adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Dəlicəsinə qalib gəlmək əzmi...

5508 | 2014-10-25 01:09
(əvvəli ötən şənbə saylarımızda)

Rəşad Məcidin qeyd etdiyi unudulmamaq haqqı olan ikinci insan Qarabağ xanlığının nəslindən olan qocaman musiqiçi Əli bəy Cavanşirdir. "Bu adam ömrünün 60 ilə yaxınını Azərbaycan musiqisinin inkişafına həsr edib, uzun illər Azərbaycan Dövlət Simfonuk Orkestrinin dirijoru, Dövlət Teleradio Komitəsinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və musiqi kollektivlərinin direktoru olub". Heç bir təmənna güdmədən, heç kimin "sağ ol"una göz dikmədən çalışıb.
"O kiməsə ağız açmağı, öz işi üçün kimdənsə xahiş eləməyi xoşlamır. Yəqin elə buna görə də böyük zəhməti, musiqimizə xidmətləri layiqli qiymətini almayıb" - deyə Rəşad Məcid qeyd edir. Əslində Rəşad müəllim Əli bəy Cavanşirin timsalında bu gün diqqətdən kənarda qalan, özlərini "gözə soxmağı" bacarnayan elm, incəsənət, mədəniyyət sahəsində böyük xidmətləri olan unudulmuşlara işarə vurur. Yazı 2004-cü ildə qələmə alınıb. Əli bəy də, Azad müəlim də indi Allahın rəhmətinə qovuşublar. Heç şübhəsiz ki, Rəşad müəllim bu kitabda onların adlarını əbədiləşdirməklə tarixin yaddaşına köçürüb.
Kitabda "Doğma adamın təzə və köhnə Bakı nağılı", "Özgə planetdən gələn" bölümləri də çox maraqlıdır. Birincidə dünya şöhrətli görkəmli cazmen Vaqif Mustafazadə, onun qızı Əzizə xanım haqqında bəhs edilirsə, ikinci yazıda "Əli və Nino" kitab şəbəkəsinin rəhbəri Nigar Köçərlinin gördüyü xeyirxah işlərə diqqəti yönəldir. Nəsil-kökü Gədəbəydən məşhur Köçərlilər nəslindən olan Nigar xanım "Əli və Nino" kitab şəbəkəsini məşhur əsəri oxuduqdan sonra yaratmaq qərarına gəlib. Kirab biznesi Azərbaycanda gözəl hadisədir və bunu ancaq alqışlamaq olar. Nigar xanım "Fəvvarələr meydanına bitişik kafedə qədim şkafı və divar saatını Gədəbəydən, Şəmkirdən nənəsindən içazə alaraq necə Bakıya gətirdiyini, kafedə məşhur romanımızın qəhrəmanlarına aid əşyalar kimi təqdim etdiyini söyləyirdi. Bu sakit təqdimatın, görülən işin arxasında nə qədər böyük ilhamın və məhəbbətin dayandığını sezməmək olmurdu..."
Hər sahədə olduğu kimi yazarlar arasında da ədəbiyyata yeni gələn gənclərə çox zaman qısqanclıqla yanaşanlar var. İstedadı oldu-olmadı, gətirdikləri ədəbi parçalara gözucu baxıb "Get bir az da işlə!" - deyərək başlarından edənlər azmıdır? Rəşad müəllim isə istedadlı gəncləri seçib onları ədəbi mühitə istiqamətləndirir, onlara "Uğurlu yol" deyir. Rəşad müəllim bu gün Azərbaycan Yazıçılar Birliyində həm də Gənclər üzrə katib vəzifəsində çalışır. Bir çox istedadlı gəncləri Birliyə üzv etməkdə heç də yanılmayıb. Bu gün onlarca gənc yazar məhz Rəşad müəllimin xeyir-duası ilə AYB-nin üzvü olublar. Heç şübhəsiz ki, onun gənc ədəbi nəslə diqqəti ədəbiyyatımızın gələcəyinin onların sayəsində inkişafına inamının nəticəsidir.
Yazılarında diqqətimi çəkən bir məqam da dilinin sadə olmasıdır. Həcən bəy Zərdabi deyirdi: gərək jurnalist elə yazsın ki, onu sadə adamlar da anlaya bilsinlər. Bunu Rəşad Məcidin bütün yazılarında hiss etmək olar.
Rəşad Məcid yaradıcılığa şeirlə başladı. Fəqət davam etdirmədi. Bir şeirinə rast gəldim, çoxdan yazıb. Sanki olacaqları öncədən duyurdu:

Göz dikib bu yerə yağılar, yadlar,
Su olub düzündə, axa bilməyib.
Nə qədər zirvələr fəth edib Qacar,
Fəqət bu zirvəyə qalxa bilməyib.

Bəs poeziyaya gəlişini niyə dava etdirmədi? Bunu Rəşad müəllimin yazdıqları cavab verir:
"88-ci ildə 24 yaşımda Ağdamda Dağlıq Qarabağdan qaçan insanları gördüm. Sonra böyük bir proses başladı, müharibə, qan-qada, sarsılmaz görünən imperiyanın dağılmasının şahidi oldum. İnsanların qurduğu planlar, gələcəyə ümidləri darmadağın oldu. Ona görə də mənim ədəbiyyatla məşğul ola biləcəyim ən məhsuldar dövr itirildi. Sonrakı proseslər məni jurnalistikaya atdı..."
Rəşad müəllimin bu yazısı məni çox düşündürdü. Öz taleyimi xatırladım. Mən də ədəbiyyata şeirlə gəlmişəm. İlk şeirlər kitabım 12 il əvvəl çıxıb. Görkəmli alim-tənqidçi Vaqif Yusifli çox bəyənmişdi, ön söz yazmışdı. Sonradan şeir yazmadım. Vaqif müəllim bu yaxında mənə zarafatyana dedi ki, sənin sonradan şeirlərini görmədikdə, düşündüm, bir şair də bu dünyadan küsdü. Əslində ölkədə baş verən hadisələr Rəşad müəllim demiş, məni jurnalistikaya sürüklədi. Görünür bu, gəncliyi müharibə dövrünə düşən bir çox qələm əhlinin alın yazısıdır. Elə Rəşad Məcidin də.
Heç şübhəsiz ki, Rəşad müəllim poeziyaya yolunu davam etdirsəydi, bu gün yaxşı şair kimi də tanınardı. Amma jurnalistika elə şərəfli bir peşədir ki, burda insan faktoru əsas götürülür. İnsan və onun taleyi. Alman filosofu Kantın bir kəlamı var: "Bütün həqiqətlər cəhənnəm əzabında üzə çıxır". Bu faktdır ki, gəncliyi müharibə dövrünə düşən bir çox qələm əhli yurd-yuvasından silah gücünə qovulan, əsirlikdə olan insanların ermənilərin onlara yaşatdıqları cəhənnəm əzabında əsl həqiqəti görərək jurnalistikaya bağlandılar, qələmlərini silaha çevirərək ilə döyüşdülər, mübarizə apardılar. Rəşad Məcid jurnalistlik fəaliyyətində toxunduğu neçə-neçə lazımlı, vacib məsələləri gündəmə gətirməklə çox insanların taleyini həll edə bilib. Şeir bunu həll edə bilmir axı... Ən gözəl şeir uzaq başı bir gözəlin qəlbini ovsunlayır, ona gözəl hisslər yaşadır, könlümüzü mənən xoş edir. Jurnalist öz vicdanının səsiylə hansısa məsələni gündəmə gətirirsə, bu onun mətbuatımıza, mədəniyyətimizə xidmətidir.
Tanrının məsləhəti buymuş ki, Rəşad Məcid "itirdiyi" bu 25 ildə xalqa, milllətə məhz jurnalist qələmiylə xidmət etsin. Edib də! Mən onun həmkarı olaraq bunu tam əminliklə deyirəm! Torpaqlarının iyirmi faizi düşmən işğalı altında olan bir ölkənin jurnalisti, yazarı olmaq elə də asan deyil!
Rəşad Məcid haqqında haqqı başı üzərində görüb doğrunu danışanlar da var, əksini deyənlər də. Mən özüm bunun şahidi olmuşam. Təbii ki, bir adamı hamı sevə bilməz. Paxıl adamlar həmişə olub, olacaq da. Paxıllıq insanların nəinki qabiliyyətinə, yaradıcılığına, hətta düşüncə tərzinə belə mənfi təsir edir. Özünüdərk hissini itirir insanda. Paxıl, xudbin insan yaxşı düşünə bilmir, müqəddəs "Qurani-Kərim"də deyildi kimi, Tanrı onların gözlərini kor, qulaqlarını kar edib. Üzümü bəzi bədxahlara tutub deyirəm: gedin "Dəlicəsinə" kitabını oxuyun!
Tək elə bu kitaba görə Rəşad müəllimə "Çox sağ olun!" deyirəm. Allah bizləri qərəzli tənqidlərdən qorusun!
Bu yaxınlarda Rəşad Məcidin 50 yaşı tamam oldu. Kamilləşmə dövrü məhz bu yaşda başlayır. Dünya təcrübəsinə nəzər salsaq görərik ki, ən gözəl əsərlər də elə bu yaşda yazılıb.
On dörd il əvvəl mən onu görəndə cavan oğlan idi. İndi tam əlli biri xırdalayır. Əslində on dörd il elə bir məsafə deyil ki, insanı yaşlı adlandırmağa adamın dili gəlsin. Rəşad müəllim elə də dəyişməyib. Dəyişməyən bir də üzündə olan təbəssümüdür.
...Düşünürəm ki, Rəşad müəllim o illəri heç də itirməyib. Əksinə qazanıb. Oxucularının hörmətini, ehtiramını və bir də özündən sonra qoyub gedəcəyi əsərlərini. O insan xoşbəxtdir ki, özündən sonra iz qoyub gedir.
Yazımı Rəşad müəllimin öz fikirləriylə sona yetiriəm:
"İnsanın ən böyük səfəri məhz öz daxilinə səfəridir. İnsan özünün dərininə getdikcə orada tapdığı, heyrətləndiyi şeylər daha böyük və fərqlidir".
Nə gözəl! Ümid edirik ki, daxilinizdən qaynaqlanan gözəl yazılarınızla bizi həmişə heyrətləndirəcəksiz! Ayrıca Fərqanə xanıma təşəkkür edirəm, "Dəlicəsinə" kitabını mənə təqdim etdiyi üçün.
Həmişə xoş sədalarınzı eşidək, Rəşad müəllim!

TƏQVİM / ARXİV