adalet.az header logo
  • Bakı 13°C

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
32988 | 2014-10-25 01:10
(əvvəli ötən şənbə saylarımızda)

Şair dostlarımız Vaqif Səmədoğlu və Vilayət Rüstəmzadənin əvəzsiz töhfəsi - böyük Səməd Vurğunun tarixi foto-şəkli (Pekin, 1955-ci il) bəzəyən kitabxanamızın rəflərinə müxtəlif vaxtlarda hədiyyə verilən, müəlliflərin avtoqrafı olan kitablar, həmçinin bir oxucu kimi çox sevdiyimiz sənətkarların əsərləri düzülüb. Onların sırasında elə qələm sahibləri var ki, xatirələri mənim üçün xüsusilə əzizdir: respublika radiosunda, sonra televiziyasında işləməyimin əsl səbəbkarı, hələ tələbə ikən qolumdan tutub dayaq olan, rəhmətlik Ənvər Əlibəylinin yanına gətirən, xeyir-dua verən, bənzərsiz şairimiz, həmyerlimiz Əliağa Kürçaylı; "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Qolumdakı zəncirləri qıram, gərək qıram, qıram!" - deyə hayqıran, Azərbaycanın azadlığı uğrunda mübarizəni yaradıcılıq və vətəndaşlıq amalına çevirən Xəlil Rza Ulutürk; dağ çiçəyi kimi ətirli, dərya kimi dərin, qılınctək kəsərli poeziyası ilə ürəkləri fəth edən Məmməd Araz; uzun illər ailəvi dostluq etdiyim söz sərrafı, sinədəftər Ağacavad Əlizadə; görüşlərimiz unudulmaz xatirəyə çevrilən gözəl nasirlər Yusif Səmədoğlu, Fərman Kərimzadə!..
Qələm dostum, yazıçı-publisist Yusif Kərimov "Zaman-İnsanlar-Özüm" silsiləsindən olan kitablarında tələbə dostlarımızdan söhbət açır, onlar barədə səmimi sözdər deyir.
Həqiqətən də bizim tələbə dostlarımız ən xoş sözlərə, yüksək qiymətə layiqdirlər.
Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika şöbəsində 1957-1962-ci illərdə təhsil aldığımız "J" qrupunu "seçmə", indiki dəblə desək, "super" adlandırırdılar.
Biz səmimi, mehriban və çalışqan idik. Təhsilimizi başa vurandan sonra söz verdik ki, bir-birimizlə əlaqə saxlayaq, vaxtaşırı görüşək. Sözümüzə əməl etdik. Yubiley görüşlərimiz - 10, 20, 30, 40 illiyimiz xüsusilə təmtəraqlı, yaddaqalan oldu. Hər birimizin uğuru hamımızı sevindirdi. "Super qrup" adını mətbuatda, ictimai həyatda da doğrulda bildik: yazıçı-publisistlər, tərcüməçilər, baş redaktorlar, pedaqoqlar, alimlər, yüksək vəzifəli məsul işçilər, nazir, səfir, MK, raykom katibləri, həmçinin fəxri adlar, rütbələr, mükafatlar, təltiflər...
Nəhayət, yarım əsrlik "Qızıl yubileyimizi" keçirdik. Nəslimizin "yarpaq tökümü"ndən, sıramızın seyrəlməsindən kövrəldik. Məclisimizə mərhum yoldaşlarımızın - Mailənin, Natellanın, Solmazın, Əzizənin, Əkbərin, Hafizin, İnqilabın, Səfərin, Yusifin (Əliyev), Zeynəddinin, Bəxtiyarın, Raufun xatirələrini sükuta dalmaqla başladıq. Təsəllimiz o oldu ki, dünyalarını dəyişən yoldaşlarımız həm sənətdə, həm də həyatda özlərinə məxsus iz qoyublar, hörmət-izzət sahibi kimi layiqli ömür sürüblər. Ruhları şad olsun.
Nəhayət, "sükut buzu"nu əritdik. Dönüb bir-birimizə diqqətlə baxanda qızıl qızların, laçın oğlanların yerində nəvə-nəticəli babalar, nənələr gördük. Əlbəttə, hamımız 70-in "təmas xətti"ni çoxdan keçmişik.
Ömrümüzün payızında ən yaxşı mükafat tələbə dostların təbriki, xeyir-duasıdur. Namiq Abbasov, Ələkbər Abbasov-Şəhrili, Əlikram Abdullayev, Ofelya Abbasova, Elza Salmanova, Dilarə Vəkilova, Mənsurə Mənsurova, Aydın Əliyev, Yalçın Əlizadə, Yusif Kərimov 75 yaşımız münasibətilə Ruhəngiz Rəhimovanı, Liza Ağayevanı, Hökumə Əliyevanı, İffət Salamzadəni, Rafiq Zeynalovu, Zöhrab Zeynalovu, Sahib Əliyevi, İlyas Adıgözəllini və məni ürəkdən təbrik etdilər, cansağlığı, aydın düşüncə, isti ürək dilədilər.

***
Ən xoşbəxt ata özünün həyatda nail ola bilmədiyini övladlarının əməllərində görəndir.

Müəllif

VIII
Köhnə kişilər, ata-babalar ömrü qabaqlayıb vəsiyyətlərini tez eləyiblər, "vəsiyyət yüngüllükdür", - deyiblər. İndi mən də belə edirəm: ürəyimi boşaldıb yüngülləşirəm. Təfərrüata varmadan, olub-keçənlərin ibrətamizlərini qələmə alıb övladlarıma, nəvə-nəticələrimə, soyadıma, məndən sonra gələnlərimə yadigar qoyuram. Oxuyub olub-keçənlərdən özləri üçün nəticə çıxarmağı, həyatdan ibrət dərsi almağı tövsiyə edirəm. Əsil insan kimi yaşamağı, öyrənməyi, çalışmağı, zəhmətə qatlaşmağı, saf əqidəli övladlar böyüdüb tərbiyələndirməyi vəsiyyət edirəm.
Dünyanın hansı diyarına, haraya taleyin hökmü ilə getsələr də, heç vaxt Ana Vətəni yaddan çıxarmasınlar, Ata Ocağını sönməyə qoymasınlar, dədə-baba yurdunun - evinin qiyməti yoxdur, onu satmasınlar.
Naşükür olmasınlar, ulu Tanrıya həmişə şükür etsinlər. Unutmasınlar ki, bəndə Allahına şükür edib, yalnız özündən, öz əməlindən, hərəkətindən narazı qala bilər.
Tanrının "səndən hərəkət, məndən bərəkət", - buyruğunu əməllərinə çevirib zəhməti özlərinə peşə etsinlər, halal çörəklərini yesinlər.
Şükür edirəm ki, xoşbəxt ailəm, ağıllı-kamallı, mərifətli, halal çörəkli övladlarım, oğlumdan ayırmadığım kürəkənlərim, öz qızım saydığım gəlinim, məni uşaq kimi sevindirən, qəlbimi riqqətə gətirən nəvələrim var. Dua edirəm ki, ilahi mənə nəvə toyu, nəticə qismət eləsin.
Bu, mənim arzumdur. Allah-təala dünyanın əşrəfi olan insanı belə yaradıb: insanı yaşadan inamı, arzularıdır. O, qocalıb qüvvədən düşsə də, arzusundan qalmır. İnsanın arzusu nəhayətsizdir, sonsuzdur. Amma insanın həyatı sonsuz deyil. Axırı var. Bu, həyatın qanunudur, haqqdır.
Mən haqqa inanıram. Ruha inanıram. İnanıram ki, mənim ruhum şad olacaq. Barlı ağac kimi öz kökləri üstə ucalıb bir-birlərinə həyan olan, dayaq duran, əsillərinin, nəsillərinin gözəl ənənələrini yaşadan övladlarımın, nəvələrimin, nəticələrimin, məndən sonra gələnlərimin "ruhu şad olsun!" nidaları ruhumu şad edəcək!
Elə bil çiyinlərimdən ağır yük götürülür, yüngülləşirəm, ürəyimi boşaltdığım üçün, yaxınlarımın, ulularımın ruhu qarşısında borcumdan çıxdığım üçün rahat nəfəs alıram. Və özümü Kür qırağında, yenə oğlum Səmədlə Kürün axarlı-baxarlı sahilində hiss edirəm. Lap uzaqlardan, qədim türk ellərindən mənbəyini götürüb dağlar aşan, yarğanlar keçən, Qazaxın aşağı-yuxarı Salahlısında ipə-sapa yatmayıb coşub-daşan, Muğanda Arazla qol-boyun olub sakitləşən, Salyanda otaylı-butaylı Cəngənin yaşıllığa bürünmüş sahillərinə sığal çəkən, Kərbəlayi Bəşir gicovundan qıvrıla-qıvrıla keçərək Xəzərə qovuşmağa tələsən Ana Kürün sahilində. Və birdən bu əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi... çox uzaqlardan, əsrlərin o tayından qopub gələn ulularımın səsi... Ruhları şad olsun!

***
Uzadaq ömrünü hər bir anın da,
Yel kimi keçməsin vaxt üstümüzdən.

S.Vurğun

IX
Qəlbimi riqqətə gətirən, bütün varlığıma hakim kəsilən doğma mahnının tanış melodiyaları qulaqlarımda səslənir: "Bura Vətəndir". Gözlərimin qarşısında uçuşa hazırlaşan qartala bənzər Azərbaycanın xəritəsi - Odlar diyarının yanar ürəyinə su səpən Ana Kür, otaylı-butaylı Xan Araz, vüqarlı Şahdağ, Muğan, Mil, Aran, Şirvan, günəşin od ələdiyi düzlər, durna gözlü bulaqların, gur şəlalələrin çağladığı yaşıl meşələr, mavi Xəzər canlanır.
Ana qoynundan başlanan Vətənini dünyaya tanıdan övladlarını, onları əvəzləyəcək nəsilləri düşünürəm. Bu ilıq yaz səhərində başımın üzərinə qaldırdığım, uçmaq istəyirmiş kimi totuq qollarını yana açıb göylərə çan atan nəvəmin səhər günəşitək gülümsəyən gözləri məni ürəkləndirir, düşüncələrimə qol-qanad verir, gələcəyə inamımı artırır. Nəvələrimə, onların timsalında məhəbbətlə böyütdüyümüz bütün balalara Vətənə layiq övlad olmaq arzusu ilə sözümü bitirirəm. Və hiss edirəm ki, qələmim son nöqtəni qoymağa tələsmir. Həyatım boyu həmişə, hər yerə, hər yana tələsən mən xasiyyətimə rəğmən indi tələsmirəm. Böyük şairin cavanlığımda çox sevdiyim, indi isə bütün varlığımla duyub yaşadığım siqlətli misraları qulaqlarımda səslənir.
Övladlarıma, nəvələrimə, məndən sonra gələnlərimə xitabən Vurğun dili ilə: "Uzadın ömrünü hər bir anın da. Yel kimi keçməsin vaxt üstünüzdən" deyirəm. Tanrının sizə bəxş etdiyi həyatın hər anının qədrini bilin. Ataların, zamanın sınağından çıxan sözlərini unutmayın: ötən günə gün çatmaz, calasan günü günə!

TƏQVİM / ARXİV