adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

MƏN KüçƏ UŞAğIYAM

CEYHUN MUSAOĞLU
34733 | 2007-11-24 07:24
"Vicdan, ağıl, əminlik hissi Böyük Tarixin gedişatında heç bir əhəmiyyət daşımır"
   
   
   
   Artur Kestler
   
   
   
   Küçələrdə qalmışıq, vallah. Evimizə-eşiyimizə yığışammırıq. Elə bil divarlar da adama tənə edir: "Kişi də evdə oturar?" Adamlarla danışmağa nə var ki, gəl indi divara cavab ver. Bəlkə də daşa eşitdirənlər var, amma mən bacarmadım.
   
   Bir həftəlik işdən icazə alıb, küçələrdən yığışmaq istədim. Bir gün keçəndən sonra isə küçələr məni özünə çağırdı: Gəl, sənin kimilər olmasa, miskin görünərik. Gəl, üstümüzdən elədən-eləyə, belədən-beləyə gəz. O marşrutdan düşüb bu marşruta min. Kimsə sənə sürtünsün, sən kiməsə sürtün... Hərdən avtobus sürücüsünə xatırlat ki, kartof aparmadığını bilsin. Başının üstünə əyilib sinəsini çöldə qoyan qadına yer ver, sonra sən ona yuxardan aşağı bax. "Qaqaş, bir az arxaya çəkil" - deyən konduktorun sözündən çıxma. Gir, arxadakıların dizinin arasına gir. Sonra pəncərəyə vurulan elanı oxuyub köks ötür. Fikirləş ki, elanda yazılan "yeddi yaşından yuxarı uşaqlara gedişhaqqı verilməlidir" cümləsini olmazdımı belə yazaydılar, "yeddi yaşından aşağı uşaqlara gedişhaqqı verilməməlidir"? Fikirləş ki, belə yazmaqla valideynlərin könlünü oxşamaq olardı. Fikirləş ki, niyə axı buralarda insanlara zövq vermək əvəzinə, onların ürəklərini sındırırlar?! Bu fikirlərdən səni cibinə soxulan əl ayırsın. Amma onun sahibinə etiraz eləmə. Onlar kollektiv əməliyyat keçirir. Çaşsan, sifətinə lezva ilə şram qoyarlar. Bir də ki, nəyin var axı, nəyini götürsünlər?..
   
   Avtobusdan düş. Metroya gir. Kartına beş qəpiklik jeton yükləmək üçün növbəyə dayan. Sağından, solundan kassaya pullar uzansın. Sənsə adam balası kimi növbəni gözlə. Bütün bunlardan yorulmasan da, kartını doldurana qədər itirdiyin vaxta görə əsəbiləş. Növbədən çıxıb avtomata tərəf gedəndə polis səni saxlasın. Vəsiqəni çıxarıb göstər. "Hə Aqil Abbasın qəzetidir?! Gedə bilərsən, bizim Aqil müəllimə hörmətimiz var". Qatara çatana qədər fikirləş: "Görəsən, polisin Aqil Abbasa hörməti olmasaydı, mənə yəni, jurnalistə neyləyəcəkdi?"
   
   Qatara min. İnsanların sifətindəki bədbinliyi gör. "Neçə ildi gülmür adamlar, nəinki gülmür, heç gülümsəmir də". Beynindən bu fikirləri keçirə-keçirə musiqi eşit: "Sızlar yada düşəndə tələbəlik illəri..." Qatarın dayanmağına az qalmış "qapılar açılır, növbəti stansiya Elmlər Akademiyası" elanının sədaları altında qatardan düş. Tələbə stansiyasındakıları tələbədən çox avara adamlara oxşat.

TƏQVİM / ARXİV