adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

"Qarabağ" zirvədə, "Simurq"dan darmadağın, gözlənilməz bombardir...

İNTİQAM VALEHOĞLU
289045 | 2014-10-28 01:27

Həftəsonu Futbol üzrə Azərbaycan çempionatının doqquzuncu turunun oyunları keçirilib. "Ədalət" qəzeti oyunların nətivələri, ən maraqlı məqamları və açıqlamaları diqqətinizə çatdırır.
İlk oyun günündə "Qəbələ" mövsümün sürpriz komandası "Sumqayıt"ı qəbul edirdi. Təcrübəli hakim Vüsal Əliyevin idarə etdiyi qarşılaşmada hesabın açılmağı üçün tamaşaçılar 41 dəqiqə gözlədilər. Ramazan Abbasov qonaqları hesabda irəli çıxardı. İkinci hissə başlar-başlamaz meydan sahiblərinin hücumları ara vermirdi. Amma buna baxmayaraq, Aqil Məmmədovun komandası yetərincə yaxşı müdafiə olunmağı bacarırdı. Lakin bütün bunlar 79-cu dəqiqəyə qədər davam elədi. 79-cu dəqiqədə Cavid Hüseynov hesabı bərabərləşdirdi. Amma 11 dəqiqə sonra Farkaş, 90-ci dəqiqədə isə Ekiqo Ehiosunun qolları "Qəbələ"yə 3 xalı qazandırdı.
Çempionata böyük iddialarla başlayan AZAL ağır günlərini yaşayan "Bakı"nı qəbul edirdi. Gözlənilirdi ki, Tərlan Əhmədovun komandası "Bakı"nın gənclərdən qurulmuş heyətini əliboş yola salacaq. Amma... "AZAL Arena"da baş tutan oyunun ilk hissəsindəki qarşılıqlı hücumlara baxmayaraq, hesab açılmadı. İkinci hissə başlar-başlamaz "Bakı" hesabı açdı. Gənc futbolçu Nurlan Novruzov baxımlı qola ima atdı. 76-cı dəqiqədə isə gənc hakim Elvin Əsgərov "Bakı"nın oyunçusu Vüqar Bəybalayevi meydandan qovdu. Bundan sonra hesbaı bərabərləşdirmək üçün irəli atılan "təyyarəçilər"in cəhdləri bəhrəsini vermədi və qonaqlar matçdan 0:1 hesablı qalibiyyətlə ayrıldılar.
"Simurq" -"Araz Naxçıvan" qarşılaşması ilk baxışdan o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Amma oyun gözlənildiyindən də maraqlı alındı. Bunu daha çox Zaqatala təmsilçisinə aid etmək olar. Belə ki, Çixradzenin komandası bütün məğlubiyyətlərin hayıfını sanki naxçıvanlılardan çıxırdı. Əliyar Ağayevin idarə etdiyi oyunda hesab 34-cü dəqiqədə açıldı. Marko Stanoyeviç qol şousunun açılışını etdi. İlk hissə bu hesabla başa çatdı. İkinci hissə başlayan kimi qonaqlar daha bir dəfə mərkəzə dəvət olundular. Bu dəfə Rəşad Eyyubov qol vurdu. İstedadlı gənc futbolçunun 56 və 90-cı dəqiqədə vurduğu qollar "Simurq"un "Araz Naxçıvan" üzərində 4:0 hesablı qələbsini təmin etdi.
"Neftçi"-"İnter" oyunu isə turnir cədvəli baxımından turun mərkəzi oyunu hesab olunurdu. Səkkizinci kilometr qəsəbə stadionda keçirilən oyun FİFA referisi Fariz Yusifova həvalə olunmuşdu. 90 dəqiqə ərzində tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, oyunda hesab açılmadı.
Avroliqada uğurla mübarizə aparan "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda Oğuz Çətinin "Xəzər Lənkəran"ını qəbul edirdi. Cənubluların bu sınaqdan üzüağ çıxacağı elə də inandırıcı görünmürdü. Amma ilk hissədə Ağdam təmsilçisinin qonaqlara üç qol vuracağı da ağlabatan deyildi. 18-ci dəqiqədə "Qarabağ"ın yeni transferi İnnisent Emeqara ona qarşı kobudluğa görə Ramil Diniyevin təyin etdiyi penaltini qola çevirdi. On dəqiqə sonra Emeqara rəqib torunu ikinci dəfə silkələdi. Gənc futbolçu Cavid Tağıyev 33-cü dəqiqədə komandasının üçüncü qolunu vurmaqla, ilk hissənin hesabını müəyyənləşdirdi. İkinci hissə başlayan kimi Lənkəran təmsilçisi "Qarabağ"ın qapısı qarşısında ard-arda bir neçə təhlükəli epizod yaratdı. Şübhəsiz ki, burada "Qarabağ" müdafiəçilərinin də "rolu" var idi. Bunun məntiqi nəticəsi kimi 53-cü dəqiqədə hesab arasındakı fərq azaldı. "Xəzər Lənkəran"ın bolqar futbolçusu Qalin İvanov uzaqdan dəqiq və qüvvətli zərbəylə Şehiçi məyus etdi. Cəmi üç dəqiqə sonra isə Rauf Əliyev keçmiş komandasının qapısına yol tapdı. Vəziyyətin yaxşı olmadığını görən Qurban Qurbanov Almeyda, Reynaldo və Qara Qarayayevi meydana buraxdı. Oyunun sonuna iki dəqiqə qalmış hesab bərabərləəşə bilərdi. Qapı qarşısındakı qarışıqlıqdan sonra Tiaqonun zərbəsi Şehiçin qapısının azacıq yanından keçdi. Beləliklə, beşinci qələbəsini qazanan "Qarabağ" turnir cədvəlinin zirvəsinə yüksəldi.
Oyundan sonra verilən ən maraqlı aıqlamaları diqqətinizə çatdırırıq.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov:
"Oyunun ağır keçəcəyini futbolçulara çoxdan demişdim.Bunu hiss edirdim. Bəzi komandalara qarşı futbolçular özlərini hazırlaya bilmirlər. Əsas səhv isə məndə oldu. Heyətdə böyük dəyişiklik etmişdim. Bunun da acısını yaşadım. Özümü bağışlaya bilmirəm. Bir neçə gün burada olmamağım işə təsir etdi. Futbolçularla söhbət edə bilmədim. Bizi qarşıda ağır oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".
"Neftçi"nin baş məşqçisi Arif Əsədov:
"Meydançaya qələbə arzusu ilə çıxmışdıq. Bilirdik ki, "İnter" qapalı oyun sərgiləyəcək. Ona görə də üç hücumçu ilə mübarizə apardıq. İlk hissədə bərabər oyun olsa da, ikinci hissədə biz daha üstün idik. Qol epizodları var idi. Lakin bundan istifadə edə bilmədik. Bu oyunda Emin Balayevə şans verdik. Zaman keçdikcə ona daha çox güvənəcəyik".
"Araz Naxçıvan"ın baş məşqçisi Əsgər Abdullayev:
"Oyunla bağlı geniş danışmaq istəmirəm. Sadəcə, deyim ki, çox zəif oynadıq. Zəif cəhətlərimiz çoxdur. Bu gündən seleksiya işinə başlamalıyıq".
Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov:
"Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam. 1:10 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. "Qəbələ"nin ikinci qolunda qayda pozuntusu var idi. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir. "Qəbələ" barədə ümumiyyətlə, danışmaq istəmirəm. Çünki "Qəbələ" bu gün qələbəyə layiq deyildi".
"İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze:
"Çox gərgin oyun izlədik. Hər iki komanda medallara oynayır. Meydanda mübarizə və emosiyalar çox idi. "Üstünlük gah bir, gah da o biri komandada olurdu. Hesab oyuna görədir. Heç bir komanda qələbəyə layiq deyildi. Qarşıda bizi çətin oyunlar gözləyir. Onlara tez qısa bir vaxta hazırlaşmalıyıq".
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Oğuz Çətin:
"Çox məyusuq. Qələbə qazansaydıq turnir cədvəlində mövqeyimizi daha da yaxşılaşdıracaqdıq. Bu çox önəmli matç idi. Penalti və müdafiədəki səhvlər öz sözünü dedi. Amma biz ikinci hissədə toparlandıq. İkinci qoldan sonra ümüdləndik. Lakin nə qədər çalışsaq da, üçüncü qol vura bilmədik. Səhvlərimiz xal itkilərinə səbəb oldu. Bunu aradan qaldırmalıyıq".
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov:
"Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq. "Xəzər Lənkəran" yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda "İnter"ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq".
Bombardirlər yarışında isə vəziyyət belədir. "Simurq"un gənc hücumçusu Rəad Eyyubov 6 qolla ilk sıranı ələ keçirib. "İnter"in üzvü Mikel Alvaro 5 topla Rəşadı izləyir. "Sumqayıt"dan Məhəmməd Qurbanov, "Bakı"dan Nurlan Novruzaov, "Qəbələ"dən Cavid Hüseynov isə hərəyə 4 dəfə fərqləniblər.


TƏQVİM / ARXİV