adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Oktyabr 2014 15:42
6963
ƏDƏBİYYAT
A- A+

“Ədəbiyyat insanın vicdanını oyaq saxlayır” - Kamran İmanov

Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov APA-ya müsahibə verib. Adalet.az həmin müsahibəni təqdim edir:

- Kamran müəllim, zəng etməzdən əvvəl qəsdən bir neçə jurnalistdən Sizin haqqınızda soruşdum. Məlum oldu ki, jurnalist dostlarınızın sayı az deyil. Yazı-pozu adamının dövlət rəsmisi ilə dostluğu nədən keçir?

- Dostluğun bir universal düsturu var: dost qazanmağın yeganə yolu özünün dost olmağındadır. Biz çoxlu tədbirlər, dəyirmi masalar, konfranslar keçiririk. Jurnalistləri dəvət edirik və bir ənənə olaraq mən bu yığıncaqlarda çıxış edirəm, müzakirələrdə iştirak edirəm. Jurnalistlər müəlliflərdir, bir qayda olaraq yaradıcı təxəyyüllü insanlardır. Üstəlik, müəlliflik hüququna aid suallarla bağlı mobil telefonla tez-tez şəxsən mənim özümlə təmasda olurlar. Münasibətlərimiz, davranış qaydalarımız belə qurulub. Aqillər deyiblər ki, insanın davranış tərzi onun simasını göstərən güzgüsüdürsə, dünya hər kəsə onun öz əksini qaytaran güzgüdür. Haqqımda xoş söz deyənlərə təşəkkürümü bildirirəm. 

- Telefonda danışanda dediniz ki, təcili müsahibə üçün əlverişli müsahib deyiləmsə, başqa bir rəsmi şəxslə görüşün, növbəti həmsöhbət mütləq mən olaram. Məmurun belə əlçatan olması əlavə problemlər yaratmır? 

Məmurun əlçatımlığı, zənnimcə, problemli deyil, əksinə, daha əlverişli, təbii olmalıdır. Dövlət başçısı çox vaxt qeyd edir ki, məmur insanlara, xalqa xidmət edir. Fəaliyyəti haqqında məlumatı çatdıran isə qələm dostlarınız, məmurun fəaliyyətinin şəffaf və açıq olmasını təmin edənlərdir. 

- Dövlət məmuruna iş qayğılarından, rəsmi mərasimlərdən vaxt tapıb öz hücrəsinə çəkilmək çətin başa gəlir? Yoxsa kənar məşğuliyyət tapıb həyata rəng qatmaq insanın təbiətindən asılıdır? 

Hər bir şəxs, o cümlədən məmur daim bir seçim qarşısındadır: ya sevimli işi seç, ya da mövcud işi sev. Seçimim var və əqli mülkiyyət sahəsi ilə böyük məmnunluqla məşğul oluram. Fəaliyyət dairəmə maraq və həvəs işin stimuluna çevrilir. Necə deyərlər, "külək şamın alovunu alar, tonqalı isə alovlandırar”.

Marağımın səbəbi də çox sadədir. Əqli mülkiyyət mövcud biliklərdən yaranır və yeni biliklərlə nəticələnir. Müasir cəmiyyətin inkişafında biliklərin əhəmiyyətini nəzərə alsaq, onların qorunmasının vacibliyini də aydın görərik. Özü də mən əqli mülkiyyətin yalnız gündəlik praktiki yox, nəzəri problemləri ilə məşğul olan şəxsəm. Özüm də bu bilik dövranının iştirakçısı və daşıyıcısıyam. Biliyin isə ölçü-həcmi yoxdur. Nə qədər çox bilsən, o qədər də az bildiyini anlayırsan.

Üstəlik, maraq dairəmə ilkin ixtisasımla bağlı hesablama riyaziyyatı, sistemli analiz də daxildir və Azərbaycan türklərinin tarixinin qədim dövrünə böyük maraq göstərirəm. Belə ki, öz hücrəmə daxil olmaq mənim üçün araşdırma istiqamətlərini dəyişdirmək deməkdir. Belə alqoritm məndə illər boyu təcrübədən keçmiş bir qaydadır. Soruşsanız ki, bu fərqli elmi istiqamətlər nə dərəcədə bir-biri ilə uyğunluq yaradır, cavabım belə olacaq: əkslər bir-birinə zidd deyillər, onlar bir-birini tamamlayırlar. 

- Sədr kürsüsündən yorğun ayrılıb maşına əyləşəndə, tutalım, ağac budamağa, güllərə su verməyə tələsdiyiniz olubmu? 

Açığı, Bakıda böyümüşəm, şəhər adamıyam və təbiətə həsrətlə baxanlardanam. Xüsusən meşəli dağlara. İmkan olan kimi təbiətdə olmağa çalışıram, onun təbiiliyinə qarışıram. Əslində insan təbiətdən asılı olduğu kimi, təbiət də insandan asılıdır. O, bizi yaradıb, biz isə onu dəyişdiririk. Deyəsən, bu sözlər Anatol Fransa məxsusdur. Ancaq təbiətin xüsusiyyəti odur ki, burada artıq, lazımsız şey yoxdur, yanlış və yalan istisna edilir. 

- Sualım qəribə səslənməsin: baba statusunda özünüzü daha rahat hiss edirsiniz, yoxsa sədr postunda?

Baba olmaq üçün sədr olmaq mütləq deyil, necə ki, sədr olmaqda babalığın da zərurəti yoxdur. Odur ki, müqayisə etmək o qədər korrekt deyil. Bu iki anlayışı, qohumluq və peşəkar statusunu birləşdirən, zənnimcə, bir amil var: insanların bir qismi özünü ciddi qəbul edir, digərləri isə öz vəzifələrini… Babalıqda da, sədrlikdə də vəzifələri yerinə yetirmək üçün sevgi ilə yanaşı, ciddilik tələb olunur. Tələbkar olmayanlar özləri nə isə verməyə qadir deyillər. Ancaq nəvələrimi sevdiyimə görə zaman-zaman ciddiliyi ürəyimə yatan səviyyədə həyata keçirə bilmirəm. 

- Ədəbiyyat və incəsənətlə maraqlanan, yazı-pozu adamlarını özünə bir köynək yaxın bilən dövlət rəsmilərini soruşsam, yadınıza düşənlər kimlər olar? 

Belə adamların sayı çoxdur. Onların adlarını sadalamağa gəldikdə, narahatam ki, kimisə unuda bilərəm. Ancaq onu qeyd edəcəyəm ki, ulu öndər Heydər Əliyevin qoyduğu ənənəyə uyğun olaraq, ədəbiyyat və incəsənətlə maraqlanan və bəhrələnən dövlət rəsmiləri həm mənəvi həyatında, həm də peşəkar fəaliyyətində üstünlük qazanırlar.

- Kitabla tanışlığınız nə vaxtdan başlayıb? Uşaqlığınız, ailəniz haqqında danışmağınızı istərdim…

- Mən ziyalı, kitabxanası olan ailədə böyümüşəm. Atam hüquqşünas, anam həkim olub. Evimizin kitab rəflərində istər azərbaycanca, istər rusca çoxlu hüquq və tibbi ədəbiyyatla yanaşı, zəngin bədii ədəbiyyat var idi. Xatırlayıram ki, böyük şkafda o