adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Oktyabr 2014 15:40
4808
MƏDƏNİYYƏT
A- A+

Dünya teatrşünasları Bakıya toplaşacaqlar

Noyabrın 5-6-da Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə III Bakı Beynəlxalq Teatr Konfransı keçiriləcək. Adalet.az Mədəniyyət və Turizm nazirıliyinə istinadən xəbər verir ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramına uyğun olaraq təşkil edilən konfrans dünyanın nüfuzlu teatr qurumlarının təmsilçilərini və mütəxəssisləri bir araya gətirəcək. Konfransda ASSİTEJ (Uşaq və Gənclər Teatrları Beynəlxalq Assosiasiyası), UNİMA (Beynəlxalq Kukla Teatrları Assosiasiyası), İTİ (Beynəlxalq Teatr İnstitutu), OİSTAT (Teatr Rəssamları, Texniki İşçilər və Memarların Beynəlxalq Təşkilatı), İFTR (Beynəlxalq Teatr Tədqiqatları Federasiyası) kimi nüfuzlu təşkilatların baş katibləri və prezidentlərinin, eləcə də plenar iclaslarda müəyyən edilən mövzular üzrə nüfuzlu mütəxəssislərin məruzələrlə çıxış edəcəyi gözlənilir. 

 

Qeyd edək ki, III Bakı Beynəlxalq Teatr Konfransına ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, CAR, Hollandiya, Avstraliya, İrlandiya, Rusiya, BƏƏ, İspaniya, Mərakeş, Kuba, Ukrayna, Polşa, Türkiyə, Estoniya, Gürcüstan, Bolqarıstan, Almaniya, Yunanıstan, İsrail, Küveyt, Makedoniya, Oman, Suriya, Finlandiya, Bəhreyn, Avstriya, Hindistan, İraq, İran, Litva, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Rumıniya, Kolumbiya və s. ölkələrdən nümayəndələrə qatılacaq. Dünya teatr sənətinin müasir problemləri elmi müstəvidə təhlil olunacaq, mütəxəssislər fikirlərini bölüşəcəklər.
Tədbir çərçivəsində "Müasir teatrşünaslıq" (akademik Nelli Korniyenko, Ukrayna), "Rejissor və aktyor sənəti" (Paddi Kannin, Böyük Britaniya), "Səhnəqrafiya" (İosif Yuçupov, ABŞ və Luis Yansen, Hollandiya) mövzularında treninqlər keçiriləcək, fikir mübadiləsi aparılacaq.


Xatırladaq ki, Bakıda ilk beynəlxalq teatr konfransı 6-7 noyabr 2010-cu il tarixdə, ikinci forum isə 5-6 noyabr 2012-ci il tarixdə keçirilib və beynəlxalq sənət dünyasında böyük maraq doğurub.
Dövlət Musiqili Teatrında gerçəkləşəcək budəfəki konfrans «Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri» mövzusuna həsr olunub. 
Beynəlxalq konfransla yanaşı, noyabrın 4-də və 7-də treninqlər də təşkil olunacaq. Noyabrın 4-də keçiriləcək mətbuat konfransında tədbirin proqramı barədə geniş məlumatın veriləcək.