adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

VENDETTA VƏ YAXUD ONDAN iMTiNA

16987 | 2007-11-24 07:24
Vendetta italiyalılara aiddir, hərfi mənada qisas, daha geniş mənada,yəni bu qəbildən olan hadisələrə tarixi aspektdən yanaşanda qan düşmənçiliyi deməkdir. Qan yerdə qalmamalıdır. Ola bilər qisas bir neçə nəsildən sonra alınsın. Amma mütləq alınmalıdır! Çünki bu, digər nəsnələrlə bərabər, məsələn, soyadı, mülk, var-dövlət, yaxud qohumluq əlaqələri kimi irsən nəsildən nəslə ötürülür. Heç kim bundan qaça bilməz. Hətta ağsaqqallar belə məşvərət eləyib bunun qarşısını almaq gücündə olmadıqlarını anlayırlar. Çünki gec-tez qanın qisası ola bilər ən gözlənilməz bir adam tərəfindən alınsın. Odur ki, hətta onların başbilənləri belə bu işə qarışmağın əhəmiyyətsiz olduğunu bildiyindən onun qarşısını almaq üçün tədbir görməyə ümid etmir.
   
    Qan düşmənçiliyi onillər davam etməsinə, bəzən yüz ili belə adlamasına baxmayaraq, qorunub saxlanılır və bunun əsas səbəbkarı cəmiyyətdir. Yəni milli, yaxud da tayfa şüurunun daşıyıcısı olan adamlar. Qətiyyən bunu fərdlər kimi, necə ki, bizim İtaliya neorealizmi üslubunda çəkilən "Bir cənub şəhərində" filmində olduğu tək anlamaq düzgün olmaz. "Bir cənub şəhərində" gözəl filmdir. Amma orda qisas hadisəsini tərtibləyən, onun baş verməsini tezləşdirən mənfi, köhnəfikirli qəhrəmanlar kimi təqdim olunan ayrı-ayrı bir neçə fərdlərdir. Əslində isə qisas hadisəsinin baş verməsini tezləşdirən, sonda onun tamaşaçısına çevrilən Qədim Yunan faciəsindəki Xordur. Xoru xalq kimi başa düşmək lazımdır. Belə bir misalı ədəbiyyatdan gətirmək olar. Orda hadisələr xorun, yəni xalqın dilindən nəql olunur. Mən Kolumbiya yazıçısı Qabriel Qarsia Markesin "Əvvəlcədən elan olunan qətlin xronikası" əsərini nəzərdə tuturam.(Bizdə bu əsər Əkrəm Əylisli tərəfindən "Gözlənilən qətlin tarixçəsi" kimi tərcümə olunub. Bununla da müəllifin gizli mətləbi başlıqdan tamamilə itirilib.) Orda bacılarının namusunu ləkələyən şəxsdən qisas alıb, onu qətlə yetirəcəkləri barədə qardaşlar hamıya car çəkib, elan verirlər. Belə qətl haqda ucadan xəbərvermənin məqsədi odur ki, bunu eşidən xalq onların, qardaşların qarşısını alsın, qətl hadisəsinə mane olsun. Xalq isə əksinə, qətl hadisəsinin baş verməsi üçün əlindən gələni edir, qardaşları təqib olunan şəxsin gizləndiyi məkana yönəldir. Çünki sonda qanlı səhnənin tamaşaçısı olmaq istəyir. Burda xalqı məlum əxlaqi prinsipdən, humanist ideyalardan çıxış edərək tənqid etmək olmaz. Bu, əsrlərlə kütləvi şüurda oturub. Əgər xalq varsa, qan yerdə qalmır. Yox əgər ayrı-ayrı, fərdi maraqlar xalqı üstələyirsə, qan unudulur.
   
   Deyəsən, İtaliyanı unutduq. Əlbəttə, hər normal cəmiyyətdə olduğu kimi burda da kənardan barışıq yaratmağa cəhdlər olur. Lakin bu cəhdlər adətən uğursuzluqla nəticələnir. Bu, onlarda X - XI əsrdən tutmuş XX əsrin əvvəllərinə qədər demək olar ki, milli şüurun, xüsusilə Korsikada ayrılmaz bir hissəsi olub. Sonradan digər ölkələrlə gediş-gəliş artdıqca, dünyanın hər bir nöqtəsinə, ən qapalı, adamların icma kimi yaşadığı yerlərə belə missioner yürüşləri çoxaldıqca, informasiya göndərmə və eləcə də informasiya alma texnologiyaları inkişaf etdikcə hər bir milli xüsusiyyət kimi vendetta da ilkinliyini, hadisələri tərtibetmə, onlara təsir göstərmə gücünü itirib. Məlum olub ki, bunsuz da yaşamaq olar. Məsələn, sənin atanın əmisini hansısa başqa nəsildən kimsə öldürübsə və həmin nəslin, düşmən soyadını daşıyan bişqa bir kimsə ilə sən işbirliyi yapırsansa, onda bu köhnə söhbəti yada salmağın işə yalnız ziyanı ola bilər. Kapital belə arxaik məsələlərin işə qatılmasına yol vermir. Kapital özü bildiyini diqtə edir. Ona heç bir cəmiyyətin, heç bir milli şüurun diqtəsi ola bilməz.
   
   Yeri gəlmişkən, 1988 -1989-cu illərdə Dağlıq Qarabağ problemini həll etmək üçün azərbaycanlılara qarşı nisbətən mülayim mövqe tutan, Rusiyanın liberal dəyişikliklər tərəfdarı olan bir qisim ziyalıları (onların əksəriyyəti, ermənimənşəli olmasalar da, Azərbaycana qarşı elə mövqe tuturdu ki, sanki aramızda qan düşmənçiliyi vardı və vendettanı həyata keçirmək üçün əla məqam yaranmışdı), yaxud siyasətçiləri bu düyün problemin bazar iqtisadiyyatına keçiddən dərhal sonra həll olunacağını vəd edirdilər. Guya ermənilərlə azərbaycanlılar işbirliyi yapacaq və nəinki milli söhbətlər, heç torpaq yada düşməyəcək. Sovet dağıldı, müharibə oldu, atəşkəs imzalandı, bazar iqtisadiyyatına keçdik və torpaqlarımız qaldı ermənilərdə.
   
   Sovet qurulanda isə bu milli münaqişənin "parçala hökm sür" prinsipi ilə Çar Rusiyasının məmurları tərəfindən qızışdırıldığı fikri irəli sürüldü və bolşeviklər heç parçalamadan hökm sürməyə başladılar. Münaqişə dayandırıldı. Xalqlar dostluğu təbliğ olunmağa başladı. Müxtəlif keçid, yaxud daha doğru olar desək, böhran dövrlərində yenə bu məsələ bir qayda olaraq ermənilər tərəfindən qaldırılırdı. Amma 1988-ci ildən etibarən baş verənlərlə müqayisədə bütün bunlar xırda, ötəri və uğursuz planlaşdırılmış cəhdlərdən başqa bir şey deyildi.
   
   Qələminə və sözünə hörmət eləyən gərək məlum şeyləri təkrar yazmaqdan özünü saxlasın. Amma...
   
   Amması yoxdur! Biz İtaliyadan, vendettadan danışırdıq. Gəlin elə bu haqda başladığımız söhbəti də davam etdirək. XX əsrin əvvəllərində bu mərasim demək olar ki, unudulmağa başladı. Əvəzində ədəbi-bədii əsərlərin,teatr tamaşalarının, ən çox da kinofilmlərin populyar mövzusuna çevrildi. Xüsusi ilə "ekşn" tipli Amerika filmləri üçün olduqca əlverişli motivə çevrildi. İtaliya mənşəli amerikan Frensis Ford Koppola digər İtaliya mənşəli amerikan Mario Pyüzonun "Xaç atası" əsəri əsasında çəkdiyi filmində vendettadan geninə-boluna istifadə edib. Əlbəttə, hər bir italiyalı bilir ki, bu daha qanlı və daha faciəli mərasimdir, nəinki hansısa kinosurəti qəhrəmanlaşdırmaq naminə qurulan səhnələr. Bunu rejissor da başa düşür. Çünki italiyalıdır. İtaliyalı vendettanın necə ağır yük olduğunu bilir. Ya bu yüklə yaşamalıdır, ya da bu yükü şouya çevirib yüngülləşdirməlidir. Göründüyü kimi ikinci yol seçilir. Amma...
   
    "Hər bir insanın qiyməti onun çiynində, daha doğrusu, ürəyində daşıdığı yüklə ölçülür." Bir gürcü filmindən eşitdiyim bu maraqlı fikri başqa şəkildə də ifadə etmək olar: Hər bir insanın qiyməti onun ürəyində hansı ağırlıqda yük daşıdığını anlayıb dərk etməsi ilə ölçülür. Hər bir insanın sadəcə yaddaşını azca da olsa işə salmağı kifayət edər ki, ürəyində nə qədər böyük qisas yükü daşıdığını anlasın. Həm özünə, həm də özündən əvvəlki nəsillərə görə. İntəhası, yada salıb anlamaqla, bu ağırlıqda yükü daşımaqla iş keçmir. Bundan azad olmaq üçün gərək daim taleyin sənə bəxş edəcəyi vendetta məqamını gözləyəsən. Bu olduqca incə məqamdır. Gəlib ötə bilər və ondan xəbər tuta bilməzsən. Yaxud da özünü görməməzliyə vurarsan.
   
   Müəllifi məlum olmayan "Novellino" adlı Orta əsrlər İtaliya hekayələr toplusunda, eləcə də başqa kitablarda vendetta ilə bağlı maraqlı mərasimlər təsvir edilir. Bir gənc oğlanı qətlə yetirirlər. Doğmaları onu dəfn edəndən sonra hər gün qəbri üstə gəlib görürlər torpaqdan qan çıxır. Qəbri açırlar, təmizləyib yuyur, torpaqla örtür, amma səhər gəlib görürlər yenə torpaq elə bil qan ağlayır. Bu hər gün təkrar olunur. Nəhayət, nəslinin ləyaqəti uğrunda şəhid olan oğlanın qohumları qəbrin üstünü götürmək, bahalı daşlarla onu tikib bağlamaq istəyirlər. Sonra qohumlardan kimsə buna mane olub deyir ki, gəlin əvvəl məsləhətləşək. Məsləhət üçün bu yerlərin ən müdrik adamının yanına gedirlər. Müdrik adam onları dinləyəndən sonra bu sirri belə izah edir: "Sizin şəhidiniz qanın əvəzini almağı tələb edir. Bunu etməmiş qəbri tikə bilməzsiniz. Vendetta məqamı yetişib. Şəhid qanını almadan onun qəbrini tikmək olmaz".
   
   

TƏQVİM / ARXİV