adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Bakı insanları məhv edir

SAMİRƏ ƏŞRƏF
30897 | 2014-10-25 01:08
Son günlər məmləkətdə baş verən amansız qətl hadisələr bir daha sübut edir ki, qarşıda bizi çox ağrılı günlər gözləyir. Qohum-qonşu, dost-tanış arasında baş verən münaqişələr artıq yavaş-yavaş ailələrin daxilinə sıçrayır. Əgər bu gün bacı öz bacısının başını kəsirsə və cəmiyyət də bunu çox adi qarşılayırsa, deməli, vəziyyət doğurdan da pisdən pisdir. Doğrudur, bu cür hadisələr hər zaman olub. Amma bu qədər adilik daşımayıb.
Yadıma gəlir, bizim rayonda çox imkanlı iki dost var idi. Bu adamlar uşaqlıq illərindən bir yerdə böyüyüb, bir yerdə oxumuşdular. Sonra birlikdə xarici ölkəyə gedib işləmişdilər. Hətta ailə quranda da onlar toylarını birlikdə etmişdilər. Təxminən səksəninci illərin sonlarında dostlardan biri müəmmalı şəkildə yoxa çıxmışdı. Heç kimin ağlına da gəlməmişdi ki, onu ən yaxın dostu öldürüb, maşın qarajının içərisində basdıra bilər. Bir ilə yaxın gedən istintaq araşdırmalarından sonra qatilin kimliyi üzə çıxanda bütün rayon lərzəyə gəlmişdi. Hamı sanki cinayəti edənin onun öz qohumu-qardaşı olduğunu hesab etmişdi. Mən əminəm ki, həmin hadisəni bir çox insan indi də çox dəhşətlə xatırlayırlar.
Yəni əvvəllər cinayəti törədən insana qarşı ciddi ictimai qınaq vardı. Həmin adam mütləq hər kəs tərəfindən rədd edilirdi. Analar öz südlərini cinayətkar olan övladına haram edirdi. Bunlar bir tərəfə, hər kəs baş verən hadisədən özü üçün ciddi nəticələr çıxardırdı. Ən azından bunu edə bilmək düşüncəsi vardı. Amma indi hər şey tamam başqa yol alıb. Ata qızını boğub öldürür, qardaş bacısını doğrayıb basdırır, oğul anasını nə bilim necə yüz bıçaq zərbəsi ilə qətlə yetirir. Və bütün bunlara nədənsə hamı adi, gündəlik xəbər kimi yanaşır. Heç kim fikirləşmir ki, bu cinayətlərin çoxalması bir gün onların da yaxın ətrafından, ailəsindən yan keçməyəcək. Özü də gözlənilməz şəkildə...
Götürək elə marşurutları, yollarda baş verən tıxacları, metrolardakı basabası, xəstəxanalarda, dövlət qurumlarında olan növbələri və s.
Bakı artıq çox yorucu şəhərə çevrilib. Bakı insanları məhv edir. İnsanların həm zamanını, həm də enerjisini alır. Əsəblərini tarıma çəkir. Bir tanış xanım var əvvəllər rayonda yaşayırdı. İndi iki ilə yaxındı ki, ailəsi il birlikdə Bakıya köçüb. Onunla hər dəfə rastlaşanda Bakıdan şikayət edir. Deyir mən rayonda olanda bu qədər yorulmurdum, heç bir yerim ağrımırdı, az-az xəstələnirdim. Günlər də gec keçirdi. İndi isə gün bilmirəm hardan gəlib hara gedir. Addıma bir əsəb, sterss yaşayıram.
Mən həmin tanışımın sözünə qatılıram. Evdən çıxanda artıq bilirəm yollarda məni nələr gözləyir. Ağzınacan dolu marşurutlar, tıxaclar, hövsələsiz, əsəbi insanlar. O günləri bir oğlanın o biri oğlana bir az o tərəfə çəkil deməsinin üstündə marşurutda bir həngamə qopdu ki, təsvir etməkdə acizəm.
Əslində mənə məsələnin başqa hissəsi qaranlıq qalır. Mən başa düşə bilmirəm ki, avtobuslarda niyə basabas olmalıdır? Niyə avtobuslar beş dəqiqədən bir yox, yarım saatdan bir gəlirlər? Niyə yollarda saatlarla tıxaclar olmalıdı? Həmin tıxaclar ən hövsələli adamları belə bircə həftəyə havalandırar. Niyə xəstəxanalarda növbələr olmalıdı? Yəni bütün bunları nizamlayacaq bir qurum, qayda-qanun yoxdur? Varsa, niyə tədbir görüb yoluna qoymurlar. Yox yoxdursa, onda bu qədər qanun-qayda deyib niyə başımızın ətini yeyirlər? Axı marşurut tutaq ki, iyirmi, otuz nəfər adam üçün nəzərdə tutulubsa, niyə sürücü altmış nəfəri bir avtobusa doldurur. Altmış nəfər olan yerdə mütləq davam düşməlidi. Olmaz ki, elə iyirmi beş nəfəri aparsınlar, kimsə də kiminsə ayağını tapdalayanda uzaqbaşı bağışla deyib keçib gedər. Daha şillə-təpik davasına çıxmazlar. Bir sözlə, baş verən amansız cinayətlər, hadisələr, ölüm xəbərləri artıq hamımız ayıltmalı, həyəcan təbili bir an öncə çalınmalıdı. İnsanlar oxumalı, savadlanmalı və anlamalıdılar ki, insan ömrü çox qiymətli və dəyərlidi. Başqa birisinin bu ömrü məhv etməsi isə yolverilməzdir.



TƏQVİM / ARXİV