adalet.az header logo
  • Bakı 20°C

ŞƏHİD

6550 | 2014-10-28 01:15




Uşaqlıqdan hərbçi olmağı arzulamışdı. Arzusu çin oldu. Sonra müharibə başladı. Ön cəbhəyə getməyi qərara aldı. Atası razı deyildi. "Sən bizim tək oğul övladımızsan, başına bir iş gəlsə, neylərik?" - deyirdi. Anası da gözünün yaşını sel kimi axıdırdı. "Sənin tayların oğul-uşaq sahibidir, sənsə müharibədir deyib, evlənmirsən... Getmə bala!"
Onlardan xəbərsiz getməyi qərara aldı. Çox dəliqanlıydı. Onun üçün Vətən hər şey deməkdi. Doğma torpağı düşməndən qorumaq üçün gedirdi
Getməmişdən əvvəl dostu ilə evlərinə gəldi. Dostu da gedəcəkdi. Atası onu hərbi döyüş paltarında görəndə duruxdu.
- Demək gedirsən? - dedi.
- Hə, Vətən dardadı...
Atanın xeyir-dua verməkdən başqa əlacı qalmadı. Bir neçə il zabit kimi düşmənə qarşı döyüşdü. Güllə bir dəfə qulağını sıyırıb keçdı, bir dəfə isə sol qolunu yaraladı. Ürəyinə bir neçə santimetr qalmışdı. "Allah üçüncüsündən saxlasın!" Həmişə anası dua edirdi. Allah qorudu balamı.
Gözaltısı da vardı. Aynur. Elə indicə ayrılmışdı ondan. Qız nigarançılıqla ona demişdi:
-Axşam yuxumu qarışdırmışam, Çingiz...
Gülərək qızın başını köksünə sıxmışdı.
-Sən də lap anam kimi danışdın. Nolasıdı mənə ay qız? İnanma belə şeylərə. Torpaqlarımız düşmən əlindədir. Onu geri almamış, ölən deyiləm.
Qız nigaran baxışlarını gülab kimi oğlanın üzünə çiləmişdi. Yuxusunu ona danışırdı. "Gördüm ki, qaranlıqda dar, uzun tunellə gedirsən. Çağırıram, dönüb baxırsan, deyirsən bağışla məni, Aynur. Mən tələsirəm, orda məni gözləyirlər. Nə qədər çağırıram, qayıtmırsan. Qaranlıqda qeyb olursan". O isə qıza təsəlli vermişdi. "Ay dəli... Nə ola bilər mənə? Dedim axı, inanma belə şeylərə. Düşməni torpağımızdan qovub çıxartmasam, ölümə can vermərəm!"
Vidalaşanda Aynura demişdi:
-Sabah elə bu vaxt burda olarsan.
-Yaxşı. Gözləyəcəm.
-Gələcəm Aynurum! Mütləq gələcəm!
"Çox qəribədir, anam da yuxusunu qarışdırıb..." Gənc zabit 185 saylı avtobusda arxa küncdə oturub düşünürdü. "Səhər evdən çıxanda elə pərişan-pərişan baxdı ki, ürəyim parçalandı. Anamın baxışları heç gözlərimin qabağından getmir. Atamın da baxışlarında nigarançılıq gördüm. Eh, ay ana, ay ata, alnımıza nə yazılıb, o da olacaq! Quş olub göyə uçsaq da, Tanrının verdiyi ömrü yaşamalıyıq. Neçə il ön cəbhədə oldum. Müharibənin dəhşətlərini gördüm, ölmədim, indimi öləcəyəm? Ölsəm də, şəhid kimi öləcəm!
Aynurun səsi gəldi qulaqlarına. "Bilirəm, Çingiz, Vətən sənim üçün atandan, anandan, məndən də qiymətlidir. Ən böyük sevgilin Vətəndi! Buna görə də sevirəm səni! Qorxaq oğlan olsaydın, səni heç vaxt sevməzdim!"
Gülümsədi. "Darıxma, gülüm! Tezliklə elçi göndərəcəm!"
-Naxçıvanskidə düşmək istəyən kim idi?
Yekəpər, bığlı sürücü avtobusun balaca güzgüsündən gözlərini Çingizə zillədi.
-Mənəm. Bir dəqiqə gözləyin.
Tələsik qalxdı. Sürücüyə bir abbası uzadıb avtobusdan düşdü. Yolun o biri tərəfinə keçib Naxçıvanski adına Hərbi məktəbin həyətinə daxil oldu. Tələsirdi. Türkiyədən yüksək çinli zabitlər gələcəkdi. Onları qarşılamalıydılar. Bu münasibətlə böyük hazırlıq görülmüş, süfrə açılmışdı. Hamı gözləyirdi. Bir azdan qonaqların gəlişinin təxirə salınması xəbəri gəldi.
Müdavimləri yola salandan sonra zabitlər süfrəyə əyləşdilər. Çingiz oturmadı. Zabit dostları Asif, Akif, Məhərrəm nə qədər israr etdilərsə, xeyri olmadı. "Tələsirəm! Getməliyəm! Gözləyirlər! Sabah görüşərik!"-dedi.
-Özündən muğayat ol,-Ələkbər dedi. Vətənə sənin kimi vətənpərvər oğullar həmişə lazımdır!
Çingiz gülümsəyib əl elədi. Uzaqlaşdı. Yaxın dostu Asif nədənsə onun arxasınca bir xeyli baxdı... İstədi onu dayandırsın, getmə-desin. Deyə bilmədi. Sanki ağzı kilidlənmişdi. Sonradan bunu özünə dərd edəcəkdi. Asif də, digər dostları da.
Axşam düşürdü. Hava qaralmağa doğru gedirdi. Zəif payız küləyi əsir, adamlar günüorta istisində soyunduqları gödəkçələri, plaşları elə ayaqüstü əyinlərinə geyir, evlərinə tələsirdilər. Çoxunun yolu metrodan idi. İşdən çıxmışdılar. Yorğun-arğın eskalatorla aşağıya enirdilər. Heç kimin ağlına gəlmirdi ki, bir azdan erməni terrorunun Bakı metrosunda törədəcəyi dəhşətli faciyəyə sayılı dəqiqələr, anlar qalıb. Sonradan bu faciə partlayış gücünə və ölü sayına görə Ginnesin rekordlar kitabına düşəcəkdi. Hələlik isə yüzlərlə insan eskalatorda bir-birini ötərək keçir, dəhşətli ölüm vaqonuna minməyə tələsirlər. C.Naxçıvanski adına hərbi məktəbin zabiti, Baş leytenant Çingiz Babayev də bir neçə müdavimlə birlikdə "Neftçilər" stansiyasının yanında avtobusdan düşüb metroya endi. Çingiz heç vaxt metrodan istifadə etməzdi. Bu gün hansısa qüvvə onu yeraltı dünyaya sürükləyirdi.
Müdavimlər müxtəlif vaqonlara səpələndilər. Çingiz tələbələri Nicat və Ruslanla bir vaqona mindi.
"Qapılar bağlanır. Növbəti stansiya "Nəriman Nərimanov".
Selektordan eşidilən qadın səsindən sonra qapılar sürətlə bir-birinə çırpıldı. Qatar "Ulduz" stansiyasından aralanıb tunelə daxil oldu.
Birdən partlayış səsi eşidildi. Qatar dayandı. Vaqonları tüstü bürüdü. Adamlar çaxnaşmaya düşdülər. Qadınlar qışqırmağa, uşaqlar ağlamağa başladılar. İkinci vaqonda dəhşət idi. Qadınlar vaqonun qapısını döyəcləyirdilər. "Tez olun, köməyə gəlin!" Adamlar bir-birini tapdalayarıb çıxmağa yer axtarır, bir azdan alovlanacaq bu dəhşətdən canlarıını qurtarmağa çalışrdılar. Gənc bir qadının qucağındakı körpə uşaq döşəməyə düşdü.
Gənc ana uşağını götürmək üçün əyildi. Bu vaxt kimsə irəli keçmək istəyəndə ayağı ilşdi, zərblə onlara dəydi. Qadın uşaqla birlikdə döşəməyə yıxıldı. "Vayy!! Uşağım öldü!.." Ana qışqırırdı.
-Allahım, qurtar bizi bu bəladan!-Ahıl yaşlı bir qadın əllərini açıb dua edirdi. Erməniyə can vermədik, qaçıb gəldik buraya... Burda da başımıza gələnə bax. Deyir, arığın nə işi vardı qoruxda, vurub qıçın sındıralar. Bizə deyən gərək, nə işin vardı bu şəhərdə ki, başına belə iş gəlsin. Hindi öl, öl qal bu qarannıxda... Oturmuşdun da dağında, daşında.
-Qoydular ki, a bajı oturmağa...-Şişman bir qadın dedi.
-Düz deyirsən a bajı, a bajı. Qoymadı erməni dığası. Allah təpələrinə...
İkinci güclü partlayış səsindən qadının sözləri eşidilməz oldu. İşıqlar söndü. Vaqonları qatı tüstü bürüdü. Dəhşətli qışqırıq, ağlaşma səsləri qaranlıq tunelin divarlarını dəlib stansiya boyu əks-səda verdi.
Stansiya rəisi Şaiq müəllim, nəzarətçi Cümşüd və digər metro işçiləıri partlayış səsini eşidib həyəcanla aşağıya yüyürdülər. İnsanların çığırtısı- bağırtısı qulaq batırırdı. Heç kəs şaxtaya enməyə cəsarət etmirdi.
Bu vaxt dördüncü vaqondan əynində qara hərbi forma ucaboy, yaraşıqlı gənc zabit çıxdı. Bu Çingiz idi. Onun gəldiyi vaqona heç bir xətər toxunmamışdı.
İçəridən gələn fəryad səslərinə dözməyən Çingiz cəld müdavimlərinə "ardımca gəlin"-dedi.
Şaiq və Cümşüd də onlarla birgə şaxtaya endilər. Tüstülənən vaqona yaxınlaşanda gözlərinə inanmadılar. Adamla dolu olan vaqon yanmaq üzrə idi. Şoka düşən insanlar bir-birini əzərək bayıra çıxmağa, canlarını xilas etməyə çalışırdılar. Oğul atanı, qardaş bacını unutmuşdu. Çoxları ayaq altında qalaraq canlarını tapşırırdı. Qarabağ müharibəsinin dəhşətlərini yaşamış, neçə dəfə odun-alovun içində düşmənlə üz-üzə gəlmiş Şaiq Heydərov, Cümşüd Cəfərov və Çingiz Babayev belə müsibət görməmişdilər! Aman Allah! Bütün bunları görmək dəhşət idi.
Çingiz müdavimlərə göstəriş verdi. Şaxtadan əllərinə keçən dəmir vedrələrlə, lomla, təpiklə pəncərələrin şüşəsini qırmağa başladılar.
-Tez olun, çıxın! -Çingiz qışqırdı.
Camaat bir-birini basaraq, itələyərək tunelə tökülüşdü.
-Əzməyin bir-birinizi... Səbrli olun!- Çingiz dedi. -Hamınızı xilas edəcəyik.
-Qardaş, Allah yetirdi səni! Kömək elə başına dönüm! -Döşəmədə ayaq altda qalan gənc qadın zarıyırdı. - Mən cəhənnəm, qoyma ölsün balamı...
Çingiz huşsuz halda başını anasının sinəsinə söykəmiş 6-7 aylıq körpəni qucağına alıb qadını ayağa qaldırdı.
-Allah sənin köməyin olsun, qardaş! Allah səni darda qoymasın heç vaxt!
Qadın bayıldı. Çingiz müdavimləri ilə köməkləşib onu bayıra çıxartdı. Cəld içəri döndü.
Yaşlı bir qadın üzünü Çingizə tutub zarıyırdı: "Başına dönüm, oğul! Səni Allah yetirdi. Kömək elə".
Müdavimlərdən Samir, Elşən, Nicat, Ruslan, Edik və digərləri də fəal kömək edirdilər.
Xilas etdikləri adamları bir-birinə ötürüb içəri cumurdular. Tüstü və yanğın isə ara vermirdi. Az sonra bu zəhərli, boğucu tüstüyə çevrildi.
-Yanınzda su varsa, dəsmalı isladıb ağzınıza tutun, boğulmayasız.
Hərbçi olduğu üçün bilirdi. Özü də kiçik cib yaylğını tez-tez kanalizasiya suyunda isladıb ağzına, burnuna tuturdu. Müdavimlər papaqlarını boğulan uşaqların, qadınların ağzına tuturdular. Üç yüzə qədər adamı xilas etdilər.
Çingiz növbəti dəfə qayıdanda qoca bir kişini yerdə bayılmış vəziyyətdə gördü. Qolundan tutub qaldırdı. Üzünə su vurdu. Kişi özünə gəldi. Yanında yeniyetmə bir qız da vardı. Huşsuz halda zarıyırdı. Kişi: "Oğul, özüm gedərəm"-dedi. "Sən ona kömək elə".
Bir qolunda qoca, o biri əliylə qızı tutaraq işığa doğru addımladı. Qabaqda gənc bir qadın körpəsini bağrına basaraq divara söykənmiş halda dünyasını dəyişmişdi. Dəhşətli mənzərə idi! Çingizin ürəyi qana döndü. Özü də halsız idi. Nə qədər tədbirli olsa da, zəhərli tüstü öz işini görürdü.
Qoca ilə qızı perrona qoydu. Qayıtmaq istədi.
-Daha bəsdi, müəllim, getməyin-Tələbəsi Elşən dedi. - Siz haldan düşübsüz...
-Yox, orda içəridə yenə adamlar qalıb. Söz verdim, qayıdıb sizi xilas edəcəm. Gözləyirlər. Getməliyəm ...
-Axı vəziyyətiniz yaxşı deyil!-stansiya rəisi Şaiq müəllim həyəcanla dedi. - Bu riskdi! Bilə-bilə ölümə gedirsiz...
-Son dəfə... Sonuncu dəfə... daha getməyəcəm!
Əleyhqazı üzünə taxdı. Tunelə doğru hərəkət etdi. Müdavimləri Ruslan, Nicat, Samir də onun ardıyca. Bir az getmiş Samirlə Nicat, az sonra da Ruslan yıxıldılar.
-Siz qayıdın. Uşaqlar, mən də indi gəlirəm.
Uşaqlar onu eşitmirdilər...
Çingiz bir qadının və 4-5 yaşlı uşağın qolundan tutub geriyə addımlamağa başladı.
Daha güc qalmamışdı onda. Bütün qüvvəsini toplayıb onları aparırdı. Aha! Uzaqdan işıq göründü.
-Çox sağ ol, qardaş! Day özümüz gedərik. Allah sənə kömək olsun! Sən olmasaydın, biz öləcəkdik. Səni heç vaxt unutmayacağıq!
Hiss etdi ki, gözləri qaranlıq gətirir.
-Heç olmasa adını de, qardaş, bilək, xilaskarımız kimdi?
Xoş bir ağrı canını bürüyürdü.
-Eşidirsən, qardaş? Başuva dönüm, aduvu de... Ay camaat, köməyə gəlin, bu oğlan bizi xilas edib, özü yıxıldı!
31 illik həyatı kino lenti kimi gözlərinin önünə gəldi. Budur, atası və anası ilə Kişinyova istirahətə gediblər. Balaca Çingiz onları atlı heykəlinin yanına aparır. "Burda şəkil çəkdirək. Mən də böyüyəndə qəhrəman olacam, ata! Heykəlimi qoyacaqlar".
Sonra Aynur gəldi gözünün önünə. "Yuxun çin oldu, Aynur! Mən gedirəm... Amma neçə insana həyat verib gedirəm. Getdiyim yer uzaqdı..."
Lap uzaqdan qulağına səslər gəldi.
-Çingiz müəllim, açın gözünüzü! Nolar, ölməyin... Xahiş edirəm...
Tələbəsi Elşənin səsi idi.
Bəs o kim idi hönkürən? Evlərində... Hə, anasının səsi idi.
-Oğul, bizi gözüyaşlı qoyub hara gedirsən?
-Sən hələ yaşamalısan! -Atasının səsi idi. - Evlənməlisən. Bizə nəvə verməlisən. Tələsmə getməyə...
"Bağışla məni, ana! Bağışla ata! Sizə nəvə verə bilmədim... Mən sizi çox sevirəm. Amma getməliyəm. Şəhid olmağa gedirəm! Tanrı çağırır. Məndən nigaran qalmayın! Təki Vətən sağ olsun!"
Yavaş-yavaş göylərə doğru uçurdu. Ətrafına baxdı. Nicat, Ruslan, Samir də arxasınca gəlirdilər...
Ey şəhid oğlu şəhid!- Qeybdən səs gəldi qulağına. - Gözün aydın, Tanrı sənə şərəfli ad verdi. Xoş gəldin, şəhid!
Üzünə düşən işıqdan gözləri qamaşdı. Özünü quş kimi hiss etdi.
Uçurdu... hey uçurdu...

EPİLOQ

Qara paltarlı, qara örpəkli gənc bir xanım əlində gül dəstəsi Yasamal məzarlığına doğru addımlayır. Qəbirlərin arası ilə xeyli yol gedib qara mərmərdən hazırlanmış məzarın yanına çatıb dayanır. Əlindəki gül dəstəsini məzarın üzərinə qoyur. Üzünü sinədaşından ona baxıb gülümsəyən hərbi paltarlı oğlanın üzünə söykəyir.
Yana-yana ağlayır.
Bu odur. Aynur. Gəilb ki, illər öncə söz verib vədinə xilaf çıxan sevgilisinin məzarını ziyarət etsin.


(hekayə)

TƏQVİM / ARXİV