adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
25 Oktyabr 2014 12:39
3303
HADİSƏ
A- A+

İtkin düşmüş 4 nəfərdən 3-nün cəsədi tapılıb

İki gün öncə neft meydançasında baş vermiş uçqun nəticəsində itkin düşmüş 4 nəfərdən 3-nün cəsədi tapılıb.

ARDNŞ-nin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, oktyabrın 23-də saat 12:00 radələrində "Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən baş verən uçqun nəticəsində itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda ARDNŞ-nin və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarılıb. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

Həlak olanlar "Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur. 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun cəsədinin axtarışları isə davam etdirilir.