adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Şair olmaq möhtəşəm duyğudur...

SAMİRƏ ƏŞRƏF
32972 | 2014-10-24 01:44
Peter Orrun 1962-ci ildə Silviya Plat ilə hazırladığı müsahibəni təqdim edirik.

-Silviya, səni şeir yazmağa vadar edən nə oldu?
- Bilmirəm. Çox kiçik yaşlarımdan yazmağa başladım. Orta məktəbin ilk illərində oxuduğum şeirləri çox sevdim və elə şeirlər yaza biləcəyimi fikirləşdim. İlk dərc olunan şeirlərim çap olunanda səkkiz yaşım vardı. "Boston Traveller" qəzetində çıxmışdı. Sonralar isə bu sahədə daha bacarıqlı oldum.
- İlk başladığında nələrdən yazırdın?
- Əsasən təbiət haqqında. Quşlar, arılar, yaz, payız, bir sözlə bütün nəsnələr haqqında yazırdım. Fikrimcə baharın gəlişi, başımızın üstündəki ulduzlar, ilk qar, bir sözlə bunların hamısı bir uşağa, kiçik şairə verilə biləcək ən gözəl hədiyyələrdi.
- Bu illəri anladıq. Bəs bir şair olaraq xüsusilə diqqətini cəlb edən, haqqında yazmaq istədiyin mövzu varmı?
- Bəlkə də bu sözlərim çox amerikavari olacaq. Amma, məsələn, Robert Louellin "Life Studies" əsərinin yeni cığır açan işlərini çox bəyənirəm. Bu kimi çalışmalar olduqca ciddi, çox şəxsi və duyğulu təcrübələrə gedib çıxır ki, belə məsələlər qismən tabu hesab olunur. Məsələn, onun ruhi xəstəxanadakı təcrübələri haqqında yazdıqları məni çox maraqlandırır. Amerika şeirində belə maraqlı, şəxsi və tabu mövzularını son illər kəşf etməyə başlayıram. Daha sonra şairə Ann Sexton ana olaraq öz təcrübələrindən daha çox yazır. Eyni zamanda da şeirlərində duyğulu və psixoloji dərinlik var. Bunlar da mənə həyəcanlı anlar bəxş edir.
- Özünü amerikalı kimi hiss edirsən?
- Məncə dil məsələsində amerikalıyam. Danışıq tərzim və ləhcəm amerikalıdır. Bəlkə də məhz bu səbəbdən İngiltərədəyəm və həmişə burda olacağam. Mənə ən çox təsir edən şairlər də amerikalıdılar. Heyranı olduğum ingilis şairləri çox azdı.
- Silviya, amerikalıyam deyirsən. Amma şeirlərində Daxay, Auşvits və Mein Kampfı kimi əsir düşərgələri haqqında fikirlər də var. Mənim fikrimcə həqiqi amerikalının yazmayacağı səpgidə şeirlərdi. Çünki bu əsir düşərgələrinin adları Atlantikdən o tərəfdə artıq heç nə ifadə etmir.
- Mənimlə adi bir amerikalı kimi danışırsan. Ancaq mən nəsil kök etibarı ilə həm alman, həm də avstraliyalıyam. Bu səbəbdən kamplara olan marağım özünə məxsus şəkildə həssasdı. Üstəlik də mən siyasətə marağı olan bir adamam. Və sadaladığın mövzular bu tərəfi ilə də marağımı cəlb edir.
- Şair olaraq tarixə marağın var deyə bilərikmi?
-Təbii ki, tarixçi deyiləm. Lakin zaman keçdikcə tarixlə daha çox maraqlanır və daha çox tarixi kitablar oxuyuram. Napoleon məni çox cəlb edir. Müharibələr, xüsusilə I Dünya müharibəsi ilə çox maraqlanıram. Məncə, yaşım artdıqca tarixlə daha çox maraqlanmağa başlayıram. İyirmi yaşım olanda bu qədər diqqət etmirdim.
- Bəs sənə təsir edən, düşüncələrində xüsusi yeri olan yazıçılar kimlərdi?
- Açığı onlar çox azdılar. Sıraya düzməkdə çətinlik çəkirəm. Məktəb illərində müasirlərimizdən çox təsirlənmişdim. Dilan Tomas, Uilyam Yeyts, Auden kimi imzalardan. Audenin yazdıqlarını oxuyanda dəli olurdum. Hətta yazdığım hər şey onun stilində idi. İndi isə, məsələn, Uilyam Blakeni çox oxuyuram. Bir də ki, kiminsə Şekspirdən təsirlənirəm deməsi çox böyük kobudluqdu. Amma nə edim ki, belədi. Şekspiri oxumusunuzsa, artıq başqa nə isə deməyə ehtiyac qalmır.
- Şeirdən əlavə nə ilə məşğul olursan? Və yaxud da etmək istəyib də edə bilmədiyin nələrsə var?
- Əgər şair və ya yazıçı olmasaydım, mütləq həkim olardım. Hesab edirəm ki, yazıçılığa zidd bir sahədi. Amma uşaqlıq doslarımın ən yaxşıları sonradan həkim oldular. Ağ xələt geyinib yeni doğulan körpələri, ya da kəsilən cəsədləri görə bilərdim. Çox təsirli səhnə olardı... Amma mən özümdə yaxşı həkim ola biləcək məsuliyyət yarada bilməzdim. Düzdür, yerindəcə müdaxilə etmək, sağaltmaq, toxunmaq mənə aid bir məsələdi. Amma yenə də yazıçı olduğum üçün daha çox xoşbəxtlik duyuram.
- O zaman həyatda səni ən çox məmnun edən şey şeir yazmaqdır?
- Ah, əzizim mən məmnun olub, olmamaq fikri ilə yaşaya bilmərəm. Bu mənim üçün su, çörək, hava kimi vacib məsələdi. Şeir yazdığım zaman özümü bütünlüklə tamamlanmış hiss edirəm. Şeir yazdıqdan sonra şairlikdən, dincələn şair vəziyyətinə keçirsən. Bunlar ikisi də fərqli-fərqli şeylərdi. Ancaq hesab edirəm ki, şeir yazmaq, yəni şair olmaq möhtəşəm bir duyğudur.

TƏQVİM / ARXİV