adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Gözəl bir xanım köçdü bu dünyadan

26658 | 2014-10-29 01:14
(Görkəmli yazıçı Ələviyyə Babayevanın əziz xatirəsinə)

Azərbaycanın ədəbiyyat aləminə ağır itki üz vermişdir. Əməkdar mədəniyyət işçisi, respublika Prezidentinin təqaüdçüsü, görkəmli yazıçı Ələviyyə xanım Babayeva bu ilin oktyabr ayının 23-də ömrünün 94-cü ilində vəfat etmişdir.
Bu xəbər qəlbimin dərinliklərinə qədər məni sarsıtdı. Elə bil içimdən nəsə qopdu, kədər dünyasına qapıldım. Ələviyyə xanım başqa bir insan idi. Onu heç kəslə müqayisə etmək olmazdı. Təpədən dırnağadək xanım-xatın bir ziyalı köçdü bu dünyadan, xəbərsiz, ətərsiz.
Əslən bakılı idi Ələviyyə xanım. Tanınmış əsilzadə ailələrdən birində dünyaya göz açmışdı. Bakıda tanınmış ziyalılardan biri, "Azərnəşr"in rəhbər işçilərindən biri olan Əliskəndər Ələsgərov Ələviyyənin dayısı idi. Mikayıl Müşfiq, Xuluflu və digər tanınmış şair və yazıçılar tez-tez Əliskəndər gilə toplaşır, ədəbiyyatdan, incəsənətdən söhbət açardılar.
13 yaşlı Ələviyyə Mikayıl Müşfiqdə böyük maraq oyatmışdı. Onun əzbərdən dediyi şeirlər Müşfiqin çox xoşuna gəlirdi.
- Əliskəndər, - dedi- sənin bu bacın qızı, deyəsən, şair olacaq.
Böyük şair yanılmamışdır. Ələviyyə şair olmadı, amma böyük yazıçı oldu.
Şəhərin çox məşhur memarı Hənifə Ələsgərov Ələviyyənin dayısı, SSRİ xalq artisti Ələsgər Ələkbərov və məşhur alim, nizamişünas Azadə Rüstəmova xalası uşaqları, respublikanın xalq rəssamı Rasim Babayev isə dost-doğma qardaşı idi. Bacısı Aidə Babayeva ədəbiyyat üzrə alimdir, elmlər doktorudur. Zirə kəndində yaşayan qoçu Əlabbası Bakıda tanımayan yox idi. Orta boylu bu kişi kasıb-kusubların, yazıq-yuzuxların tərəfində idi. Kimin işi düzəlmirdisə, kim verdiyini ala bilmirdisə, kim haqsızlıqla üzləşirdisə Əlabbas onun dadına çatırdı. O qədər zəhimli idi ki, hamı, hətta polislər onu görəndə qaçıb gizlənirdilər. 1918-ci ildə ermənilər azərbaycanlıları qıranda o, qoçu Nəcəfqulu ilə birlikdə 50-dən çox ermənini öldürmüşdü. Həmin qoçu Əlabbas Ələviyyə xanımın xalası oğlu idi. Bir sözlə, Ələviyyə məşhur ziyalılar, necə deyərlər, əsilzadə ailəsində böyümüşdü.
Hər bir adam yaşadığı mühitə göz açır, onun ab-havası ilə böyüyür. Hər şeyin bir tarixi var, keçmişi var. Bu gün dünəndən yaranır, sabah da bu gündən yaranacaq. Həyatın dialektikası belədir. Hər bir şey də, hər bir hadisə də keçmişin qalıqları, indinin əsasları, gələcəyin isə ruşeymləri olur.
Bütün bunlara baxmayaraq, Ələviyyənin uşaqlığı məşəqqətli keçmişdi. 3 yaşında ikən atası gəmi ilə İrana gedəndə yoxa çıxmışdı. 1924-25-ci illər çox narahat bir dövr idi. Onun üstündə çoxlu pul var idi. Bəlkə də duyuq düşən quldurlar onu öldürmüşlər. Bir sözlə, Ələviyyənin atasından indiyədək xəbər-ətər yoxdur.
Ələviyyə evin birinci uşağı idi. Onu ərköyün böyüdürdülər, bir sözünü iki eləməzdilər. O, uşaqlıqdan ailədə düzlük, ədalət görmüş, kişi sözü eşitmişdi. Atalığı Hənifə Qubada, Astarada, Qusarda hərbi komissar işləyirdi. Hündür və çox yaraşıqlı bir kişi idi. Hənifə Ələviyyəni doğma uşaqlarından çox istəyirdi, qızın ağlına, savadına, tərbiyəsinə heyran idi.
60-cı illərin əvvəllərində Ələviyyə xanım gilin ailəsində böyük faciə baş verdi. Onun 23 yaşlı qardaşı Çingiz Babayev Almaniyada hərbi xidmətdə olarkən hitlerçi gənclər tərəfindən öldürüldü. Çox çətinliklə də olsa, Rasim Almaniyaya gedib qardaşının cənazəsini Azərbaycana gətirdi və o, ümumi qəbiristanlıqda basdırıldı. Aradan 50 il keçməsinə baxmayaraq, yaşlı qonşular indiyəcən Çingizin yaraşıqlı və xeyirxah bir gənc olduğunu xatırlayır və onun ölümünə ağrıyıb-acıyırlar. Çingizin ölümü Ələviyyə xanıma öldürücü zərbə vurdu O, uzun illər özünə gələ bilmirdi. Ahıl yaşında da qardaşının qəbri üstünə gedib gəlirdi. Rasim Babayev Çingizin adını yaşatmaq məqsədilə onun adını öz oğluna vermişdir.
Bəri başdan deyim ki, mən Ələviyyə xanımla 50 ildən çoxdur ki, dostluq edirdim. Mən bu xanımda elə ali keyfiyyətlər, müsbət xüsusiyyətlər görmüşdüm ki, onlar çoxlarımızda yoxdur. Geniş dünya görüşü, yüksək intellektual səviyyəsi, ən başlıcası isə böyük ürək sahibi olan Ələviyyə xanımın əsərlərindəki yüksəklik, sivillik də elə buradan gəlir.
Ələviyyə xanım çox yaxşı bilirdi ki, tarix və çağdaşlıq qırılmaz tellərlə bağlıdır. Biri digərsiz ola bilməz. O, dönə-dönə deyirdi ki, hər bir yazıçı tariximizi, keçmişimizi mükəmməl bilməlidir. Bu işdə bizə yazılı mənbələr, peşəkar tarixçilər, görüb götürmüş müdriklər, el ağsaqqalları, yaddaşımız, xatirələr köməyə gəlir.
Ələviyyə xanım xalqımızın uzaq keçmişini arxivlərdən, tarixi qaynaqlardan, tarixçilərin əsərlərindən, tarixi mövzularda yazan ədiblərimizdən, elm və mədəniyyət tarixini izləyən müəlliflərdən, nisbətən yaxın keçmişimizi də yaddaşlardan, xatirələrdən, bu dövrü görmüş canlı şahidlərdən öyrənirdi.
Ziyalılarımızın böyük bir dəstəsi Ələviyyə xanımın evini ziyalılar evi adlandırırdılar. Mən bu evdə Süleyman Rəhimovu, Qılman Musayevi, Maral Rəhmanzadəni, Azad Mirzəcanzadəni, Nigar Rəfibəylini, Sara Qədimovanı, Böyükağa Mirzəzadəni, Cəmil Əlibəyovu, Zəhra Quliyevanı, Nəbi Xəzrini, Bəxtiyar Vahabzadəni, Manaf Süleymanovu, Süleyman Vəliyevi və başqalarını görmüşəm. Onlar Ələviyyə xanımın söhbətlərini maraqla dinləyir, özləri də canlı bir tarixə dönüb keçmişin və bu günün problemlərindən danışırdılar.
Ələviyyə Babayevanın romanları milli səviyyəmizdir desəm, yanılmaram. Bu əsərlərdə Şərq mədəniyyəti ilə Qərb mədəniyyətinin sintezi açıq-aydın hiss olunur. Bunu görmək üçün "Əlvida" və "Bəlkə sabah olmadı" romanlarını oxumaq kifayətdir.
Ələviyyə xanımın əsərləri ona görə yüksəkdə dayanır ki, onun özünün şəxsiyyəti də, səviyyəsi də, dünya görüşü də çox yüksək idi. Onda primitivlikdən əsər-əlamət yox idi, əsl ziyalı idi. Mən onun qədər oxuyan, mütaliə edən ikinci bir yazıçı tanımıram. Gecə də yazırdı, gündüz də, başqa işi yox idi. Ondakı yüksək intellektuallıq Qərb ədəbiyyatını çox mükəmməl bilməsi ilə əlaqədar idi. Onun şəxsiyyəti də böyük maraq doğurur: ömründə dilinə yalan gəlməz, özünü öyməz, heç kəsin qarasına danışmaz, fitnə-fəsaddan uzaq bir adam idi. Sözünü adamın üzünə şax deyər, haqsızlığa dözməzdi, qorxu-hürkü bilən deyildi. Sadədən də sadə yaşayan bu el ağbirçəyinin evində 20 min kitabı, bir stolu, 5 stulu və bir divanı vardı. Başının üstündə divardan L.N.Tolstoyun şəkili asılmışdı. Daha heç nəyi yox idi. Var-dövləti qələmindən çıxan 60 kitab idi.
Ələviyyə xanım bər-bəzəyə, var-dövlətə uymayan bir xanım idi. O, ömründə sırğa-üzük gəzdirməz, süni boyalardan qətiyyən istifadə etməzdi. Allahın verdiyi gözəllik ona bəs edərdi. Qarderobunda ən çox 1-2 paltar olardı. Lakin bu paltarları o qədər səliqəli geyərdi ki, hamı heyranlıqla baxardı. Onun son 30 ildə bir paltosu olmuşdu. Lakin indi də bu palto öz təravətini itirməmişdi.
Ələviyyə xanımın 9 romanı vardı. Bu romanları, yazıçının povestlərini, hekayələrini, tərcümələrini, ona gələn məktubları, təbrik teleqramlarını dəfələrlə oxumuşam. Bu gün vicdan əzabı çəkmədən deyə bilərəm ki, Ələviyyə xanım əsrimizin ən məhsuldar yazıçılarındandır. Onun saysız-hesabsız oxucular ordusu var idi. Onun dəfnində bir dəstə gənc oğlan və qızın iştirak etdiyini gördükdə bunu bir daha yəqin etdim.
1970-ci ildə bir qrup gənclə birlikdə Türkiyədə olarkən yazıçı Cəmil Əlibəyovla vaxt tapıb məşhur yazıçı Suat Dərvişlə görüşdük. Yazıçı söhbətinin şirin yerində barmağını dişləyib dedi:
- Mən sizin yazıçı Ələviyyə Babayevanın hekayələrini oxumuşam. Çox maraqlı təsir bağışlayır. O, gələcəyin böyük romançısı olacaq.
Böyük yazıçı nə qədər uzaqgörən idi. Ələviyyə xanım heç bir başqa əsər yazmasaydı belə, təkcə "Adamlar və talelər", "Hardasan, dost, harda?" və "Bəlkə sabah olmadı" romanları ilə tarixə düşəcəyidi.
Ələviyyə xanımın "Adamlar və talelər" romanı bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Yazıçı bu əsərində adamların çətin taleyini yana-yana, hiss edə-edə, çətinliklərdən qorxmaya-qorxmaya qələmə almışdır. Əsərdə evlərdə gedən axtarışlar, həbslərə həsr olunmuş səhnələr, məşhur aktyor Saleh Yanarın taleyindəki bəzi nüanslar, həmçinin həyat yoldaşı Leylanın anasının işlədiyi doğum evində gecə doğuş qəbul etdiyi məqamı da, onun həbsini həyəcansız oxumaq olmur. Bu roman çıxar-çıxmaz böyük əks-səda yaratdı.
Bu əsər İraqa da gedib çıxmışdır. Kərkükdən radio əməkdaşı olan Fidan adlı qız Ələviyyə xanıma yazdığı məktubda həyəcan doğuran fikirlər səsləndirmişdir. Fidan yazırdı:
- Ələviyyə xanım, "Adamlar və talelər" kitabının oxucusu o qədər çoxdur ki, məcburiyyət qarşısında qalıb onu ikiyə bölmüşük. Bu kitabı bütün türkmənlər məhəlləsi oxuyur. Mənim babam hər gün namaz üstə Sizə dua oxuyur və deyir: bu qız yəqin Hüseyn Cavidin qohumlarındandır.
Fidanın məktubunu oxuyanda həmişə Ələviyyə xanımın gözləri yaşarardı. O, deyərdi:
- Gör bir nə qədər xoşbəxt və böyük yazıçı olasan ki, ölümündən 50 il keçsə də, vətəndə yaxşı nə varsa sənin adınla bağlasınlar.
Ələviyyə xanıma böyük xalq məhəbbətinin olduğunu İran İslam Respublikasının Əhər şəhərində olarkən öz gözlərimlə gördüm. Böyük İran mütərcimi Məmmədhüseyn Fərzanə yazıçının "Hardasan, dost, harda?" romanını fars dilinə tərcümə etmişdi. Bu kitab Təbrizdə böyük marağa səbəb olmuşdu. Kitabı oxumaq üçün növbəyə durmuşdular.
M.Fərzanə danışırdı ki, kitab nəşr olunan kimi satılıb qurtardı. Məcbur olub romanı yenidən nəşr etdik. Yazıçıya xalq məhəbbəti budur.
Mənə danışdılar ki, İranda bu kitab əsasında film çəkmək istəyirlər.
1994-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Çin Xalq Respublikasında səfərdə olarkən Ələviyyə Babayevanın çin dilinə tərcümə olunmuş "Adamlar və talelər" əsərini qızıl məcməyidə ona təqdim edərək böyük iftixarla demişlər: "Biz Azərbaycan yazıçısı Ələviyyə Babayevanın əsərini çin dilinə tərcümə etmişik. Bu kitab ölkədə çox populyar olmuşdur".
Heydər Əliyev Prezident təqaüdünün verilməsi ilə əlaqədar Ələviyyə Babayeva ilə telefon əlaqəsi saxlayarkən bu hadisəni sevinclə qeyd etmişdir.
"Adamlar və talelər" romanında bir fikir təlqin olunur:
- Bizim çətin zəmanəmizdə ən çətini insan olmaqdır. İstər alim, istər sənətkar ol, istərsə xəstə baxıcısı... fərqi yoxdur. Əgər sən qürurla səslənən insan adına layiq deyilsənsə, heç bir şeysən.
Ələviyyə Babayevanın iki cildlik əsərlərinin müqəddiməsində mərhum xalq yazıçımız Bayram Bayramov yazır: "Bu yazımda mən yazıçının bütün əsərlərini araşdırıb, açıb təhlil etmək, məzmunu söyləmək fikrindən uzağam. Bu əsərlər 2-3 yazıçıya bəs edəcək qədər çoxdur. Həm də ən çox gecəli-gündüzlü yaradıcılığın amansız-ağır zəhmətinə qatlaşanlar, fikirlərini, duyğularını ürəklərinin yağı ilə işıqlandıranlar hiss edə bilərlər ki, Ələviyyə Babayeva, ömrü də, günü də asan olmayan bu fədakar yazıçı çətinliklərə qatlaşmışdır".
Böyük yazıçımız Bayram Bayramovun sözlərinin adamda necə təsəlli yaratdığını dilə gətirmək olmur: "Ələviyyə xanım xoşbəxtdir ki, öz yaradıcılığının, öz qələminin kölgəsinə sığınıb, heç kəsdən də az hörmət, rəğbət qazanmayıb. Məndən olsa, hamımız adlarımızı, mükafatlarımızı qoyardıq yerə, necə ki, sələflərimiz qoymuşdur. Hər kəs fərmanla verilən ad-sanla deyil, öz yaradıcılığı ilə qiymətləndirilməlidir".
Ələviyyə xanım son dərəcə zəhmətkeş insan idi. Bütün ömrünün nəinki aylarını, günlərini, saatlarını, dəqiqələrini belə yazı masası arxasında keçirirdi: ya yazırdı, ya oxuyurdu, ya da tərcümə edirdi. 26 əsər tərcümə etmişdir. Deyərdi ki, mən yalnız sevdiyim müəllifləri tərcümə etmişəm. Kimlərdir onlar? L.Tolstoy, M.Qorki, B.Korolenko, K.Paustovski, A.Qaydar, B.Astafyev, R.Stivenson və başqaları.
Ələviyyə Babayevanın "Səni axtarıram" romanı xüsusilə jurnalistlər tərəfindən böyük məhəbbətlə qarşılandı. Bu roman iki hissədən ibarətdir. Kitabın təqdimatında böyük yazıçı demişdir: "Müasir həyata həsr olunmuş əsərin hər sətrinin elektrik teli olmalıdır. Əl dəyən kimi bu tellərdən gərək qığılcım sıçrasın. Bu sahədə mənim bir köməkçim var ki, bu da zəhmətdir".
Ələviyyə Babayeva "Səni axtarıram" romanı haqqında televiziyadakı çıxışında demişdir: "Mən jurnalist peşəsinin nə qədər çətin, nə qədər kəşməkeşli və nə qədər gərəkli, jurnalist adlanan adamların insanın səadəti, ədalətin bərqərar olması uğrunda mübarizə aparan, bu yolda bəzən hətta səadətini, rahatlığını itirən mərd qəhrəmanlar olduğunu qələmə almışam".
Müəllif daim həyatın qaynar yerlərində olan qəribə adamlar- jurnalistlər haqqında yazır: "Jurnalistləri qızılaxtaranlara bənzədirəm. Qızılaxtaranların həyatı dağlarda, düzlərdə, məhrumiyyətlər qaynağında keçir. Onlar ən adi rahatlığa- yumşaq yatağa, isti yeməyə çox vaxt həsrət qalırlar. Yayın istisində mığmığadan, qışın sazağında şaxtadan əzab çəksələr də hey gəzir, hey qızıl axtarırlar. Nə üçün? İnsanın səadəti üçün."
Jurnalistlər də əzablı həyat yaşayırlar. Heç də hər yerdə onlar mehribanlıqla qarşılanmır, həqiqəti yazdıqlarına görə həm söyülür, həm də döyülürlər. Bunlar adi həqiqətlərdir.
Ələviyyə xanım əsərlərində obrazların həyatına elə daxil olurdu ki, adam mat-məəttəl qalır.
Rəssamların, həkimlərin, jurnalistlərin, mikrobioloqların işini tam incəliklərinə qədər qələmə alır. Bunun üçün o, günlərlə rəssamların emalatxanalarında, mikrobioloqların laboratoriyalarında olur, hər bir məsələni detallarına qədər öyrənməyə çalışırdı. Ona görə də Ələviyyə xanımın əsərləri çox canlı olur, oxucular onları bir nəfəsə oxuyurlar.
Elə buna görə də yazıçının kitablarını oxuyanlar ondan soruşurdular:
- Siz kimsiniz?
- Siz cərrahsınız?
- Siz yəqin ki, göz həkimisiniz?
- Siz rəssamsınız?
- Deyəsən, Siz memarsınız?
Son illərdə onun qıçları tutulmuşdu, yeriyə bilmirdi. Lakin onun kitabları ayaq açıb xarici ölkələri gəzirdi, neçə-neçə xalqın dillərinə tərcümə olunurdu.
Nəbi Xəzri zarafatyana deyərdi: "Ələviyyə xanım Azərbaycan ədəbiyyatının xarici ölkələrdə səlahiyyətli səfiridir".
"Küləyin tərkində" romanı barədə Fransadan Ümbülbanun yazırdı: "Mən kiril əlifbasında çox çətinliklə də olsa "Küləyin tərkində" romanını oxudum. Əsər məni keçmişə apardı. Məni Bakını küçəbəküçə gəzdirdi. Xəzri və gilavar mənə həm hərarət, həm də sərinlik gətirdi. Sizin nə gözəl adınız var: Ələviyyə. Bu ad Sizdə hardandır? Bu əsəri fransız dilinə tərcümə etmək fikrindəyəm. Məni qədim Bakı ilə yenidən görüşdürdüyünüz üçün çox sağ olun."
"Bəlkə sabah olmadı" romanı İsraildə nəşr olunmuşdu.
Ə.Babayeva öz müstəqil düşüncə tərzi ilə, özünəməxsus istedadı ilə ən çox seçilən sənətkarlardan idi. O, heç vaxt "böyüklərə" yaltaqlanmaq məqsədi güdməyib, nə əsərlərində, nə də şəxsi həyatında. Ən böyük idealı ədalət, düzlük, vicdan idi. Həyat həqiqətinin gözə görünməz düyünlərini açmağa cəhd göstərirdi.
Onun "Yanar su" romanı mənim kəşməkeşli, əzablı keçən həyatıma həsr olunmuşdu. Bu əsərin yaranma tarixi belə olmuşdur.
Azərbaycan Yazıçılar İttifaqı 1984-cü ildə Azərbaycan KP Mərkəzi Komitəsinə məktubla müraciət edərək, ədəbi obrazı yaratmaq üçün bir nəfər rayon partiya komitəsinin birinci katibinin namizədliyinin verilməsini xahiş etmişdir. Bu məsələyə baxılması dörd ay uzanmışdı. Xüsusilə Sosialist Əməyi Qəhrəmanları olan birinci katiblər açıq-aydın cənfəşanlıq göstərib deyirdilər: ədəbi əsər niyə də bizim haqqımızda yazılmasın, axı biz Sosialist Əməyi Qəhrəmanlarıyıq. Bu məsələ Azərbaycan KP Mərkəzi Komitəsinin Katibliyində müzakirə olunarkən, büro üzvü, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yusifzadə söz alıb demişdir:
- Xidməti işimlə əlaqədar mən tez-tez sərhəd rayonlarında oluram. Astara və onun raykom katibi Çingiz Fərəcovun iş üsulu barədə məndə səhih məlumatlar vardır. Mən əminəm ki, o, öz adına ləkə gətirən bir hərəkətə yol verməyəcəkdir. Astarada hamı onun düzlüyündən, təmizliyindən danışır. Mən Çingiz Fərəcovun namizədliyinin üstündə dayanır və təklif edirəm ki, Yazıçılar İttifaqına onun namizədliyi verilsin.
Beləliklə, Mərkəzi Komitənin kənd təsərrüfatına baxan katibi İsa Məmmədovdan başqa, qalan büro üzvləri mənim namizədliyimi müdafiə etmişlər.
Sonralar mənə danışdılar ki, mənim barəmdə Rəssamlar İttifaqına da müsbət rəy bildirilmişdir.
Yazıçı Ələviyyə Babayeva, publisist Nahid Hacıyev, Əzizə Əhmədova mənim həyat və fəaliyyətimi əks etdirən əsərlər yazmağı öz boyunlarına götürmüşlər.
Bir ildən sonra mənim həyat və fəaliyyətim barədə yazıçı Ələviyyə Babayeva "Yanar su" romanını, Nahid Hacıyev "Köçündən ayrılan durna", Əzizə Əhmədova isə "Mavi gözlərin işığı" povestlərini yazıb başa çatdırdılar.
Yazıçı Cəmil Əlibəyov isə mənim həyatımın bəzi anlarını "Mənim analı dünyam" romanında geniş işıqlandırmışdı. Mədinə Gülgün mənim barəmdə şeir yazmış, Bəxtiyar Vahabzadə isə "Kommunist" qəzetində "Astarada görüdklərim" adlı məqalə dərc etdirmişdir.
Əlbəttə, Ələviyyə Babayevanın "Yanar su" romanı respublikada çox maraqla qarşılandı və demək olar ki, 10-15 gündə satılaraq, kitab mağazalarında bir dənə də olsun kitab qalmadı.
Bundan xəbər tutan Sov. İKP Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsi göstəriş verdi ki, təcili "Yanar su" romanı rus dilinə tərcümə olunaraq Moskvaya Mərkəzi Komitəyə göndərilsin. Bu barədə tərcüməçi E.Juravlyovaya sifariş verildi, altı aya kitab rus dilinə tərcümə olunub makina yazısı Moskvaya göndərildi. Oradan Azərbaycana baxan V.Kondratyev və Q.Razumov kitabın rus dilində nəşrinə icazə verdilər.
Rus dilində çıxan kitabın 200 ekzemplyarı Moskvaya Sov. İKP Mərkəzi Komitəsinə göndərildi. Həmin nüsxələr müttəfiq respublikaların KP Mərkəzi Komitələrinə, diyar və vilayət partiya Komitələrinə də göndərildi. Sov. İKP MK-nın tapşırığına əsasən 1988-ci ildə "Pravda" qəzetində mənim iş üslubum barədə "Çingiz Fərəcovun prinsipləri" adlı böyük oçerk, "İzvestiya" qəzetində isə L.Tahirovun "Xeyirxahlıq" məqaləsi dərc olundu.
Xalq rəssamlarından Salam Salamzadə "Raykom katibi" tablosunu, Rasim Babayev isə "Azərbaycan ziyalısı" adlı portreti yaratdılar. "Raykom katibi" tablosu dünyanın bir çox ölkələrinin sərgi salonlarında nümayiş etdirilmişdir.
Mən adları qeyd olunan və dünyasını dəyişən bu adamların hamısına öz minnətdarlığımı bildirirəm.
Yazıçı Ələviyyə Babayevanın "Yanar su" romanı asanlıqla başa gəlməmişdir. Bir gün Şuşadan mənə zəng etdilər ki, Ələviyyə xanım bir aydan çoxdur ki, Şuşadadır. O, böyüyüb başa çatdığım 5 nömrəli uşaq evində olub, tərbiyəçi və müəllimlərdən mənim barədə ətraflı məlumat yağmışdır. Mənim oxuduğum Kənd Təsərrüfatı Texnikumunda isə Ələviyyə xanımı yüksək səviyyədə qarşılayıb, mənim barəmdə kitab yazdığına görə onu kollektivin fəxri üzvlüyünə qəbul etmişlər.
Az sonra eşitdim ki, o, vaxtilə işlədiyim, Sumqayıtın tabeliyində olan Altıağac kəndində olub, ruslardan, dağlılardan, Ermənistandan əvvəllər köçüb gəlmiş adamlardan mənim barədə zəngin materiallar toplamışdır.
1983-cü ildə mən Astara rayon Partiya Komitəsinin birinci katibi işləyirdim. Ələviyyə xanım Astarada olub, əhali ilə görüşür, hətta mənim vətəndaşları qəbul günlərimdə və apardığım büro iclaslarında iştirak edib, mənim barədə məlumat alırdı.
"Yanar su" romanı belə çətinliklə, böyük yazıçının min bir əzablı əziyyəti hesabına yarandı.
Romanın əsas qayəsi belədir ki, insan hər şeydən yüksəkdə dayanmalı, o, düzlüyün, ədalətin carçısı olmalıdır. Bu əsər elə bir sadə dildə, böyük maraqla yazılmışdı ki, o, əldən-ələ gəzirdi.
Az sonra SSRİ-nin Mərkəzi Televiziyası mənim barəmdə "Həyatın burulğanında" adlı 40 dəqiqəlik sənədli film çəkdi. Həmin filmin ssenari müəllifi də Ələviyyə Babayeva idi.
Ələviyyə xanım rus dilini mükəmməl bilirdi. Onun evində olan 10 min kitabın 90-95 faizi rus dilində olan bədii kitablardır. Rus dilində olan kitabları oxumaq onun intellektual səviyyəsinə güclü təsir göstərmişdir.
Böyük şairimiz Bəxtiyar Vahabzadənin xatirələrindən:
"Keçən əsrin 70-ci illərində SSRİ Yazıçılar İttifaqı bir qrup yazıçı və şairi Sibirə ezamiyyəyə göndərmişdi. Bu göndərişdə əsas məqsəd Azərbaycan ədəbiyyatını geniş təbliğ etmək idi. Qrupda Nəbi Xəzri, Söhrab Tahir və digərləri ilə yanaşı Ələviyyə Babayeva və mən də var idik. Tümendə, Barnaulda, Altayda çoxlu görüşlər keçirdik. Ələviyyə xanım rus dilində elə gözəl danışırdı ki, hamını valeh edir və böyük uğurlar qazanırdı. O, ensiklopedik bilik səviyyəsi ilə bizim üzümüzü ağ, başımızı uca etdi."
Keçən əsrin 60-70-ci illərində Moskvada onun əsərləri tez-tez çap olunurdu. Ələviyyə xanım mərdi-mərdanə, qorxmaz, sədaqətli bir insan idi. Elə buna görə də 94 il yaşadı. 94 il yaşamağın özü də bir qəhrəmanlıqdır.
Ölümünə bir neçə gün qalmış məni yanına çağırdı. Qardaşı Rasim Babayevin övladları Elnur və Çingiz də orada idilər. Son vəsiyyətini mənə diktə etdi:
- İstəyirəm hamı bilsin ki, Heydər Əliyev olmasaydı, yəqin ki, mən acından ölərdim. Ona görə də mən birinci növbədə ona dönə-dönə rəhmət diləyirəm.
Mənim ömrümün axırıdır, son günlərimi yaşayıram. Tək-tənha adamam. Yəqin ki, mənim yas günlərimə qohum-əqrəbamdan başqa heç kəs gəlməyəcək. Ancaq mən sənə 15 nəfərin adını deyəcəm. Gözlərimi yumanda onlara xəbər ver, qoy onlar mənim yasımda iştirak etsinlər. Ələviyyə xanım Sabir Rüstəmxanlının, Söhrab Tahirin, Zəlimxan Yaqubun, Tənzilə xanımın, İntiqam Qasımzadənin, Aqil Abbasın, Musa Ələkbərlinin, İlyas Tapdığın, Aydın Quliyevin, İradə adlı bir xanımın, Flora Xəlilzadənin, Çingiz Əlioğlunun, Akif İslamzadənin və daha iki nəfərin adlarını yazdırdı.
Sonra isə vəsiyyətini davam edərək dedi:
- Mən yoldaşımla ailə quranda məni qınayırdılar, mənə çəpəki baxırdılar, haqqımda çoxlu söz-söhbət, dedi-qodu yaradırdılar. Lakin o, mənim səbirli olmağımı məsləhət görürdü, dedi-qoduya uymamağı tapşırırdı. Bir sözlə, mənə çox hörmət edirdi. Əlimi ağdan-qaraya vurmağa qoymazdı. Deyərdi ki, Allah sənə böyük istedad verib, sən ancaq yazmalısan. Azərbaycan dilini gözəl bilirdi. Yazdığım əsərlərin ilk oxucusu o idi. Əsərlərimə tənqidi yanaşardı. Onun məsləhətlərinə əməl edərdim. Əgər bu gün gənc bir qız olsaydım, yenə də onu seçərdim, yenə də onunla ailə qurardım. Mənim bu səviyyəyə yüksəlməyimdə ömür-gün yoldaşımın böyük rolu olmuşdur. O, başqa millətdən olsa da, Azərbaycan adət və ənənələrinə hörmətlə yanaşırdı. Onun məscidə gedib islam dinini qəbul etməsi hamımızı kövrəltmişdi. Dönə-dönə tapşırmışdı ki, o, Azərbaycan qəbiristanlığında, islam qayda-qanunları əsasında dəfn edilsin. Belə də oldu. Həyat yoldaşım ailəmizdə ən çox hörmət etdiyi anamın yanında dəfn edildi.
İndi mənim vacib bir xahişim var. Bu dünyada mənə çox əzablar verdilər, illər məni çox yordu. Xahiş edirəm, həyat yoldaşımın qəbrini açarsınız, onun sür-sümüklərini mollalarımız necə lazımdırsa, o qaydada kəfənləsinlər. Məni həmin qəbirdə basdırsın. Ömür-gün yoldaşımın kəfənlənmiş sür-sümüklərini mənim başımın altına qoyun. Mən onun dizləri üstündə əbədi uyumaq istəyirəm.
Belə də oldu. Ələviyyə xanımın arzusu həyata keçirildi.
İndi bir baş daşında iki adamın adı yazılmışdır: görkəmli Azərbaycan yazıçısı Ələviyyə Babayevanın və onun həyat yoldaşının.
Ələviyyə xanım Babayevanın sevimli qardaşı, xalq rəssamı Rasim Babayev altı ildir ki, vəfat etmişdir. Onlar çox mehriban qardaş-bacı idilər. Rasimin ölümünü ondan gizlədirdilər. Ölən günədək Ələviyyə xanıma deyirdilər ki, Rasim İngiltərədə uzunmüddətli yaradıcılıq ezamiyyətindədir. O, hər dəfə deyirdi ki, Rasim niyə mənə zəng etmir, nə üçün həyat yoldaşını tək-tənha qoyub gedib?! Bir gün mənə dedi:
- Rasimdən çox incimişəm. Qoy gəlsin, ona bir-iki sözüm var. Səidə kimi dəyərli bir qadını tək-tənha qoyub çıxıb gedib, gəlmək bilmir.
Hər dəfə saatlarla onun divardan asılmış şəkilinə və "İçəri şəhər" tablosuna baxıb kədərlənərdi. Ölümündən iki-üç dəqiqə əvvəl başını qaldırıb qəfildən dedi:
- Rasim, gəldin? Bəs adam həyat yoldaşını, uşaqlarını, bacılarını qoyub belə uzaq səfərə gedərmi? Əyil üzündən öpüm.
Sonra isə başını yastığa qoyub gözlərini həmişəlik yumdu.
Hamı bu səhnəyə dözə bilməyib göz yaşları axıtdı.
Allah ona rəhmət eləsin.
Elə bu dəm böyük müğənnimiz Sara xanım Qədimovanın oxuduğu bir mahnının qəlbyandıran təranələri açıq pəncərədən içəri doldu:
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi.
Göydə bulud yox idi,
Bu sel haradan gəldi.

P.S. Ələviyyə xanımın yasının ikinci cümə axşamına çox adam gəlmişdi: yazıçılar, şairlər, rəssamlar, müğənnilər və s. Kimsə cibindən "Ədəbiyyat" qəzetini çıxarıb, burada nəşr olunan Ələviyyə xanımın nekroloqunu oxudu. Hamı başını yırğalayıb lal-dinməz öz təəccübünü və təəssüfünü bildirdi.
Belə də nekroloq olar, üç-dörd quru, cansıxıcı cümlə? Bu, belə məşhur yazıçıya yaraşmayan nekroloq idi.
Ələviyyə xanımı sevənlərdən xahiş edirəm ki, 26 sentyabr 2014-cü il tarixli "Ədəbiyyat" qəzetini tapıb həmin nekroloqu oxusunlar. Yəqin ki, həmin nekroloqu oxuyanlar təəccüb və təəssüf hissi keçirəcək, insan taleyinə laqeyd, biganə münasibətin şahidi olacaqlar. Ona görə də bu yazını nekroloq əvəzi təqdim edirəm.
Allah rəhmət eləsin.

TƏQVİM / ARXİV