adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Şərəf duymaq ehtiyacı

CEYHUN MUSAOĞLU
32896 | 2007-11-28 03:06
Həyatda nə baş verirsə, bunun günahkarı qəddarlıq və qəzəb deyil, demək olar ki, həmişə zəiflikdir, insan zəifliyi"
   
   Stevan Sveyq
   
   
   
   Eh, bu xalqın övladı olmaq nə qədər dəhşətli, nə qədər ağrılı, nə qədər şərəfli imiş. Əslində hələ də dəqiqləşdirə bilməmişəm, nə qədər dəhşətli, nə qədər ağrılı, nə qədər dəhşətli imiş. Ancaq çox fikirləşmişəm. Qarabağı düşünəndə dəhşət yaşamışam, onun arxasınca bir nəfərin belə getmədiyini görəndə ağrımışam. Bunlar hamısı yadımdadı. Bircə onu yadıma sala bilmirəm ki, nə vaxt şərəf duymuşam. Armud ağacını qorumağa qalxandamı, rus tankının qarşısından qaçmayandamı, Ağdərəni iki dəfə alandamı? Amma bu günlərin hansısa biri mənə şərəf verib. Ona görə yekə-yekə hər yerdə "türkəm" demişəm. Faktsız, sübutsuz, yalnız demişəm, heç kimi inandıra bilməmişəm. "Belə də türk olar?" deyiblər: vətəni işğalda, xalqı küçələrdə, təfəkkürü mağaralarda, düşüncəsi mədəsində, əzəməti, boy-buxunu isə sillə-təpiyin altında. Atlarını da ki, çoxdan güllələyiblər. Heç şahə qalxmağa da imkan verməyiblər.
   
   Onda mən kiməm? İngilisəmmi? Xeyr, ingilisin vətəni özündə, xalqı evindədi. Hakimiyyəti isə dünyanı idarə eləyir. Fransızın, amerikalının, almanın, rusun da həmçinin. İndi mən necə öyrənim ki, kiməm?
   
   Qabaqda gedənlərdən - Anardan, İbrahimbəyovlardan, Kamal Abdulladan, bizim nəslin nümayəndələri - Seymurdan, Murad Köhnəqaladan soruşum? Bu adamlar soruşmamış cavab verir. Anar deyir ki, kişi "fahişəni məleykəyə çevirəndi". Mən o kişilərdən deyiləm. Rüstəm İbrahimbəyov isə Qarabağda hələ də ermənilərin haqqı olduğunu söyləyir. Mən isə belə fikirləşirəm ki, ermənilərin əclaflıqdan başqa heç nəyə haqqı yoxdur. Seymur mun oldu. Munlarda əxlaq ümumidi. Yəni həmin təriqətin üzvlərindən birinin arvadı o birinin də arvadı sayılır. Bir sözlə, munlar biqeyrətdi. Konkret özümü biqeyrət hesab etmirəm. Murad Köhnəqala şalvarının qabağının açıq olduğundan yazır. Kişi şalvarının qabağını açar, amma gizli yerdə. Daha bağırıb deməz ki, "şalvarımın qabağı açıqdı".
   
   Tutaq ki, qara-qura adamların adını çəkirəm. Yaxşı, indi də ağ adamlardan soruşuram: Sabir Rüstəmxanlı, mən kiməm? Aqil Abbas, bəlkə sən deyəsən? Bəxtiyar Vahabzadə, Azər Abdulla, Tofiq Abdin, filankəs, bəhmənkəs, yəni ağlar sinfinin nümayəndələri, mənə kimliyimi başa salın. Şərəf duymaq istəyirəm. Ağrıdığım, dəhşətlərə düşdüyüm bəs deyilmi?
   
   Bir insana da şərəf verə bilmirsinizsə, kimə lazımsınız? Neynirəm bu qədər yazıçını, şairi, jurnalisti ki, bir bəndəsinə qürur yaşada bilmir.
   
   Ordu xalqın rahatlığını təmin etmək üçün yaradılır. Əgər rahat deyiləmsə, ağrıyıramsa, içimdə qovruluramsa, ordu mənə lazım deyil.

TƏQVİM / ARXİV