adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Oktyabr 2014 15:37
5825
ƏDƏBİYYAT
A- A+

Çin ictimaiyyəti Azərbaycan haqqında oxuyacaq

Dünyanın ən böyük üçüncü kitabxanası olan Çin Milli Kitabxanasının kitab fondunda artıq Azərbaycan haqqında nəşrlər var. Azərbaycanın Pekindəki səfirliyi Çin ictimaiyyətinin Azərbaycan haqqında məlumatlandırılması məqsədilə ölkəmizin tarixini, mədəniyyətini, müasir həyatını, iqtisadi inkişafını əks etdirən bir çox kitab, jurnal və diskləri, o cümlədən Çin dilində çap olunmuş "Heydər Əliyev” kitabını, Ulu Öndərin 90 illiyi ilə əlaqədar səfirliyin keçirdiyi silsilə tədbirlərə dair kitabı və "BAKU” jurnalının nüsxələrini Çin Milli Kitabxanasına hədiyyə edib. Bundan başqa, qeyd olunan materialların Çin Milli Kitabxanasının elektron bölməsinə yerləşdirilməsi üçün qarşı tərəfə elektron disk və yaddaş kartları da verilib.
Kitabların təqdimatı ilə əlaqədar keçirilən görüşdə Çin Milli Kitabxanasının Baş direktor müavini Vanq Donqbo kitabxana haqqında məlumat verib. Bildirib ki, 1909-cu ildə yaradılan kitabxana 280 min kvadratmetr sahə ilə dünyanın üçüncü böyük kitabxanasıdır. Fonddakı kitabların sayı 32 milyondan çoxdur.
V.Donqbo bildirib ki, Çin Milli Kitabxanası Azərbaycanın müvafiq kitabxanası ilə əməkdaşlığa xüsusi önəm verir və işgüzar əlaqələrin qurulmasında maraqlıdır.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkələrimiz arasında humanitar istiqamətlərdə, o cümlədən kitabxana işi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu qeyd edib. Diplomat bu məqsədlə qarşılıqlı səfərlərin təşkili, kitabxana materiallarının mübadiləsi və digər formalarda əməkdaşlığın həyata keçirilməsini təklif edib.
L.Qəndilov qarşılıqlı tədqiqat işlərinin fayda verəcəyinə əminliyini bildirərək, bunun üçün hüquqi bazanın yaradılmasının zəruriliyini vurğulayıb. Bundan başqa, səfir Çin Milli Kitabxanasında ölkəmiz haqqında materialların olub-olmaması ilə də maraqlanıb.
Qarşı tərəf kitabxanada Azərbaycan haqqında hər hansı vəsaitin mövcudluğuna dair dəqiq məlumatın olmadığını, məsələnin araşdırılacağını bildirib. (Azərtac)