ÜRƏYİMİN ÜMİD YERİ

ƏBÜLFƏT MƏDƏTOĞLU
81135 | 2014-10-23 01:10
Əlimi gözlərimin üstünə günlük eləyib çox-çox uzaqlara baxıram. Baxdıqca da qəribə hisslər keçirirəm. Açığını deyim ki, hətta ürəyim elə sıxılır ki, onun bu dəqiqə partlayacağına, bu an susacağına qəribə bir inam yaranıb içimdə. Sanki kimsə sıxır ovcunun içində ürəyimi - partlatmaq, öldürmək istəyir. Bilmirəm niyə? Amma tam əminəm ki, o çox-çox uzaqlar mənə bu gündən, bu andan daha çox-çox yaxındı, daha doğmadı. Görünür, elə o doğmalığın, o yaxınlığın bu qədər uzaq olması sıxır, öldürür məni. Amma sıxılmaq istəmirəm. İnanın ki, səmimi deyirəm. Bu məqamda, bu yerdə sıxılmaq, ürəyimin partlayıb param-parça olması heç istəmədiyim, arzu etmədiyim bir şeydi. Bilirsiniz niyə?..
Hə, onda, indi xatırlayacağım o tarixdə çalışdığım "Təşviqatçı" jurnalına ezamiyyətə göndərilmişdim. Bu mənim müxbir kimi ilk ezamiyyətim idi. O vaxta qədər bir həvəskar kimi müxtəlif qəzetlərdə, jurnallarda məqalələrim çap olunmuşdu, şeirlərim işıq üzü görmüşdü. Hətta efirin, ekranın da qonağı olmuşdum. Amma cibində vəsiqə, əlində ezamiyyət vərəqəsi olan bir müxbir kimi mən ilk dəfə qapı döyürdüm. Bunu mənə tapşırıq kimi vermişdilər və mən də böyük həvəslə o tapşırığı icra etməyə getmişdim. Özü də mənə doğma olan bir ünvana - Füzuli rayonunag
O vaxtlar sovet dönəmi idi və mənim danışdığım, daha doğrusu, xatırladığım tarix də 1991-ci il idi. Füzulidə, daha doğrusu, SSRİ-nin hər yerində olduğu kimi, bu rayonda da rəhbər orqan rayon Partiya Komitəsi idi. Təbii ki, rayona gələn qonaq da ilk növbədə raykoma gedirdi. Burda qarşılanır, gəlişinin məqsədi öyrənilir və buna müvafiq qaydada rəhbərlik tərəfindən müəyyən razılaşdırılmış proqram cızılır və qonaq da rahatlıqla öz işini görüb geri qayıdırdı...g
Mən də raykoma getdim. Onda raykomun təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsini ixtisasca jurnalist olan mərhum Kərəm Hətəmov idi. Çox səmimi insan, mətbuat işçilərinə qarşı diqqətli olan Kərəm müəllimlə xeyli söhbət etdik. Raykomun birinci katibinin tapşırığı ilə o, mənim gəlişimin məqsədini, məramını öyrənib bir neçə təşkilatın adını çəkdi. Məsləhət gördü ki, bu təşkilatlarda olub istədiyiniz mövzunu yaza bilərsiniz. Və söhbət əsnasında onu da söylədi ki, rayonda yeni xəstəxana binası tikilib. Hələ tam istifadəyə verilməsə də, amma artıq buraya üz tutanların sayı günbəgün çoxalır. Hətta qonşu rayonlardan da bizim həkimlərin yanına gələnlər var.
Bu təqdimat məndə öncə həmin xəstəxanaya baş çəkmək marağı yaratdı. Onun razılığı ilə birlikdə yeni tikilmiş rayon xəstəxanasına yollandıq. Mərkəzi xəstəxananın baş həkimi, həm də səhiyyə şöbəsinin müdiri olan Tapdıq həkimlə onun iş otağında görüşdük. Bu mehriban insan bizi qarşılayıb bir qədər söhbət etdikdən sonra düyməni basıb katibəsini yanına çağırıb soruşdu:
- Öyrən gör, Rafiq həkimin yanında xəstə var, yoxsa boşdu?
Bir qədər sonra katibə içəri qayıdıb bildirdi ki, Rafiq həkim yerindədi... Baş həkim əvvəl Kərəm müəllimə, sonra mənə baxıb "gedək, bizim partkomla da söhbət edək" - dedi. Biz xəstəxananın yeni korpusunun 3-cü mərtəbəsinə qalxdıq. Səliqə-səhman, divardakı stentlər dərhal diqqəti çəkirdi. Mən stentlərdən anladım ki, biz kordioloji şöbəyə gəlmişik. Elə şöbənin girişində də həmin təqdimatı oxudum. Dəhlizdə ağ xalatlı, orta boy, cavan bir oğlan xəstə ilə ayaqüstü söhbət edirdi. Bizi görəndə həmsöhbətindən üz istəyib bizə tərəf addımladı. Tapdıq həkim dedi ki, bu da bizim ürəyimizin həkimi, həm də partkomumuz - doktor Yusifov!
Beləcə, tanış olduq. Rayonda, kənddə olanda adını eşidib üzünü görmədiyim Rafiq həkimlə ilk ezamiyyətdə bir jurnalist-həkim söhbəti dialoqu yaşadıq və mənə sanki çox müsbət bir enerji bağışlandı. Özüm də bilmirəm nədənsə burda, bu adamların arasında, xüsusilə Rafiq həkimlə xəstələr müalicə olan otaqları gəzə-gəzə etdiyim söhbət əsnasında onu təkcə həkim kimi yox, həm də insanın içini görən, insana bir müsbət enerji bağışlayan insan kimi tanımağa, sevməyə başladım. Bu sevgi elə həmin o gündən bir ümid ağacı kimi içimdə göyərməyə başladı. Və bir gün baxıb gördüm ki, bu ağac çox qollu-budaqlı, çox nəhəng bir xan çinardı! Ona söykənib, ona sığınıb, ona güvənib və hətta onunla nəfəs alıb yaşamaq mümkündü - necə ki, mən yaşayıram...g
Füzulili günlərim mənim üçün bir neçə məqamla və bir neçə adamla elə yaraqlanıb, silahlanıb, elə doğmalaşab, elə bənzərsiz olub ki, mən onu heç cür ifadə edə bilmirəm. Çünki o günləri mən öz canıma-qanıma Vahid Əlifoğluyla, Vəzir Hacıyevlə, Sabir Rüstəmovla, Kərəm Hətəmovla, Vaqif Mehdiyevlə, Mətləb Misirlə, Məcnun Namazəliyevlə, Oruc Sədayla, Dilavər Əliyevlə, Camal Ocaqverdiyevlə, Nəbi Muxtarovla, Sulduz Quliyevlə, Tapdıq Behbudovla, Telman Qasımovla, Elman Məmmədovla, Süleyman Qaradağlıyla, Mahmud Qacarla, Rafiq İbrahimovla və daha kimlərlə hopdurmuşam. Bu insanların hər biri mənim üçün bir parça Füzuli torpağı olub. Mən də o torpağa güvənib, o torpağı bağrıma basıb neçə dərdin-sərin kürəyini yerə vurmuşam, neçə ağrıya-acıya qalib gəlmişəm və qucaq-qucaq sevinc qazanmışam...g
Bəlkə də bütün bu yazdıqlarım sizə pafoslu görünə bilər. Düşünərsiniz ki, bu adamlar hansısa bir vəzifənin, hansısa bir biznesin sahibidilər və mən də onlara yarınıram, onlara xoş gəlmək üçün bər-bəzəkli, təmtəraqlı sözlər axtarıb tapıram. Xeyr, yanılırsınız. Əlimi ürəyimin üstünə qoyub bütün səmimiyyətimlə deyə bilərəm, hətta and içə bilərəm ki, o adamların bir çoxu artıq Tanrı dərgahındadı, bir qismi təqaüddə. Necə deyərlər, nəvə-nəticə ilə ömrün qalan hissəsini yola verirlər. Amma bütün bunlara baxmayaraq, o adamlar mənim içimdədi, mənim ürəyimdədi. Mənim dünənim və bu günümdü, hətta yaşaya bilsəm sabahımdı. Çünki onlar mənim üçün bir parça Füzulidi.
Rafiqlə mənim həmin o çox-çox uzaq illərdən başlayan tanışlığımız iki insanın bir-birinə candan, könüldən bağlılığının bütün sərhədlərini bir araya gətirdi. Biz sözsüz, görüntüsüz və hətta müəyyənləşdirilməsi qeyri-mümkün olan bir sərhəddin, yəni dostluq, qardaşlıq sərhəddinin içərisində özümüzün insanlıq yükümüzü, özümüzün doğmalıq missiyamızı yaşada və daşıya bildik. Bu gün də yaşadıb və daşıyırıq. O yük, o missiya ailəmizə, övladlarımıza keçdi, indi nəvələrə keçmək üzrədi. Həyatımdakı, iç dünyamdakı adamlardan Rafiq tək onunla fərqlənir, onunla diqqət mərkəzində olur ki, o, qaçqınlığın ilk anında qapılarını mənim ailəmin üzünə açdı. Evinin açarını masa üzərinə qoyub:
- Bu gündən oldu sənin. Buyurun, yaşayın!
Biz o gündən ikinci bir ev qazandığımızı ailəlikcə anladıq. Bildik ki, bizim dağılan evimizin əvəzini bizə bağışlayan, bizə qaytaran dostumuz var. Zaman keçdi, bu dostluğun möhkəmlənən təməli bir gün mənə xatırlatdı ki, ürəyinin də açarı dostundadı. Və o, mənim dərk etdiyim, mənim həkim kimi qapısını döyüb şikayətimi söylədiyim an özünəməxsus bir təbəssümlə dilləndi:
- Qağa, sənin ürəyin çoxdan müalicəyə ehtiyac duyur. Düzdür, hər görüşümüzdə, söhbətimizdə mən müəyyən məqamlarda sənə nələrisə çatdırıram. Sağ ol, sən də söylədiklərimdən nəticə çıxarıb dediklərimə əməl də edirsən. Amma indi yaşın elə dövrüdü ki, ürəyə mütləq diqqət yetirməlisən. Onunla zarafat etmək olmaz.
Və beləcə başladı ürəyimin müalicəsi. Doktor Rafiq indi dostdan, qardaşdan bir addım da irəli getdi. O mənim və doğmalarımın həkimi oldu. Ürəyimi nəzarətə götürüb onun ritmini saxlamağa, onun ömrünü uzatmağa bir loğman kimi yardım etdi. Artıq neçə ildi ki, ürəyim doktor Rafiqin himayəsindədi. Mən ona o qədər inanıram ki, hətta digər həkimlər ciddi görkəm alanda, müayinədən sonra sükuta dalanda onun etdiyi telefon zəngi mərhum şairimiz Əli Kərimin təbirincə desək, "salam, ölüm!" sədasını, onun yaratdığı auranı bir andaca məndən qovub uzaqlaşdırır. Sanki üstümə gün doğur, nəfəsim genişlənir, ürəyimin sızıltısı azalır. Çünki mənə güvəndiyim, ümid yerim olan xan çinar kimi bir dost - Rafiq həkim əl uzadır!
Bəli, bir həkim, bir insan kimi son dərəcə sadə, son dərəcə mehriban və mənə elə gəlir ki, qədərindən də artıq təvazökar olan Rafiq Yusifov təkcə mənim yox, həm də işğal olunmuş bölgələrdən, xüsusilə Füzulidən, Cəbrayıldan, Xocavənddən onun ünvanına gələn hər kəsə qarşı son dərəcə səmimi və diqqətcildi. Çalışdığı xəstəxanaya bu bölgənin adamları onun adını tutub gəlirlər. O da bacardığı kimi məsləhətini verir, yardığımını göstərir. Hətta öz gücündən, öz imkanından artıq olan işlərin də necə çözüləcəyi barədə fikirlər də söyləyib, ünvanlar da göstərib. Onun məsləhəti, onun tövsiyəsi mütləq və mütləq köməyə çatır. Çünki o, həqiqətən loğmandı.
Bəzən deyirlər ki, insan daha çox həssaslığın, səmimiyyətin ağrısını-acısını yaşayır. Çünki bu hiss birbaşa ürəyə aiddi. Ürək həssa olduqca ağrısı da çox olur. Bu mənim gəldiyim ən böyük qənaətlərdən biridi. Mən Rafiq həkimin ürəyinin də ağrılarının şahidiyəm. Amma o, öz ağrılarını ovutmağı başqalarının ağrılarını müalicə etməklə sakitləşdirir. Axı o, ürək həkimidi!..


TƏQVİM / ARXİV