"BƏZi QANUNLARIN iŞLƏMƏMƏSi PARLAMENTiN YOX, iCRA STRUKTURLARININ

ƏBÜLFƏT MƏDƏTOĞLU
26923 | 2007-11-29 04:00
Bu dəfəki qonağımız Xətai rayonunun 30 saylı birinci seçki dairəsindən millət vəkili seçilmiş, yazıçı Hüseynbala Mirələmovdur.
   
   
   
   - Hüseynbala müəllim, bəllidir ki, hər bir söz adamı öz qələmi ilə, öz yaradıcılığı ilə qeyri-rəsmi olsa belə millətinin vəkilidir. Sizdə həm bu qeyri-rəsmi millət vəkilliyi, həm də seçicilərin verdiyi mandat var. Bu mənada sizin millət vəkili seçilməyiniz hansı istəklərinizdən, arzularınızdan doğub?
   
   - Mən sizinlə razıyam. Həqiqətən hər bir layiqli, qələminin, sözünün qədrini bilən, dəyərini təqdim etməyi bacaran yazar birmənalı olaraq millət vəkilidir. Yəni millətin danışan dili, görən gözüdür. Amma mən bu gün çox maraqlı bir dövrdə yaşadığımızı, Azərbaycan tarixinin hətta yaxın 5-10 il bundan öncə ilə müqayisəli mənzərəsini gözdən keçirəndə nə qədər böyük dəyişikliklər baş verdiyini görəndə bu fəxarət məndə həmin intibahın iştirakçısı olmaq, öz sözünü demək, öz xidmətlərini ortaya qoymaq istəyi yaratdı. Biz göydə Allahın, yerdə çox hörmətli prezidentimizin köməkliyi ilə son 4 ildə, mən cəsarətlə, məhəbbətlə deyirəm, özü də populizmdən çox-çox uzaq olan bir inamla deyirəm, 40 ilin işi görülüb. Mən hesab edirəm ki, Azərbaycan artıq intibah dövürnə qədəm qoyub və bu yolda da uğurlu addımlarını atmaqdadır. Bu elə bir dövrdür ki, məmələkətimizin tarixinə qızıl hərflərlə yazılacaq. Məhz bu da məndə bu dövrün siyasətində iştirakçı olmaq arzusunu yaratdı. İstədim ki, bu intibahın coşqun dalğalarında mən də üzüm. Hiss etdim ki, Milli Məclisin mənim kimi insanlara da ehtiyacı var. Çox gərgin mübarizədən sonra ən yaxın rəqibimdən böyük səs fərqi ilə Milli Məclis üzvünün mandatını qazandım. Yəni 28 namizədin içərisindən mən qalib gəldim.
   
   - Hüseynbala müəllim, xalqımızın psixologiyasında sovet dönəminin müəyyən məqamları, ştrixləri qalmaqdadır. Bəzən bizə elə gəlir ki, deputat, yəni sovet termini ilə desək, hər şeyə qadirdi, bütün işləri, problemləri həll etmək onun borcudur və ona görə də deputatın üstünə gələn hər kəs ondan bəzən səlahiyyətinə aid olmayan məsələlərlə bağlı da tələblər irəli sürür. Sizcə, bu nə qədər doğrudur?
   
   - Əlbəttə, bu cür düşünənlər də var. Mən hesab edirəm ki, əslində yanlış fikirdi, reallıq tamam fərqlidi, amma düşünürəm ki, adamları qınamaq da düzgün deyil, çünki atalarımız deyib ki, "Uman yerdən küsərlər". Əgər bu adamlar, lap elə biri mənim özüm, mənə səs verib seçiblərsə, etimad göstəriblərsə, mənim də ən azı bir insan kimi borcum bütün imkanlarımı işə salmaqla onların zəhmətini qiymətləndirmək, ümidlərini doğrultmaqdır. Ona görə bu cür yanaşmaya heç də pis baxmıram. Düzdür, bəzən elə tələblərlə gəlirlər ki, məcbur olub onu çox ustalıqla başa salmaq, məsləhət vermək, müəyyən istiqamətlər göstərmək tələb olunur. Bundan da yorulmuram, usanmıram. Siz də yaxşı bilirsiniz ki, millət vəkilinin başlıca vəzifəsi qanunverici orqanın işində fəal iştirak etmək və mükəmməl qanunların hazırlanmasına öz töhfəsini verməkdir. Çünki cəmiyyəti qanunlar idarə edir. Qanunlar nə qədər mükəmməl və işlək olsa, bu hamımızın xeyrinə olar. Ümumiyyətlə, mənə müraciət edənləri təkcə millət vəkili kimi yox, bir yazıçı, bir vətəndaş kimi də həmişə hörmətlə qarşılayıram, dinləyirəm və bütün gücümlə çalışıram ki, onların problemlərinin həllində iştirak edim.
   
   - Hüseynbala müəllim, parlamentimizin bugünkü fəaliyyəti sizi qane edir, yoxsa yox?
   
   - Bəli, şəxsən bir millət vəkili, bir vətəndaş kimi mən parlamentdəki işgüzar mühitdən, qanunların işlənib hazırlanması prosesindən, beynəlxalq əlaqələrdən, bir sözlə, Azərbaycan parlamentinin artan nüfuzundan məmnunam. Artıq iki ildir ki, mən parlamentdəyəm. Çoxsaylı qanunlar qəbul edilib, əvvəlki qanunlarda yeniləşmələr aparılıb, amma ola bilər ki, bizim qəbul etdiyimiz qanunların bəziləri tam gücü ilə işləmir, bu artıq parlamentin yox, qanunların işlənməsində məsuliyyət daşıyanların günahıdır...
   
   - Məhz söhbət bundan gedir. Qununverici orqan qanunun hərəkətə gətirilməsinə, yəni yerində dayanmış maşının mühərrikini işə salmağa təşəbbüs göstərmirsə, onda bu qanunun qəbul edilməsinə nə ehtiyac var?
   
   - Çox təəssüf ki, bizim qanunverici orqanın belə bir səlahiyyəti yoxdur ki, sabah gedib hansısa bir məmura desin ki, siz niyə bu qanunu qəbul olunmuş formada tətbiq etmirsiniz. Bu birbaşa icra strukturlarının vəzifəsidir. Lakin millət vəkili kimi, vətəndaş kimi mən iradlarımı yaza da, deyə də bilərəm və heç kim də buna qadağa qoya bilməz. Lap tutaq ki, mən hansısa bir yüksək çinli məmura zəng vurub deyə bilərəm ki, qardaş, biz zəhmət çəkib filan qanunu qəbul etmişik, sən isə bunu qəbul etmirsən. Artıq bax bu, fərdi yanaşma, vətəndaş mövqeyidir. Bu mövqedən tək mən yox, digər həmkarlarım da çıxış edirlər. Sadəcə hər bir millət vəkili bu cür təşəbbüslər göstərsə sonda qanunların işlənmə tempi daha sürətli və daha effektli olar. Bizim millət vəkillərinin bir az aktivliyi artsa, mən hesab edirəm ki, qanunlar daha yaxşı işləyər.
   
   - Ötən sessiyada hökumət parlament qarşısında hesabat verdi. Niyə bu cür məsələləri orda qaldırıb müzakirə etmədiniz?
   
   - Bəli, dediyiniz kimi həmin hesabat zamanı hökumətin bütün üzvləri Milli Məclisə dəvət olunmuşdu, çox işgüzar, açıq söhbət getdi, mən də çıxış etdim və ümumiyyətlə, cəmiyyətimizi, seçicilərimizi narahat edən əksər məsələlərə münasibət bildirildi, nazirlərin qarşısında vəzifələr qoyulmaqla, onların daha çevik işləməsi, dövlət başçısının etimadını doğrultması istiqamətində vacib olan tövsiyələr verildi, bir sözlə, həm hesabat, həm fikir mübadiləsi çox normal bir şəkildə aparıldı. Artıq bildiyiniz kimi qaldırılan məsələlər hörmətli prezidentimizin son müşavirələrində də xüsusi vurğulanıb və əlaqədar orqanların, təşkilatların rəhbərlərinə birbaşa tapşırıqlar verilib. İnanıram ki, dövlətimizə, xalqımıza, prezidentimizə sədaqətli, bacarıqlı insanlar onların qarşısına qoyulan məsələləri layiqincə yerinə yetirəcəklər.
   
   - Siz millət vəkili seçkisinə qatılanda öz platformanızı təqdim etmişdiniz. Bu gün vəd etdiyiniz həmin vəzifələrin, həmin işlərin nə qədərini, neçə faizini reallaşdıra bilmisiniz?
   
   - Mənim indi deyəcəyim sözləri yəqin ki, seçicilərimdən də oxuyanı olacaq, amma səmimi şəkildə deyə bilərəm ki, mən millət vəkili seçilməmişdən öncə də xeyli işlər görmüşdüm və bu gün isə vəd etdiyim işlərin çox böyük bir hissəsini artıq həyata keçirmişəm. Yəni qanunların qəbulundan tutmuş, fərdi məsələlərə qədər vəd etdiyim bütün işlərin görülməsində, reallaşmasında öz güc və bacarığımı ortaya qoymuşam, Milli Məclisin həm komissiyasının, həm də ümumi iclaslarında fəal iştirak edirəm və çalışıram ki, mənə etimad göstərmiş hər bir seçicinin ailə üzvünə çevrilim. Seçildiyim dairədə heç bir xeyir-şər məclislərindən qalmıram. Bu da insanların mənə etimadının, mənim isə onlara sevgimin qarşılığıdır.
   
   - Hüseynbala müəllim, siz bir yazıçı kimi də dünyanın müəyyən hissəsini gəzib görmüsünüz. Bu mənada bir millət vəkili, bir yazıçı kimi bizim parlamentlə olduğunuz ölkələrin parlamentləri arasında heç bir müqayisə aparmısınız?
   
   - Düzünü deyim ki, mənə bir millət vəkili kimi başqa ölkələrin parlamentlərində olmaq hələ qismət olmayıb, amma bir yazıçı kimi müşahidələrim əsasında Azərbaycan parlamentinin günbəgün artan nüfuzunu hiss edirəm, görürəm və hətta bəzən böyük ənənəsi olan Avropa parlamentlərinin bir çoxlarını bizim parlamentin həm işgüzar, həm qanun qəbul etmək, həm də bütün məqamları ilə səviyyəsi üstələyir. Eyni zamanda siyasi fəallığımız, həmçinin, bu gün internet vasitəsi ilə dünyanın əksər parlamentlərinin qəbul etdiyi əksər qanunlarla tanışlıq, onlarla müqayisəli şəkildə daha mükəmməl qanunların qəbul edilməsi baxımından əldə etdiyimiz nəticələr məni şəxsən çox sevindirir və mən bunu parlamentimizin uğuru sayıram.
   
   - Hüseynbala müəllim, siz Qarabağ hadisələrinin ilk günlərindən o problemin içərisində olmusunuz, həmin bölgənin ərazilərini yaxından tanımısınız. Buna görə də işğal bölgəsindən olan insanların sizdən müəyyən umacaqları var. Məsələn, niyə Qarabağ problemi ilə bağlı Milli Məclisdə hansısa bir təşəbbüslə çıxış etmirsiniz?
   
   - Bilirsiniz, Əbülfət müəllim, bu gün problemin çözümü ilə dövlət başçısı, bu sahə ilə birbaşa bağlı olan qurumlar məşğul olurlar. Biz də öz növbəmizdə parlamentdə dəfələrlə bu mövzuya toxunmuşuq. Ancaq bilmək lazımdır ki, hər şeyin zamana ehtiyacı var. Zamanı gələndə məsələlər özü-özlüyündə gündəmə çıxarılacaq və mən əminəm ki, vaxtı çatanda bu məsələ parlamentin gündəliyinə daxil ediləcək, onda mən də hər kəs kimi öz mövqeyimi ortaya qoyacam. Çox istərdim ki, məni düzgün başa düşəsiniz, onu da əlavə edim ki, bizim parlament qrupları xarici səfərlərində digər məsələlərlə yanaşı, torpaqlarımızın işğalı problemini də öz gündəliklərinin birinci sırasında saxlayırlar. Yəni bu və ya digər formada Qarabağ problemi hər gün bizim öz aramızda, öz dairəmizdə, öz səfərlərimizdə, öz görüşlərimizdə müzakirə mövzusudur. Və şəxsən mən inanıram ki, çox hörmətli prezidentimiz, Ali Baş Komandanımız öz mövqeyini bundan sonra da bütün dünyaya qəbul etdirməkdə və problemin sülh yolu ilə çözümündə istəyinə nail olacaq və biz hörmətli İlham Əliyev cənablarının dediyi kimi heç kimə güzəştə getməyəcəyik. Bizim güclənən iqtisadiyyatımız, artan hərbi büdcəmiz və dövlətimizin dünya siyasətində görünən yeri dediklərimin tezliklə həqiqətə çevriləcəyinə məndə də bir əminlik yaradıbdır. İnanıram ki, bu əminlik hər birimizdə var.
   
   ... Millət vəkili, yazıçı Hüseynbala Mirələmovun parlamentdəki iş otağında etdiyimiz söhbət zamanı təkcə millət vəkilinin deyil, bir yazıçının, bir ziyalının, bir vətəndaşın ayrı-ayrı məsələlərə yanaşmasını, münasibətini öyrənmək mümkün oldu. Yəni bu söhbətdə mən Qarabağ hadisələri fonunda tanıdığım, yaradıcılığına bələd olduğum Hüseynbala Mirələmovun millət vəkili, siyasətçi kimi tərəflərini də özüm üçün müəyyənləşdirə bildim.
   
   

TƏQVİM / ARXİV