adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

SMS TORUNA KiM DüŞüR

OQTAY SALAMOV
23993 | 2007-11-22 07:09
Kim burada neçə üçbucaq olduğunu tapa bilsə və bu rəqəm mənim əlimdəki kağızdakına uyğun gəlsə, SMS göndərən 10-cu adam olsa, bu 10-cular arasında kompüter onu seçsə, bizimlə telefon danışığında dili söz tutsa ona düz 200 manat pul verəcəyik. Qaldırdıq ha, məbləği 250 manata qaldırdıq. Üçbucağı sayın, qazanın. Ürəklər, bu ürəklərin sayını dəqiq tapanların şanslıları bircə zənglə 300 manata sahib ola bilərlər. Rəqəmləri toplayın, SMS göndərin - qazanın! Müğənninin nömrəsini göndərin konturlarınızı 10 dəfə artırın. Bircə hərf çatmır, onu tapın pulu aparın...
   
   Deyəsən Milli Teleradio Şurası (ayıb da olsa MTRŞ) da SMS-dən qazanmaq həvəsinə düşüb. Deyir monitorinq keçirəcəm və telekanalları cəzalandıracam. Vallah, niyyət kimi yaxşı niyyətdir, amma nəzəriyyəsi ilə əməliyyəsi qətiyyən uyğun gələn şeyə oxşamır. Çünki ayıb da olsa MTRŞ gücü çatmayan yükün altına sözdə də olsa girmək istəyir. Tay neynəsin, görür ki, millət asan yolla pul qazanmaq həvəsinə düşüb qazlanır, deyir qoy bir iki lələk də mənə düşsün dəə. İşin içində olan birisi deyir ki, o üçbucaq, dördbucaq, rəqəm, ürək... tapdıran veriliş keçən ay 250 min manat təmiz pul götürüb. Qardaş, millət sayır ey, ürəyi də sayır, üçbucağı da, dördbucağı da... Bircə sadəlövhlüyünü, naylığını, hərifliyini saya bilmir. Deyirəm, əgər belə oyun telekanalda gedirsə (özü də təkcə bizdə yox, biz həmişə kiminsə köhnəsini, nimdaşını təzə adı ilə özümüzünkülərə sırımağa öyrəşmişik, özü də maşallah, bizimkilər də köhnəni, nimdaşı təzə adı ilə elə geyir, elə yeyir ki...) və dünyanın indiki vaxtında muncuq düzüb pul qazanmaq adı ilə var-dövlətini, evini itirən maymaqlar varsa, əlində heç bir ixtiyarı olmayan, ayıb da olsa, MTRŞ heç nə eləyə bilməyəcək. Özü də bir halda ki, MTRŞ (oxu: ayıb da olsa) deyir ki, monitorinq aparıb nəticələrini kanal rəhbəriliyinə çatdıracaq.

TƏQVİM / ARXİV