10-29 01:21
Yəqin ki, sizə təqdim etdiyim bu yazının başlığı dərhal diqqətinizi çəkdi. Bilirəm ki, bu da təsadüf deyil. Ona görə təsadüf deyil ki, "Ədalət" qəzetində "Ədəbi həyat" adlı bir səhifə var və artıq uzun illərdi ki, o səhifənin müəllifi tənqidçi-alim-yazar-professor Vaqif Yusiflidi.
Bəri başdan bir fikrimi dilə gətirmək istəyirəm. Mənim qənaətimə görə, bu gün Azərbaycan ədəbi mühitində baş verən, ən çox münasibət bildirən 2-3 tənqidçi varsa, onun birincisi Vaqif Yusiflidi. Bu dəyərli ziyalı bugünkü ədəbi proseslərlə yanaşı, dünənin də, hətta klassiklərimizin də yaradıcılığına nəzər yetirməyi, onları yeni ampulada oxucuya təqdim etməyi, araşdırmağı özünə əsl peşə edibdi. Demək olar ki, hər gün yazan və hər gün ədəbi prosesləri qabardan Vaqif Yusifli sanki öz çiyninə hansı yükü götürdüyünü yaradıcılığı ilə, tədqiqatı ilə həmkarlarına ədəbi ictimaiyyətə bir mesaj verir və göstərir ki, yazmaq, araşdırmaq, təqdim etmək gərəkdi. Təəssüf ki, bu gün ədəbi tənqidimiz o qədər də iri addımlarla addımlamır, əksinə, özünə çəkilmiş bir dəniz kimi lal dalğalanır. Bax, həmin o özünə çəkilmiş dənizin qabartısı da, fırtınası da elə Vaqif Yusiflinin yaradıcılığıdı.
Yaxın günlərin söhbətidi. Həmişə redaksiyamıza əlidolu gələn Vaqif müəllim bu dəfə də hamı ilə hal-xoş edib dizayner otağına baş çəkəndən sonra mənə bir kitab uzatdı. Məmnuniyyətlə qəbul etdim və kitabın üz qabığına diqqət yetirəndə onun Vaqif müəllimin dünyaya gələn yeni əsəri olduğunu anladım. Təbii ki, bu hədiyyəyə görə təşəkkürümü bildirdim və kitabı mütləq oxuyacağımı söylədim. Ayrılanda Vaqif müəllim onu da vurğuladı ki, nə isə yazıb yazmayacağını bilmirəm, ancaq bu kitabda səninlə bağlı yazdığım yazını da oxuya biləcəksən.
Artıq bu təqdimatın özü də mənə ikinci bir həvəs verdi. Elə vaxt tapdıqca kitabı vərəqləməyə, oxumağa başladım. Doğrudur, bu kitabda işıq üzü görən yaradıcılıq nümunələrinin bir çoxunu elə "Ədalət" qəzetində oxumuşdum. Hətta o yazılar barəsində müəlliflə fikir mübadiləsi etmişdik. Mənim üçün ən yadda qalan bu olmuşdu ki, Vaqif Yusifli həmin yaradıcılıq nümunələrində ədəbi mühitin bütün bölgələrdən olan yaradıcılarına, müəlliflərə eyni sevgi ilə, eyni diqqətlə yanaşmışdı. Bir az da konkret desəm, Vaqif Yusiflinin son on illik ədəbi-tənqidi yazılarının xeyli hissəsini Azərbaycanın bölgələrində yaşayıb-yaradan, hətta dünyasını dəyişmiş yazıçı və şairlərimizin əsərlərinə münasibət, onların təqdimatı təşkil edirdi. Onun üçün bu müəlliflərin əsərlərinə maraq, həmin əsərlərdəki ədəbi hadisələr, yeni münasibət və həm də onların daha geniş oxucu arenasına təqdim etmək əsas qayədi. Yəni Vaqif Yusifli münasibət bildirdiyi hər bir əsərdə oxucunu maraqlandıra biləcək, oxucu ilə həmin müəllifi yaxınlaşdıracaq körpüləri qura bilir, tapa bilir, göstərə bilir. Bax bu da öncə onun sözə böyük sevgisinin, həm də yorulmazlığının, axtarışlar fədaisi olmasının bəhrəsidi.
Bax, elə "Ədəbi həyat" kitabında da demək olar ki, Azərbaycanın əksər bölgələrini əhatə edən söz adamlarının yaradıcılığına Vaqif Yusifli baxışı toplanıbdı. Burada 2011-2012-ci il poeziyası, portretlər, uca şəxsiyyətlər, həmçinin Mir Cəlal, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, Cabir Novruz, Elçin, Elçin Hüseynbəyli, Saday Şəkərli, Elçin İsgəndərzadə, Əlabbas, Adil Cəmil, XXI əsr ədəbiyyatı və sair ilə yanaşı, bugünün söz adamları olan Kəramət Böyükçöl, Cavid Zeynallı, Natiq Məmmədli, Emin Pirim və digərləri barəsində də maraqlı tədqiqat yazıları yer alıbdı.
Bütün bunlar onu göstərir ki, həmişə yazı masası arxasında olan Vaqif Yusifli obrazlı desək, öz qələmi ilə, öz axtarışları ilə ədəbi prosesin həm içərisindədi, həm də yanında. O, ədəbiyyatımızın cəfakeşi kimi sözünü vaxtında və yerində deyir. "Vektor" nəşrlər evinin akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə oxuculara təqdim etdiyi bu kitab yəqin ki, ədəbi proseslərlə maraqlanan hər bir oxucu, hər bir tədqiqatçı üçün maraqlı olacaq. Mən də öz növbəmdə filologiya elmləri doktoru, professor Vaqif Yusifliyə daha böyük axtarışlar, daha böyük uğurlar arzu edirəm.

TƏQVİM / ARXİV