adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Oktyabr 2014 17:48
4314
SİYASƏT
A- A+

Ahıska türkləri dərdlərini Qənirə Paşayevaya danışıblar

Millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva KİV-ə  açıqlamasında bu ölkədəki ahıska türklərinin üzləşdiyi son problemlərlə bağlı çalışmalarından bəhs edib. Millət vəkili deyib ki, bu hamımızı narahat edən bir məsələdir: "Mənimlə söhbətlərində ahıska türklərinin təmsilçiləri də dedi ki, seçkilərdən öncə yerli rəhbərlik onlara söz verib ki, bir zamanlar tarixi məscid olmuş həmin abidənin bərpasıyla bağlı addım atılacaq. Ona görə də ahıska türkləri indi deyir ki, həmin o tarixi məscid bərpa olunsun və seçkidən öncə verilən vəd yerinə yetirilsin. Mən də gürcüstanlı millət vəkili olan həmkarlarıma da bunu söylədim ki, bunu etmək əslində çox gözəl bir addım olardı. Çünki ahıska türkləri Gürcüstanın vətəndaşlarıdır və onlar heç zaman Gürcüstan dövlətinə qarşı mənfi addımlar atmayıblar. Tam əksinə, onlar sovet dönəmində haqsızlığın qurbanı olublar və öz doğma ev-eşiklərindən sürgün ediliblər. Nəticədə onların məscidləri də başqa təyinatlar üçün istifadə olunub. Ona görə də bu gün həmin tarixi məscidin restavrasiyasına icazə verilməsi çox müsbət addım olardı və ahıska türkləri tərəfindən də müsbət qarşılanardı. Mən bildirdim ki, Azərbaycanda da xeyli ahıska türkləri olan qardaşlarımız yaşayır və onlarla bağlı məsələlər bizim üçün də çox həssasdır. Yəni deputat həmkarlarımın diqqətinə çatdırdım ki, bu xəbərlər Azərbaycanda da çox həssaslıqla izlənilir və narahatlıqla qarşılanır. Ona görə də yaxşı olardı ki, bu məsələ özünün müsbət həllini tapsın.

Xüsusi olaraq vurğuladım ki, Ermənistan Cavaxetiyada hansı təxribatlara əl atır. Abxaziya və Cənubi Osetiyada da baş verənlər hamımıza bəllidir. Amma Gürcüstan vətəndaşı olan azərbaycanlılar və ahıska türkləri heç zaman separatizmlə məşğul olmayıblar. Azərbaycan və Türkiyə də Gürcüstanın ən çətin anlarında Gürcüstanın yanında olaraq onu dəstəkləyiblər. Ona görə də təbii ki, bu kimi məsələlərin müsbət həlli Azərbaycanda da, Türkiyədə də insanlarda razılıqla qarşılanardı.

 Ahıska türklərinin vətənə dönüş haqları da tanınıb. Ahıska türklərinin öz vətənlərinə dönməsi, orada yaşaması və məskunlaşması Avropa Şurası qarşısında Gürcüstanın öhdəliklərindən biridir. Bu insanlar vaxtilə çox böyük haqsızlıqla üzləşiblər, illər sonra o haqları hələ indi-indi əldə edirlər ki, öz tarixi yurdlarına, evlərinə dönsünlər. Ona görə də həmin tarixi məscidin bərpasına icazə verilməsi doğru addım olardı. İnanırıq ki, Gürcüstanın rəsmi şəxsləri də bu məsələyə həssas yanaşacaqlar və problem özünün müsbəıt həllini tapacaq.

Bir halda ki, klub və ya kitabxana tikmək üçün başqa münasib yerlər var, o zaman bir topluma məxsus tarixi abidənin bərpasına icazə verilməsi Gürcüstan dövlətinin dini inancından asılı olmayaraq öz vətəndaşına eyni münasibətin göstəricisi kimi qəbul edilə bilər. Onu da deyim ki, Ahıska türkləri mənə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi müraciət etmişdilər. Onlar xahiş etmişdilər ki, siz də bu dostluq qrupunun rəhbəri kimi köməyinizi əsirgəməyin. Mən də təbii ki, bu mövzuları gürcüstanlı həmkarlarımla telefon danışığında ətraflı çatdırdım. Xahiş etdim ki, onlar da əllərindən gələn dəstəyi əsirgəməsinlər, bu məsələnin müsbət həlli üçün lazımi instansiyalar qarşısında məsələ qaldırsınlar.

 Onu da deyim ki, AŞPA-nın son sesiyasında da mən Ahıska türklərinin bütün təmsilçiləriylə orada görüşmüşdüm. Orda da vurğuladım ki, ahıska türkləri bizim qardaşlarımızdır, onları narahat edən məsələlər bizi də narahat edir. İnşallah ümid edirik və çağırırıq ki, Gürcüstanın dövlət rəsmləri bu məsələnin müsbət istiqamətdə həlli üçün lazımi addımları atacaqlar.”