adalet.az header logo
  • Bakı 21°C

BiZi SAYIRLAR, YOXSA SAYMIRLAR

OQTAY SALAMOV
24042 | 2007-11-28 02:39
Adamın işi düz gətirəndə, dərdi-qayğısı olmayanda başlayır şuxluğa, zarafata, sözün yaxşı mənasında, məzələnməyə. Amma bunu fiziki şəxslər, ciddiliyi ancaq yaxınlarını maraqlandıranlar edəndə şuxluq, zarafat adlanır. Eyni hərəkəti hüquqi şəxslər, həm də ciddi dövlət qurumları edəndə buna siyasi akt, xəbərdarlıq, nota kimi ciddi və sərt adlar verilir. Nəticə etibarı ilə hər ikisi eyni şey olsa da, ad və sanbala gəldikdə bunu edənin kimliyi hadisəyə ad da verir, tutum da.
   
   İki gündür Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahimin şəkilləri, sözləri qəzet səhifələrini bəzəməkdədir. Yox, bu dəfə ATƏT həmsədrlərinin növbəti gəlişləri, ermənilərə hücum edəcəyimiz, torpaqların alınması üçün yaxın günlərdə atacağımız addımlar haqda danışmayıb, fiziki şəxslər etsəydi zarafat, məzə kateqoriyasına düşəcək bir məsələdən danışıb. Amma təşkilat ciddi bir qurum olduğu üçün onun adından deyilən sözləri də zarafat kimi qəbul etmək qətiyyən yolverilməzdir.
   
   Xəzər müəllim əvvəlcə xatırladıb ki, hər bir səfirlik fəaliyyət göstərdiyi ölkənin qanunlarına tabe olmalıdır. Diplomat olmayanlara izah eləyirəm: bu o deməkdir ki, məsələn, ABŞ səfirliyi Azərbaycanda Azərbaycanın qanunlarına tabe olmalıdır. Müqayisədə götürsək, dəvə boyda ABŞ erkək atlı qarışqa boyda Azərbaycanın qanunlarına əməl etməlidir. Amma deyəsən etmir. Heç o müqayisədə siçan boyda olan dövlətlərin səfirlikləri də qanunlarımıza əməl eləmir. Xəzər müəllim ad çəkməsə də, deyir ki, xarici səfirliklər vergidən yayınırlar, XİN-in xəbərdarlığına əməl edən yoxdur. Yenə qeyri-diplomatlara izahat verirəm ki, gözləri böyüməsin, elə bilməsinlər ki, xarici səfirliklər bizdə işlədiklərinə görə vergi verirlər, yox, bizimkilər onların idarələrində tərcüməçi, bağban, aşpaz vəs. işləyib maaş alırlar və həmin maaşlardan gəlir vergisi verilməlidir.
   
   Özünüz də bilirsiniz ki, biz xırdaçı adam, tem bolee xırdaçı dövlət deyilik. Lazım gəlsə vergisiz-zadsız bütün səfirlərin bütüq heyətləri ilə birgə maaşlarını verərik. Yəni qarnımız üçün yox, qədrimiz üçün narahatıq. Yəni gəmidə oturanda gəmiçi ilə dalaşmazlar, qayıqda oturanda qayıqçı ilə. Özü də qayığın çevrilmə təhlükəsi daha çoxdur.
   
   Təsəvvür eləyin, təkcə adlarının yazılmasına yarım kilo çernil gedən Azərbaycanın Xarici İşlər Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə müəyyənləşdiriblər ki, azərbaycanlıların çalışdığı səfirliklərdə vergidən yayınırlar. Azərbaycanlıların ən çox işlədikləri səfirliklər isə ABŞ, Böyük Britaniya, İran, Fransa, ATƏT-in Bakı ofisi, Hindistan və Səudiyyə Ərəbistanı Krallığının səfirlikləridir. Vergidən yayındıqları haqda onlara xəbərdardlıq edilib, amma nəticəsi yoxdur.
   
   Xəzər müəllim deyib ki, qanunları pozan səfirliklərə qarşı müxtəlif cəzalar verə bilərik. Bunu lap mən deyirəm, amma vermirik, çünki biz də bizik, durub bizim vətəndaşa iş verən xaricini cəzalandırmayacağıq ki. Sadəcə olaraq, çox yüngül surətdə xahiş eləyirik ki, qanunlarımızı pozmasınlar. Məsələnin qəlizliyi orasındadır ki, səfirliklər yerli vətəndaşların vergidən yayınmasına şərait yaratmış olurlar. Biz buna dözə bilmərik. Rusların məsəlini tərcümə edəndə belə alınır: "Özününkünü vur ki, yadlar da qorxsun" ( Bey svoix, çtobı çujiye toje boyalis).
   
   Öz aramızdır, səfirlikdə işləyən bizimkilər ayda 1000 dollar və daha çox maaş alırlar. Sağlıqlarına qismət. Amma bu o demək deyil ki, xarici firmada (əslində səfirlik də elə firma kimi bir şeydir) işlədiyi üçün burnu yuxarıda gəzdiyi azmış kimi, hələ üstəlik vergi də verməyib ayda 100 manat alana bir yanğı da versin. Biz ancaq ona görə istəyirik ki, səfiliklər bizimkiləri yollarından çıxarmasınlar. Yoxsa bizim pulumuza nə gəlib ki?..
   
   Ekspert Əli Əlirzayev (odur, özüdür) deyir ki, gərək müqavilələr bağlanılanda bu şərtlər nəzərə alınsın, şərtləndirilsin. Amma sonra gözəl bir məsləhət də verir: Bu məsələni qaldırırlar, amma bu digər bir məsələnin- xarici ölkələrdəki Azərbaycan səfirliklərində çalışan həmin ölkə vətəndaşlarının vergi ödəmə məsələsini də gündəmə gətirə bilər. Yəni camaatın çörək puluna bais olmayaq. Bəlkə heç onlar da vergi vermirlər. Alt aradan öyrənək, verirlərsə, biz də buradakı səfirliklərdən tələb eləyək. Eşidərlər nə yaxşı, eşitməzlər cəhənnəmə ki: "Əgər bizim xarici ölkələrdəki səfirliklərimiz orada çalışan yerli vətəndaşların vergisini ödəmirsə, deməli, vəziyyət eynidir. Yəni dərinə getməyə dəyməz"
   
   Ə kişi, vallah düz deyir. Xəzər müəllim bu məsələni qaldırmaqla özümüzü öz gözümüzdən də salır. Biz elə bilirdik ki, xarici ölkələrin səfirlikləri bizim qanunlara əməl eləyirlər, bizi saya salırlar. Yəni özlərini səfir, bizi sıfır saymırlar.

TƏQVİM / ARXİV