adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Oktyabr 2014 09:21
7908
ƏDƏBİYYAT
A- A+

LƏYAQƏT SİMFONİYASI

(Sadıq Murtuzayevin "İnsan amili: həyat və zaman" kitabı ("Apastroff"çap evi, Bakı -2014) ilə bağlı düşüncələrim)

"Əzizim Ramizə!

Yarım əsrdən çox bir zaman kəsiyində (!-R.M) sədaqətinə, böyük səmimiyyətinə güvəndiyim Ramizə ərmağan edirəm".

Sadıq Murtuzayev
30.07.2014

"İnsan amili: həyat və zaman" kitabını Sadıq müəllim bu yay Goradildəki bağ evinin dəniz havalı, səpsərin kölgəli, sözün əsl mənasında cənnət bir guşəsində bağışladı mənə.
Kitabın üz qabığındakı dağ çayının gümüşü sularının üstünə süzülən şəfəqlərə heyranlıqla baxdım, xəyallar məni uzaq-yaxın Qafqaz dağlarının əzəmətli oylaqlarına apardı desəm, inanın. Həmən o çaylaq daşlarının həndəvərində çox balaca görünən damları ağ, qırmızı evlərə baxıb köks ötürdüm, bu bürkülü yay günündə orada olan adamlara paxıllığım tutdu...
Kitabın poliqrafiq tərtibinə söz yox.
Kitabın redaktoru-fəlsəfə professoru Rafiq Əliyevin rəyi, şair Vahid Əzizin, bioqrafiq romanlar müəllifi Məmməd Əfşanın kitabla bağlı təəssüratları da bu kitaba daxil edilmişdir.
Səhv etmirəmsə, bu ilin avqust ayının axırlarında Sadıq müəllimlə telefonlaşdıq, onun ilk sözü: Hə, Ramiz, kitabı oxudunmu? - oldu.
- Yox, Sadıq müəllim, - dedim, - tələsmədən, yavaş-yavaş oxuyuram, adam təbiətin bir mənzərəsindən - bahar yağışlarından sonra göyqurşağından, payız meşələrinin əsrarəngiz rənglərindən doya bilmədiyi kimi mən də bu kitabın sehirli-sirli dalğalarına qərq olmuşam, heç istəmirəm ki, tez oxuyub qurtarım...
Həvəslə, həyəcanla (həm də əlimdə qələm, diqqətlə) oxuyub başa çıxdığım bu sanballı kitab barədə nəsə yazmaq həvəsi bürüdü məni. Əslində indiki vaxtda, kitab nəşrinin bolluğunda vacib, gərəkli kitablar haqqında geniş, təhlili yazılara az rast gəlirəm.
Dünya dəyişib, zövqlər qütbləşib, münasibətlərdə səmimiyyət qəhətə çıxıb, tapşırıqlı, sifarişli yazılara üstünlük verildiyindən bir sıra istedadlı müəlliflərin, nikbin, ümidli əhval-ruhiyyəsi əriyib, yoxa çıxıb, elə bil..
Bununla belə, Sadıq müəllimin bu maraqlı (vacib, gərəkli!) kitabı barədə fikir söyləmək məsuliyyətini boynuma götürmək istəyi məni yazı masası arxasında əyləşdirə bildi.
Mən niyə bayaqdan bəri bu kitab barədə az qala tərifnamə deyirəm, nədədir bu kitabın dəyəri, hörmətli müəllif bu kitabı zəhmət çəkib yazıb nəşr etdirməklə bizlərə nə demək istəyib, məqsədi nədir, kitabın elmi-fəlsəfi-həyati qiymətini hansı meyarlarla təyin etmək olar, görəsən...
Mən bəri başdan cəsarətlə deyə bilərəm ki, bu kitab insan ləyaqətinin cilvəli simfoniyasıdır, müxtəlif vaxt, zaman müstəvisində şəxsiyyətlərin, ümumiyyətlə bəşər övladlarının gözəgörünməz mənəvi varlığının geniş, sərhəddi bilinməz çalarlarından bəhs edən real həyat fəlsəfəsidir. Bir sözlə, Sadıq müəllim hafizəsinin etibarığına, dəqiqliyinə, insani münasibətlərinin ədalətliyinə, mükəmməl elmi, dini-əxlaqi, ictimai-siyasi biliyinə, fərdi intellektinə, üfüqlərə sığmaz dünyagörüşünə və ən əsası qərəzsiz, aydın, səmimi duyğularına istinad edərək insan amili kimi çətin, mürəkkəb bir fəlsəfi araşdırmanın öhdəsindən yaradıcı bir hünərlə gəlməyi bacarmışdır. Bəşər övladının gizli-sehirli mənəvi dünyasının fırtınalı, dalğalı (bəzi hallarda tutqun, qaranlıq), kədərli, sevincli görünən çalarlarını ustalıqla açan müəllif yeri gəldikcə Məhəmməd Peyğəmbərdən, "Qurani-Kərim"dən, tarixi şəxsiyyətlərdən, adlı-sanlı hökmdarlardan, klassik və müasir elm və sənət xadimlərindən, xalq ədəbiyyatından, lap elə yaxından-uzaqdan tanıdığı insanlardan misallar gətirməklə, bu və ya digər problemlər barədə özünün şəxsi dəsti-xəttini, qənaətini möhkəmləndirməyə nail ola bilmişdir.
Mən də bu fədakar müəllifin yeni (Sadiq müəllifin xeyli sayda kitab müəllifi olduğunu bilirik) kitabı haqqında müəyyən şərti bölgülər əsasında fikir söyləmək qənaətinə gəldim:
Həzrəti Məhəmmədin mübarək şəxsiyyətinin və Qurani-Kərimin işığında.
Kitabdan sitat:
"...Tanrının "insan" adlı möcüzəsinin dərinliyinə heç bir böyük filosof, psixoloq, yazıçı və ictimai-siyasi xadim vara bilməmişlər.
Elə bu yerdə dahi filosof Fridrix Nitsşedən bir deyim:
"Ah! Yerlərlə göylər arasında elə şeylər var ki, onları ancaq şairlər duya bilmişlər..."
Yenə ulu Peyğəmbərimizin möhtəşəm və ali şəxsiyyətinin üfüqlərinə doğru qanadlanaq.
Peyğəmbərimiz buyurmuşdur:
"Mən ancaq gözəl əxlaqi ikmal (tamamlamaq, bitirmək mənasında-R.M) etmək üçün göndərildim..."
İlahi Yaradan bənzərsiz Peyğəmbərimizə cismani və hatili gözəlliklərin harmonik, bölünməz, silinməz, mükəmməl, tam vəhdətini bəxş etdiyindəndir ki, neçə-neçə yüzilliklərdir bizlər bu ülvi möcüzənin səcdəsindəyik və bu bəxtiyarlıqdan doya bilmirik...
Hörmətli müəllif türk dünyasının ilahiyyatçı alimlərindən üzü bəri xalq şairimiz Zəlimxan Yaqubadək müdriklərin istəkli Peyğəmbərimizin əxlaqi varlığının tərənnümü ilə bağlı yazdıqlarına müraciət edərək bir daha göstərir ki, bu uca şəxsiyyət qüdrət, cəsarət, həqiqət, şəriət, təriqət rəmzidir, kamil bir reallığın təcəssümüdür.
Deməli, hörmətli Sadıq müəllm Məhəmməd Peyğəmbərimizin həyəcanlı və işıqlı həyatını, onun müqəddəs kəlamlarını, hədislərini oxuyub, öyrənib, bilir və insan amilindən bəhs edəndə bildiyindən misallar çəkir, şüurumuza nur çiləyir.
Sadıq müəllim müsəlman dünyasının ali kitabını-kitablar kitabı "Qurani-Kərim"i az qala din xadimi tək bilir, bu göylərdən enmiş Allah kitabının hikmətlərindən yeri gəldikcə misal çəkir. Sabahkı günlərinə inam hissilə yaşayan, ən dar ayaqla belə ümidini itirməyən, ən ağır anlarda qollarını göylərə qaldırıb imdad diləyən insana təsəlli üçün "Qurani-Kərim"in "Bəqərə" surəsindəki aşağıdakı ayədən güclü bir söz, fikir tapmaq mümkündürmü görəsən? (çətin!)
"Allah insanların dostudur, onları qaranlıqdan aydınlığa çıxarır".
Əgər mən Peyğəmbərimizə və müqəddəs kitabımıza istinadən müəllifin bu kitabda çəkdiyi misallardan geniş bəhs edəsi olsaydım, onda az qala əlavə bir kitabça bağlamaq olardı.
Beləliklə, hörmətli müəllifin ulu Peyğəmbərimizin müdrik kəlam və hədislərindən, "Qurani-Kərim"in ecazkar hikmətlərindən istifadə edib qələmə aldığı qiymətli sətirlər qaranlıq gecədə Göy qübbəsini şəfəqlərə qərq edən ulduz səltənətinə bənzəyir desəm, daha doğru olar.
Dostlar, tarixi şəxsiyyətlər, insan ensklopediyası
Kitabdan sitat:
- "Allah səninlə düşmən olanları da sənə dost edə bilər".
"Qurani-Kərim"in müntəhimə surəsindən)
- Dost anlayışı ikinci "mən" deməkdir.

(Sadıq Murtuzayev)

O da məlumdur ki, planetimizin dahi övladları dostluq, ünsiyyət, nifrət, düşmənçilik, və s. bu kimi anlayışlar barədə çox müdrik kəlamlar demiş və insanları ünsiyyətə, dostluğa, birliyə səsləmişlər.
Mənə elə gəlir ki, dostluğu istedadlı adamlar bacara bilər. Və mən şəxsən dostluğa inananların sırasındayam.
Sadıq müəllim ömrünü, həyatını dostsuz təsəvvür edən kişilərdən deyil.
Onun məşhur Azərbaycan şairi cənnətlik Əliağa Kürçaylı ilə dostluğuna, qardaşlığına dair çox maraqlı dastan yazıb yaratmaq olar.
Şəxsən mənim də yaxından-uzaqdan tanıdığım yazıçı Gəray Fəzlinin, raykom katibləri işləmiş Nağı Axundovun, Rəşid Mahmudovun, akademik Mirabbas Aslanovun və digər şəxslərin işıqlı xatirələri kitabda yad edilir.
Uzun illər respublikanın hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə alnıaçıq, üzüağ işləmiş Hacı Mir Abdulla İbrahimov barədə Sadıq müəllimin yazdıqları səmimidir, inandırıcıdır. Və müəllifin bu kişidən söhbət salarkən dediyi "nadir insani keyfiyyətlərilə qürur duyduğum" sözləri nə gözəl, nə ali ehtiramdır...
Sadıq müəllim az qala yarım əsr müddətində rəhbər vəzifələrdə çalışıb, ərazisinə, əhalisinin sayına, iqtisadi potensialına, kadr ehtiyatına və digər üstün cəhətlərinə görə fərqlənən dörd rayonda-Zaqatala, Abşeron, Şəki və Ağdamda rayon partiya komitələrinin birinci katibi vəzifəsində ləyaqətlə işləməyi, özünün yaradıcı imkanlarını reallaşdırmağı bacarıb, əhalinin qüvvəsini qarşıda duran təsərrüfat məsələlərinin həllinə, ideoloji işlərin, mədəni quruculuq sahələrinin inkişafına səfərbər edə bilib, təşəbbüskar, yenilikçi, tələbkar rəhbər işçi kimi nüfuz qazanıb. Bütün bu dediklərim danlmaz faktdır, reallıqdır.
Və təbiidir ki, rəhbər vəzifələrdə çalışanların ətrafı adətən həmişə tünlük olar.
Rəsmi tədbirlər öz yerində, xudmani məclislərə, istirahət yerlərinə, qonaqlıqlara, ad günlərinə və s. və i. a. dəvətlərin sayı-hesabı bilinməz.
Telefonlar gecə-gündüz barbar bağırar...
Mən də belə zəngləri çox eşitmişəm, qonaqlıqlara dəvətləri çox görmüşəm...
Şükür Allaha ki, indi belə bir "təhlükədən" uzağam, pensiyaçı adamla ünsiyyət saxlayan, zəngləşən, hal-əhval tutan rəhmətlik Molla Cuma demişkən, ya bir olar, ya iki...
Belə təmannalı, məqsədli münasibətlər məni heç təəccübləndirmir, qəti narahat etmir, heç vecimə də deyil, olub-qalan dostlar var olsun!
Kiçik bir haşiyə:
Mərkəzi partiya aparatında çalışdığım vaxtlar idi. Günlərin bir günündə iş otağımın telefonuna rayonların birindən zəng gəldi, tanış səs deyildi.
- Kimsiniz? - deyə soruşdum. Məlum oldu ki, zəng edən filan rayonun xalq nəzarəti komitəsinin sədri filankəs filankəsovdur.
Salam-əleykümdən sonra ona dedim ki, buyurun nə sözünüz var, eşidirəm.
O isə qayıtdı ki, əşi bu gecə sizi yuxuda görmüşəm, narahat oldum, zəng etdim ki, görüm nə var, nə yox...
Dedim ki, narahat olmayın, hər şey qaydasındadır və s. Maraq üçün həmin rayonda idarə müdiri işləyən ailəvi dostuma zəng çaldım, yuxu məsələsini ona danışdım.
Dostum dedi ki, ay Ramiz müəllim, buralarda söhbət gəzir ki, siz bizim rayona birinci katib gəlirsiniz, ona görə də filankəsin yuxusuna girmisiniz...
Hər ikimiz qəh-qəh çəkib doyunca güldük. İndi şükürlər olsun ki, heç kəsin yuxusuna girmirəm, ta heç kəs məni yuxuda görmür...
Sadıq müəllimi yəqin ki, yuxuda görənlər çox olub, onunla dostluğa, ünsiyyətə can atanlar karvan-karvan ötüb keçiblər...
O karvanlardan kimlər qala bilibsə, salam olsun o kəslərə...
Kitabda elə belə, nəzəri fikir söyləmək, sitatlar gətirməklə kifayətlənmir Sadıq müəllim. Faktlar, hadisələr müəllifin yaddaş xəzinəsində hazırdır və filan məsələ ilə "bağlı xatirələrim yadıma düşdü" - deyib olmuş əhvalatlardan elə danışır ki, oxuduqca oxuyursan...
Sonda belə bir qənaətə gəlmək olar ki, Sadıq müəllimin ən böyük qazancı, kapitalı onun dostlarıdır!
Bir çağırış SSRİ Ali Sovetinə, dəfələrlə Azərbaycan parlamentinə deputat seçilmiş, rəhbər partiya işçisi kimi, necə deyərlər, həmişə üzdə olmuş Sadıq müəllimin ölkə rəhbərləri ilə, görkəmli ictimai-siyasi xadimlərlə, elm, sənət cəngavərləri ilə ünsiyyəti təbii ki, çox olub. Sadıq müəllim yeri gələndə belə şəxsiyyətlər barədə obyektiv, qərəzsiz, ədalətli fikir söyləmək cəsarətini də bu kitabda gizlətməmişdir.
Sovetlər dövründə Kreml rəhbərləri ilə döyüşən, respublikanın, millətinin mənafeyini qorumaq naminə " SSPİ-yə istənilən axmaq rəhbərlik edə bilər" - deyən Nikita Xruşşov kimi boşboğazlarla "kəllə-kəlləyə" gəlmiş Azərbaycan rəhbərlərinin - akademik İmam Mustafayevin və akademik Vəli Axundovun işıqlı obrazları bu kitabda hörmətlə yad edilmişdir.
Kifayət qədər ziddiyyətli şəxsiyyət və sərt rəhbər olmuş Mir Cəfər Bağırovun həyat səhifələrindən bəzi epizodlar da bu kitabda yerini tapa bilmişdir.
Ümumilli liderimiz unudulmaz Heydər Əliyevin rəhbərliyi altında çalışmış Sadıq Murtuzayev yazır: "Heydər Əliyevin qüdrətli rəhbər fenomeni kimi nüfuz qazanmasında ilk növbədə onun özünəinam (!) hissinin son dərəcədə yüksək olması ilə bağlıdır.
Heydər Əlirza oğlu Əliyev haqqında yazılan saysız-hesabsız kitablar, ucaldılan abidələr, həyat və fəaliyyətinə həsr olunmuş muzeylər, mərkəzlər, parklar onun qeyri-adiliyinə dəlalət edir.
Onun qüdrətli şəxsiyyət və siyasi xadim olması tarixi həqiqətdir. Azərbaycan Respublikasının şöhrətlənməsində bu insanın fövqəladə qüdrətinin böyük rol oynadığına şübhə etmək qeyri-mümkündür". Ümumxalq məhəbbəti qazanmış böyük rəhbərimiz haqqında prinsipial və aydın mövqe bildirmiş Sadiq müəllimin belə sərrast və real fikrinə, tarixi həqiqətinə söz ola bilməz.
Kitabda Sovet ittifaqı dövründə neft-qaz sənayesinin məşhur təşkilatçı rəhbərlərindən-SSRİ-i naziri olmuş Sabit Bağırovun, Sosialist Əməyi Qəhrəmanı akademik Fərman Salmanovun adları hörmətlə çəkilir, xatirələri yad edilir.
Bununla yanaşı, keçən əsrin 80-90-cı illərində Azərbaycana bir müddət rəhbərlik etmiş ayrı-ayrı şəxslərin, o cümlədən Ə.Vəzirovun, A.Mütəllibovun qətiyyətsizliyi, səriştəsizliyi kitabda qeyd olunur.
Rayonlarda işlədiyi illərdə həmişə qonaq-qarası olmuş Sadıq müəllimin yaddaqalmış xatirələri bu kitabın IV bölməsində "Müdrik və baməzə şəxslərlə bağlı maraqlı əhvalatlar" başlığı altında verilmişdir.
Bir vaxtlar Qarabağda Məşədi Abbas Rzayevi tanımayan adam tapılmazdı. Mən də o kişini görmüşdüm, Ağdam şəhərində küçələrimiz qonşuydu.
Onun haqqında xeyli baməzə söhbətlər gəzərdi, xatirələr danışılardı. Sadıq müəlim də Məşədi Abbasla bağlı olmuş əhvalatları bir daha bu kitabda yada salır.
Kiçik bir haşiyə:
Məşədi Abbas Rzayev Sovet dövrünün inqilabçılar nəslinə mənsub olan şəxslərdən biri olmuşdu, Mir Cəfər Bağırovla sıx əlaqəsi, yaxından dostluğu, tanışlığı vardı. Onu ölümdən qurtarmışdı. Sonralar iş elə gətirir ki, Məşədi Abbas Şimali Qafqazda kimsəsiz bir qadına təcavüz etdiyinə görə yaramaz bir nəfəri baltalayıb qətlə yetirir, ona 10 il iş kəsirlər. Bu hadisədən xəbər tutan Mir Cəfər Bağırov dustaq həyatı yaşayan (cəmi 6 ay) Məşədi Abbasa tapşırıq verir və bu tapşırığı məsuliyyətlə icra edən Məşədi Abbas bəraət qazanır.
Mir Cəfər Bağırovun göstərişi ilə onu kommunist partiyası şuralarına bərpa edirlər, sonra Şuşa Dairə İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərirlər.
1943-cü ildə Məşədi Abbas Rzayev Ağdam Şəhər Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə seçilir. O, Ağdam camaatının böyük hörmətini qazanmış, nüfuz sahibi olmuşdu.
Ağdam Dövlət Dram Teatrının ilk binası, Şahbulaq daş karxanası, istirahət parkları, su kəmərləri, bir sıra mədəni-məişət obyektləri onun adı ilə bağlıdır. 1954-cü ildə 76 yaşında vəfat etmiş Məşədi Abbasın əbədiləşdirilmiş, Ağdamın mərkəzi küçələrdən birinə onun adı verilmişdi...
Respublikamızın məşhur sənət adamlarından Nəsibə xanım Zeynalova, Lütfəli Abdullayev, şair və nasirlərdən Bəxtiyar Vahabzadə, Osman Sarıvəlli, Süleyman Rüstəm, Əbülhəsənlə bağlı maraqlı əhvalatlar kitabda əksini tapmışdır. Rəşid Behbudovun, Bülbülün, Niyazinin, Mustafa bəy Topçubaşovun bizlərə məlum olmayan vərdişini, xaraketrini, fərdi xüsusiyyətlərini bu kitabdan öyrənmək mümkündür.
Kitabda "Rəhbər şəxsin əməl etməli olduğu 104 vacib şərt" başlığı ilə qələmə alınmış tövsiyələr uzun illərin, çoxsahəli təcübənin, həyat həqiqətlərinin diktəsidir, desək, çox düz olar.
Bir neçə misal:
- "Rəhbər üçün ən vacib şərtlərdən biri onun paklığıdır.
Əgər əlin çirkaba bulaşıbsa, heç vaxt xalqın gözündə ucala bilməzsən";
- "Müdrik rəhbər qüvvələri parçalamaq yox, birləşdirmək yolunu seçməlidir";
- "Ağıllı rəhbər startı müəyyən edə bildiyi halda, finalı da dəqiq görməyi bacarmalıdır" və s. və i.a.
Sadıq müəllim bu oxunaqlı kitabında insanlıq tarixində ad qoymuş, neçə-neçə əzəmətli şəxsiyyətin həyatından, kəlamlarından misallar çəkərək oxucunun biliklərini zənginləşdirməyi unutmur.
İsa Peyğəmbər, dahi Nizami, Çingiz xan, Əmir Teymur, Konfutsi, Mark Troyan, Napoleon, Şeyx Şamil, Tomas Cefferson, Lev Tolstoy, Anton Çexov, Məmməd Səid Ordubadi kimi məşhurlardan tutarlı faktlar, ibrət götürüləsi əhvalatlar, deyimlər bizləri düşüncələr dəryasının qoynuna atır...
Bu xatırlamalar bir daha ona dəlalət edir ki, Sadıq Murtuzayev ciddi mütaliəçidir, bilikli adamdır və üstəlik maqnit yaddaşa sahib bir şəxsiyyətdir.
Və bu yerdə ingilis filosofu Frensis Bekonun məşhur bir fikri yadıma düşdü: "Bilənlər güclüdür." Bir misal da Latın müdriklərindən: "Doseno Discimuz" (öyrədəndə öyrənirəm)".
Kitabda dostluğa, təmiz, saf insani münasibətlərə dönə-dönə qayıdan Sadıq müəllimin özü dostluqda sədaqətlidir.
Qüdrətli şairimiz Rəsul Rzanın sərrast dediyi
"Mən insanam, ünsiyyətsiz ölərəm" misrası bəlkə də bu maraqlı şəxsiyyətin həyat devizidir.
Onu yaşadan, ömrünü uzadan, minbir çalarlı, mənalı həyatının üfüqlərini görünməz edən insanlarla daima təmasda olması, ətrafında həmişə dostların, doğmaların səsini eşitməsindədir, məncə...
Burasını da heyranlıqla qeyd etməyi vacib bilirəm ki, dörd rayonda rəhbər vəzifədə çalışmış bu möhkəm kişinin həyatında Ağdamda işlədiyi illər görünür ki, daha cəlbedici, daha yaradıcı, daha ünsiyyətli və daha səmərəli olduğundandır ki, elə indinin özündə də Ağdam camaatı ilə sız əlaqədədir, ağdamlıların toyundan, yasından qalmaz.
Məşhur fermer Əli Abbasov, Əməkdar Müəllim Səlim Əzimov, Əməkdar Jurnalist Bəbir Hüseynov, Hacı İslam Əliyev, Əməkdar Mədəniyyət işçisi Rafiq Rüstəmov... Sadıq müəllimin ətrafındadırlar.

KİTABIN BAŞ QƏHRƏMANI
Kitabdan sitat:
"Bütün ömrünüz boyu məramınız insanları nadanlıqdan kamilliyə, cahillikdən aqilliyə, yalandan həqiqətə, namərdlikdən mərdliyə, xəbislikdən saflığa, təkəbbürdən təvazökarlığa istiqamətləndirmək olub." (müəllifi Məmməd Əfşan-yazıçı-publisist)
Məmməd Əfşan haqlıdır.
Sadıq müəllim kitabında bizlərə (bəlkə də hamıya yox) bəlli olan "kişilik", "sədaqət", "səbr", "ümid", "xəyanət", "yaltaqlıq", "yalan", "qorxu", "haram", "yerlibazlıq", "qəzəb", "tamah", "xəsislik" və s. bu kimi anlayışlara aydınlıq gətirir və fikrini faktlarla təsdiqləyir.
Əgər qələm götürüb Sadıq Murtuzayevin həyat və yaradıcılığı (məhz yaradıb-qurmaq sevdası) barədə kitab yazan olsa (eşidirsənmi, Məmməd Əfşan?), SSRİ Ali Sovetinin deputatı olmuş, dəfələrlə Azərbaycan parlamentinə seçilmiş, uzun illər rayon partiya komitələrinin I katibi işləmiş, saysız-hesabsız iclaslarda, qurultay və konfranslarda, müxtəlif yığıncaqlarda və s. tədbirlərdə fəal iştirak etmiş, həmişə camaatla sıx ünsiyyətdə olmuş bu şəxsiyyət haqqında neçə-neçə kitab bağlamaq olar.
Sadıq Murtuzayevin hələ 36 yaşında- 1963-cü ildə Abşeron Rayon Partiya Komitəsinin I katibi vəzifəsinə seçilib işə başlayaraq Bakı və Sumqayıt sakinlərini kənd təsərrüfatı məhsulları ilə təmin edilməsində gərgin fəaliyyəti özü bir kitab mövzusudur.
Şəkidə intensiv heyvandarlıq komplekslərinin yaradılması, bağçılığın yenidən qurulması və inkişafı, taxıl sahələrini genişləndirilməsi Sadıq müəllimin adı ilə bağlıdır. O da yadımdadır ki, Şəki-Qax magistral yolunun hər iki tərəfindəki yaşıl örpəkli alma bağları hər il payız gələndə cənnətə dönərdi, budaqlarda ulduz-ulduz yanan almalar yoldan ötənə gəl-gəl deyərdi.
Kitabdan sitat:
"2200 hektaradək sahədə (Daşüz adlanan ərazidəki çöllükdə) bütün respublikanın valeh edən bağçılıq təsərrüfatı yaradıldı.
Hətta unudulmaz Heydər Əliyev Şəkidə olarkən şəxsən özü burada ağac əkmiş, təsərrüfat barədə gözəl sözlər söyləmişdi.
Sonralar... dağıdıcı qüvvələr Azərbaycanda yeganə və tayı-bərabəri olmayan bu nadir təsərrüfatı da məhv etdilər..."
Sadıq müəllimin Ağdam həyatı da yaddaqalan yaradıcı təşəbbüslərlə əlamətdardır, yüksəlişə, tərəqqiyə xidmət edən hadisələrlə zəngindir.
Ergi düzünün kəşf olunması Abdal-Gülablı yaylağının tikintisi, Şahbulaq seyrangahı, tarixin muzeylərin yaradılması, kəhrizlərin bərpası, iqtisadi-mədəni tədbirlərin intişar tapması Ağdamın əzəmətini daha da artırmışdı.
"İnsan amili: həyat və zaman" kitabının dili sadə və oxunaqlıdır. Oxuyanda yorulmursan, bir tilişkənli sözə, ağır ifadəyə, mücərrəd, dolaşıq cümləyə rast gəlmək qeyri-mümkündür. Orası da məlumdur ki, Sadıq müəllim filoloqdur, fəlsəfə doktorudur.
Bununla belə, kitabın şirin dili müəllifin Azərbaycan dilinin qrammatik qayda-qanununu, orfoqrafiya lüğətini mükəmməl bilməsindən irəli gəlmir, məncə.
Bu su təki axıb gedən doğma dil müəllifin obrazlı təfəkkürünün, ədəbi-bədii düşüncə tərzinin, hər sözə, hər kəlməyə məsuliyyətlə, (qənaətlə!), hörmətlə yanaşma hissinin bəhrəsidir, şübhəsiz.
Bəs haqqında söhbət açdığım bu kitabın baş qəhrəmanı kim ola, görəsən.
Məncə, bu kitabın fəlsəfəsi müəllifin həyat yolu ilə, qayə və məramı ilə üzvi şəkildə bağlıdır, kitabın baş qəhrəmanı müəllifin özüdür:
Sadıq Nəbi oğlu Murtuzayevdir.