adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

"SƏN DİLƏNÇİNİN AYAQLARINI YUYARSANMI?!."

VƏSİLƏ USUBOVA
19868 | 2014-10-25 01:07
Son zamanlar yazdıqlarım məni qane eləmir. Nəsə fərqli mövzular, fikirlər qələmə almaq istəyirəm. Ancaq ağlıma gələnlərin hamısı ya işlənmiş, ya da unudulmuş olur. İşlənmişlərə təzə don geyindirmək, onu öz istəklərinin qəlibinə salmaq istəyəndə də adama plagiat deyirlər...
Məsələn, mən istəyirəm ki, yazdıqlarım təkcə zövq, maraq xatirinə oxunmasın, həm də təzə ovqat, təzə həvəs oyatsın. Oxucunu nələrəsə ruhlandırsın. Əgər həyata marağı, həvəsi sönübsə, özünə qayıtsın, yarımçıq qoyduğu işinə daha ürəklə girişib başa çatdırsın. Bir də... elə işlərə baş qoşsun ki, ondan təkcə özü deyil, başqaları da fayda görsün. Üstəlik, bunları diqqət çəkmək, özünü göstərmək naminə, məqsədli, təmənnalı eləməsin... Özünün əsas xasiyyətinə, vərdişinə çevirsin...
Axı, xasiyyət anadangəlmə olsa da, insan öz-özünə gözəl vərdişlər, davranışlar aşılaya bilər...

***
İlk baxışda adama elə gəlir ki, hər şey yaxşıdı. Bəzilərimiz hətta pafoslu sözlər işlətməkdən də doymuruq. Guya tanıdıqlarımızın çoxu xeyirxahdı, canıyanandı, diqqətcildi və s. və i.a. Bax, elə buradaca özümüzü də aldadırıq, bizdən nəsə öyrənmək istəyənləri də. Nə qədər ki, işimiz, evimiz, bir parça çörəyimiz var, nə qədər ki, canımız salamatdı, əldən-ayaqdan düşməmişik, biz heç kəsi tanımırıq. Nə yadları, nə də doğmaları. Vay o gündən ki, bu saydıqlarımın hamısı adamın əlindən çıxa. Nə qədər ehtiyatlı, tədbirli olsan da, ömrün tərəqqisi də var, tənəzzülü də. Bizim olan heç bir şey əbədi deyil. Xüsusən də cavanlıq, sağlamlıq...
İnsanın kiməsə, kimlərəsə möhtac günləri də olur...
"Sən ucalan zaman dostların bilir, sən kimsən. Sən yıxılan zaman, sən bilirsən dostların kimdir". Çox ağıllı birisi deyib bunu. Həm də onun bu ağılı dostlarının "vəfa"sını görəndən sonra qazandığına zərrə qədər də şübhə eləmirəm...
Biz niyə xeyirxah ola bilmirik?! Bəlkə heç bunun nə demək olduğunu bilmirik. Özümüzçün yaşayırıq və müəyyən mərtəbəyə çatandan sonra xeyirxah olmadığımızı xeyriyyəçilik əməlləriynən ört-basdır eləməyə çalışırıq. Bitib-tükənməyən təriflər, gurultulu alqışlar, dəbdəbəli süfrələr, təmtəraqlı çəkilişlər... Özümüzü və bir-birimizi öyməyə o qədər səxavətliyik ki...
Amma xeyirxahlıq bunların heç biri deyil. Nə cibdə gəzdirilən diplom, nə də yayxanıb sağa-sola fırladığın kreslo xeyirxahlığın mənbəyi, təminatı sayılmaz. O, yalnız gözlənilməz tərəfdən ömürlərə, könüllərə saçılan işıqdı. Elə bir işıq ki, heç bir zülmət, qara ləkə azalda, söndürə bilməz...

***
Bu hadisə düz iyirmi bir il əvvəl baş verib. Çinli milyonçu He Ronfenin 17 yaşı olanda... "Dostlarımla birlikdə iş tapmaq üçün getdiyimiz şəhərdə bəxtimiz gətirmədi. Küçələrə düşdük. Ac, pulsuz, ayaqyalındıq. Çıxış yolunu görmürdük, həyatın dibində idik. Lakin o qadın peyda oldu və... bizi xilas etdi".
Gənc qadın küçələrdə dilənən gənclərə yaxınlaşaraq deyib: "Ərimlə birlikdə əriştə hazırlayıb satırıq. Gəlin, bizə qonaq olun". Day adlanan qadın üç gənci birotaqlı evinə aparıb. Əri qonaqları gülərüzlə qarşılayaraq, əriştəyə qonaq edib. Day su qızdırıb, gənclərin yaralarla örtülmüş ayaqlarını yuyub. Axşam isə qonşu şəhərdəki qohumlarına zəng vuraraq onlara iş tapıb... He Ronfen o vaxtdan bəri mebel sahəsində çalışıb və şəhərdə uğurlu sahibkarlardan birinə çevrilib...
Öz xeyirxahını unutmayan He indi 45 yaşı olan qadının yanına yollanaraq ona 160 min dollarlıq bank çekini hədiyyə edib. Day hədiyyəni qəbul etməyib... "Çox təsirləndim, kövrəldim. Amma bu pulları əsla qəbul edə bilməzdim. Axı, pulları qazanmaqda ona yardım etməmişdim"...
Mənə isə ən çox təsir edən qadının son sözləridi: "...pulları qazanmaqda ona yardım etməmişdim..."
Yəqin xeyirxahlığın bir adı da elə təvazökarlıqdı... Bir də özünü hər kəsə borclu bilmək...
Yeni Zelandıyada isə supermarketlərin birində yaşlı qadın ödəmə ilə problem yaşayanda kassir qız öz kartı ilə qadının alış-veriş çekini ödəyib. Qız xeyirxah əməli barədə heç bir yerdə danışmasa da, hadisənin şahidi olan yerli qəzetlərin birinin redaktoru öz qəzetində bu barədə məqalə dərc edib...

***
Son zamanlar adamlarımızda qəribə bir meyl yaranıb. Hamı yubiley xəstəliyinə tutulub. Biz tarixi şəxsiyyətlərin, ədiblərin, bir sözlə, Vətən və millət qarşısında müstəsna xidmətləri olanların yubileylərinin keçirilməsinə alışmışdıq. Bu günsə, elə nişan, toy mərasimləri qədər də yubileylər keçirilir. Keçirilir və adidən də adi ömür yaşamış yubilyarın fövqəlinsan olduğunu sübut eləməkçin istənilən qədər də söz tapılır...
(Görünür, bundan belə hələ çox özəlliklərimizin qatı açılacaq...)
99 yaşlı Lilian da özünün yüz yaşını qeyd eləməyə hazırlaşır. Amma bundan ötrü nə qapılar döyür, nə də kimlərəsə ağız açır. Bu qadın hər gün ehtiyac içində olan afrikalı qızlara bir libas tikir. Həm də hər paltarı təkrarolunmaz biçimdə işləyir. İndiyədək 840 paltar tikib və öz yubileyinəcən bu rəqəmi minə çatdırmaq fikrindədi. Deyir ki, balaca qızların bu geyimləri geyindikləri zaman öz libasları ilə fəxr edə bilmələri üçün əlindən gələn hər şeyi edir...
Bir nömrəsində insan xeyirxahlığı barədə üç xəbər dərc eləmiş qəzeti büküb qırağa qoyuram. Gözlərimi neçə günlük yağışdan sonra silinmiş ayna kimi parlayan səmaya dikirəm. Düşünürəm ki, xeyirxah əməllər də elə yağışlara bənzəyir. Dünyamızı pisliklərdən yumaq, təmiz sular kimi durultmaq gücü var...
Ancaq... bu əməllər savannalara yağan musson yağışları kimidi...

Gec-gec yağır...
Az-az yağır...

TƏQVİM / ARXİV