adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

O, BiZiM LEYLAMIZ, BiZ ONUN MƏCNUNU iDiK...

17619 | 2007-11-24 07:24
1945-ci ildən "Arşın mal alan" filmindəki Gülçöhrə obrazıyla dünyaya səs salan Leyla Bədirbəyli 1999-cu il noyabrın 23-də səssiz-səmirsiz dünyadan köçdü. Professional səhnəyə rəqqasə kimi gələn Leyla xanım kinodakı bu uğurlu rolu ilə xalqın sonsuz məhəbbətini qazandı. O zamanlar gözəllik müsabiqələri keçirməzdilər. Amma Leyla xanım yarışsız da "Azərbaycan gözəli" adını qazanmışdı. Bu adı ona hansısa münsiflər heyəti deyil, sənətsevər və qədirbilən Azərbaycan xalqı vermişdi. Sonralar səhnədə və ekranda yaratdığı çoxsaylı obrazlarla milli mədəniyyət tariximizə qiymətli səhifələr yazan Leyla Bədirbəyli yüksək fəxri adlara, dövlət mükafatlarına layiq görüldü. 1946-cı ildə Stalin mükafatı aldı. Stalinlə bağlı məlum hadisələrdən sonra bu mükafatın adı dəyişdirilib SSRİ Dövlət mükafatı oldu (İndi nə Stalin var, nə SSRİ). 1959-cu ildə səhnə ulduzuna Azərbaycan respublikasının Xalq artisti adı, 1972-ci ildə isə Azərbaycanın Dövlət mükafatı verdilər. Amma mən elə bilirəm ki, onun ən böyük mükafatı, xalqdan aldığı ilk adı - Azərbaycan gözəli idi!
   
   Dünyanın qəribə işləri var. Üzeyir bəyin yaratdığı Gülçöhrə obrazını ekrana gətirdiyi gün Leyla xanım bir sənətkar kimi doğuldu. Üzeyir bəyin ömrünə son nöqtə qoyulan gün - noyabrın 23-də isə o, dünyasını dəyişdi. Arada 54 il fərqlə Üzeyir bəylə eyni gündə Leyla xanım da axirətə qovuşdu. Nə qədər yaşadı, deyə soruşmayın, necə yaşadı, nələr yaratdı - deyin. Onda görərsiz ki, Leyla xanımın ömür karvanı necə mənalı, zəngin sənət yolu keçib və özündən sonra sənət aləmində silinməz iz buraxıb. Qədəm basdığı yerdə ayağının ləpiri deyil, əməlinin izi qalıb. O, bizim Leylamız, biz onun Məcnunu idik...
   
    Leyla Bədirbəylini şair-dramaturq Adil Babayevlə uzun illərin dostluğu birləşdirirdi. Bu, həqiqətən böyük və ülvi dostluq idi. Leyla xanımın şəxsiyyətinə və yaradıcılığına yaxından bələd olan yazıçı onun həyat və fəaliyyətindən bəhs edən xeyli məqalə, portret oçerk, oynadığı rollara resenziya yazmışdı. Leyla xanım haqqında ayrıca yazdığı monoqrafıya 1970-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən çap edilmişdi. Leyla xanım Adil Babayevin Akademik Dram Teatrında səhnəyə qoyulan "Dağlar qızı" adli ilk tamaşasında baş rolu ifa etmişdi. Əsərin qəhrəmanı Göyərçin obrazı aktrisanın səhnə uğurlarından sayılırdı. A.Babayevin Dram Teatrında bir neçə tərcümə əsərləri də oynanılıb. Bu tərcümələr öz bədii və orijinal ifadə tərziylə tamaşaçı qəlbinə çox tez yol tapardı.Teatrsevərlər "Hind gözəli", "Darıxma, ana", "Tufan" tamaşalarını yaxşı xatırlayırlar. Şerlə yazılmış "Hind gözəli" əsərində Leyla xanımın yaratdığı Vasantasena obrazı çoxlarının hafizəsində indi də yaşayır. Bu tamaşa Dram teatrının səhnəsində min dəfədən artıq oynanıldı. Tamaşanın uğurlu alınmasında baş rolun ifaçısı Leyla Bədirbəylinin xüsusi xidməti vardı.
   
   Leyla xanımla mənim çox görüşlərim olub. Teatrda, evimizdə, ailə şənliklərində, rəsmi tədbirlərdə, xəstə atamın yatağı başında. Zamanından və məkanından asılı olmayaraq, həmişə onun üzündə nur, dilində qəlbinin təmizliyindən gələn təbiilik, səmimiyyət vardı.
   
   Leyla xanımın atam haqqnda maraqlı xatirələri vardı. Onların bir qismi mətbuatda dərc olunub, televiziya və radio verilişlərində sözlərini səslənib. Bir dəfə Leyla xanım mənə bir əhvalat danışdı:
   
   "Sənin atan öz atasını çox erkən itirmişdi. "Xalq düşməni" damğası üzərində olanda belə hər zaman onun adını yaşatmış, ləyaqətini, şərəfini qorumuşdu. Mən də çox cavan yaşımda anamı itirdim. Biz Adillə ara sıra xatirələrə dalar, keçmişləri xatırlar, dərdləşərdik. Adil görürdü ki, ana itkisini mən çox ağrılı keçirirəm. Mənə tez-tez zəng vurub söhbət edərdi, təskinlik verərdi. Belə oldu ki, mən anamın məzar daşını sifariş verəndə Adilə müraciət elədim. Dedim ki, qardaşım, mən istərdim ki, mənim ürək sözlərim sənin dilindən daşın üstində həkk olunsun. O, bu arzuma böyük məhəbbət və hörmətlə yanaşdı. Və belə bir şer gətirdi mənə:
   
   
   
   Anacan, tökdüyüm qanlı göz yaşı,
   
   Düzülsün qəbrinə dürdanə kimi.
   
   Qaldı övladına bu məzar daşı,
   
   Sönməz həyatından nişanə kimi.
   
   
   
   Mən həmişə bu misraları oxuyanda anamla birlikdə əziz qardaşım Adili də xatırlayıram".
   
   Leyla xanım mənə danışardı ki," Adilin ən maraqlı səhnə əsəri "Vətənsiz" idi. Teatrda hamımız bu əsərin tezliklə tamaşaya qoyulmasını gözləyirdik. Baş rolu Adil məxsusi olaraq mənim üçün yazmışdı. Bu, səhnəmizdə yeni bir obraz olacaqdı. Qəhrəmanım Fransada yaşayan azərbaycanlı mühacir Cahangir bəyin qızı Lalə idi. Altmışıncı illərin əvvəllərində Adil özündə cəsarət tapıb xarıcə vaxtilə köç etmış azərbaycanlı ailəsinin taleyindən bəhs edən dram əsəri yazmışdı. Bu əsərə görə onun başı xeyli ağrıdı. Pyesi mövcud ideoloji çərçivəyə salmaq üçün teatrda bəzi "xeyirxahlar" xeyli əlləşdilər. Aparılan sifarışli əməliyyatlar nəticəsində müəllif fikri, niyyəti, yazıçı mövqeyi xeyli dəyişdı. Adil bu prosesləri sakit qarşılaya bilmir, zahirən büruzə verməsə də daxilən əzab çəkirdi. Biz teatrda stolarxası məşqlərə başlamışdıq. İsmayil Osmanlı, Əjdər Sultanov, Məmmədrza Şeyxzamanov, Əli Zeynalov,Həsən Turabov öz rollarımızın üzərində çalışırdıq. Lakin, bizim işimizi ləngitməyə, məşqləri pozmağa cəhd göstərilirdi. Gah deyirdilər ki, əsərə bir rus obrazı da artırın, gah deyirdilər ki, hadisələrin gedişini dəyişin. Bütün maneələrə baxmayaraq tamaşa hazır oldu. Quruluşçu rejissoru da İsmayıl Dağıstanlı idi. Yaxın günlərdə premyerası gözlənilən yeni tamaşanın afişaları şəhərə vurulmuşdu. Lakin ictimai baxışdan sonra onu Mərkəzi Komitənin nümayəndəsinin tövsiyyəsiylə müvəqqəti saxladılar. Bizə rəsmi deyilən bu oldu ki, bəzi dəyişikliklərə ehtiyac var. Səhnədən səslənən müəyyən fikirlər bugünkü siyasətimizlə düz gəlmir. Amma sonra tamaşanı ümumiyyətlə repertuardan çıxartdılar. Bu hadisə Adilə elə pis təsir elədi ki, keçirdiyi psixoloji sarsıntılar nəticəsində bir necə ay yataq xəstəsi oldu və sonra teatrdan uzaqlaşdı. Bir müddət sonra mən də Dram teatrından getdim. Amma Adillə qibtəediləcək dostluğumuz sona kimi davam etdi".
   
   Bu yazını hazırlarkən evimizdəki ailə albomunu götürüb şəkillərə baxdım. Leyla xanımın o qədər rəsmi var ki... Teatrda məşq zamanı, qastrol səfərlərində, ailə şənliklərində. Atamın onun haqqında yazdığı monoqrafiyanı bir də vərəqlədim. Teatrda və kinoda yaratdığı obrazlar qalereyası yenidən gözümdə canlandı. Bu tamaşaların çoxunu mən səhnədə görmüşdüm. Onun qəhrəmanları arasında kimlər yox idi? Tamaşaçılar da, teatrşünaslar da Leyla xanımın hər bir uğuruna sevinərdilər. Çünki Leyla xanım Azərbaycan incəsənətinin, mədəniyyətinin həm sevinci, həm də sevimlisi idi.
   
   L.Bədirbəyli yaradıcılığında Şekspir obrazları xüsusi əhəmiyyət kəsb edirdi. Hər bir böyük teatr öz repertuarında Şekspir dramaturgiyasının incilərini canlandırmaqla fəxr edir. Azərbaycan səhnəsində müxtəlif illərdə dahi ingilis dramaturqunun "Otello", "Hamlet", "Maqbet", "Romeo və Cülyetta", "Qış nağılı", "Kral Lir", "On ikinci gecə", "İki Veronalı", "Antonio və Kleopatra" kimi ölməz əsərləri böyük müvəffəqiyyətlə oynanılmışdır. Leyla xanımın Şekpir repertuarından olan qəhrəmanları - Oliviya ("On ikinci gecə") , Dezdemona ("Otello"), Perdita ("Qış nağılı") bir cox məşhur sovet tənqidçisinin yüksək qiymətini almışdı.
   
   Cəfər Cabbarlı yaradıcılığı Leyla Bədirbəylinin sənətkar və şəxsiyyət kimi formalaşmsında müstəsna yer tuturdu. "Solğun çiçəklər" də Sara, "Almas" da Almas, "Dönüş"də Gülsabah, "Od gəlini"ndə Solmaz, "Oqtay Eloğlu"da Firəngiz aktrisanın sevərək yaratdığı və hamılıqla sevilən obrazlardan idi.
   
   Müasir Azərbaycan dramaturqlarının əsərlərinin səhnə təcəssümündə Leyla xanımın xüsusi xidmətləri olub. Dram teatrında çalışdığı dövrdə necə qaynar yaradıcılıq həyatı yaşadığını təsəvvür etmək üçün onun iştirak etdiyi bəzi əsərlərin adlarını sadalamaq belə, məncə yetər: Səməd Vurğunun "Vaqif", "İnsan", "Xanlar", Mehdi Hüseynin "Alov", Mirzə İbrahimovun "Kəndçi qızı", "Yaxşı adam", Ənvər Məmmədxanlının "Şərqin səhəri", Sabit Rəhmanın "Toy", "Xoşbəxtlər", "Əliqulu evlənir", "Yalan", İslam Səfərlinin "Göz həkimi", Adil Babayevin "Dağlar qızı", Bəxtiyar Vahabzadənin "İkinci səs" əsərlərinin teatın repertuarında uğurlu və uzun ömürlü tamaşa olmasında Leyla xanımın sənətkar zəhməti danılmazdır.
   
   Azərbaycan kinosu və Leyla Bədirbəyli. Razılaşın ki, bunun özü ayrıca bir mövzudur. Onun çəkildiyi filmlərin adlarını yada salaq: "Səbuhi", "Arşın mal alan", "Fətəli xan", "Onun böyük ürəyi", "Koroğlu", "Görüş", "Kölgələr sürünür", "Müsyo

TƏQVİM / ARXİV