adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Oktyabr 2014 16:31
3245
GÜNDƏM
A- A+

ABŞ nə çoxqohumlu bəxtəvərdi?!

Deməli, ABŞ bizimlə hədə dilində, tələb dilində danışa bilər, bizə «907» tətbiq edə bilər, hər il Dağlıq Qarabağdakı erməni separatçılarına rəsmi (qeyri-rəsmi bilmirik) 10 milyon dollar pul göndərə bilər ki, bir az da silahlanın, ATƏT-in Minsk qrupuna 20 ildən çox həmsədrlik edə bilər, ortada da fındıq. Bakıdakı səfirləri özlərini Azərbaycanın KP MK-nın 2-ci katibləri kimi apara bilər, amma biz bir balaca nə isə etiraz edə bilmərik. Və etiraz edən kimi də çoxqohumlu bəxtəvər ABŞ-ın burdakı əqrəbaları əqrəbə çevrilib etiraz edənləri sancıb zəhərləməlidirlər. Niyə? Çünki ABŞ-ın haqsız tələblərinə, Azərbaycana qarşı haqsız mövqe tutmağına ölkənin müəyyən ziyalıları, ictimaiyyət öz iradını bildirir.

Heç bir ölkənin səfiri fəaliyyət göstərdiyi dövlətin daxili işlərinə qarışa bilməz. O cümldən ABŞ-ın da. Əgər hansısa bir ölkənin, eləcə də ABŞ-ın səfiri bizim daxili işlərimizə qarışırsa, deməli, biz susmalıyıq «əşi, bəli» deməliyik.

Müxalif qəzetlərdən biri götürüb yazır ki, ABŞ-ın Vaşinqton boyda daşı düşüb bu iqtidarın başına, YAP-çıların başına. YAP bir siyasi partiyadı, qoyduq bir kənara. Amma iqtidar Azərbaycan xalqının iqtidarıdı, Azərbaycan dövlətinin iqtidarıdı. Siyasi partiyaya qulluq edirsiniz YAP-ı bəyənməyə bilərsiniz, amma iqtidarın idarə elədiyi dövlət həm də sizindi. Əgər ABŞ-ın daşı iqtidarın başına düşürsə, deməli, dövlətimizin başına düşür.

Bu ABŞ-ın daşını nə çox sevənlər var? Bəli, ABŞ-ın daşı çox ağırdı, düşüb Liviyanın başına, qan içində üzür. Düşüb İraqın başına, qan içində üzür. Düşüb Əfqanıstanın başına, qan içində üzür. Düşüb Suriyanın başına, qan içində üzür.

Yəni sizlər də bu daşı arzulayırsınız?

Ağcabədi rayon YAP-çılarının bir qrupunun müraciətini almışıq. Biz onu çap eləmirik, amma orda çox qəribə fikir var, onu söyləmək pis olmazdı.

Yazırlar ki, ABŞ-ın daşı nə iqtidarın başına düşüb, nə də biz YAP-çıların. ABŞ-ın daşı o adamların başına düşər ki, onların başı yoxdu. Ona görə də ABŞ-ın daşını arzulayanlar ehtiyatlı olsunlar, öz başlarına düşə bilər.