adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
22 Oktyabr 2014 14:30
15906
TEXNOLOGİYA
A- A+

Bakinternetdəki problemlər nədən qaynaqlanır?

Qeyri-neft sektorunda İKT-nin inkişafı regionda xüsusi çəkiyə malikdir. Bu baxımdan hökumət tərəfindən həyata keçirilən siyasət, konsepsiyalar İKT-nin ölkə iqtisadiyyatında çəkisini daha da artırıb. Eyni zamanda internet imkanlarının genişləndirilməsi, bu sahədə vətəndaşlara yüksək xidmət göstərilməsi üçün bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün ucqar dağ kəndlərində belə internetə qoşulmaq problemləri demək olar ki, minimum səviyyəyə qədər enib.

Ancaq bütün bunlara baxmayaraq, ölkə üzrə ən çox abonent tutumuna malik dövlət provayderləri olan "Aztelekom” və "Bakinternet” istehsalat birliklərinin istifadəçilərinin şikayətləri durmadan artmaqdadır. Bununla bağlı qəzetimizə müraciət edənlər internetin sürətinin zəif olmasından gileylənirlər. Qeyd olunur ki, provayderlər müqavilədə göstəriləndən bir neçə dəfə az internet sürəti qəbul edirlər.  Məsələn, "Bakinternet” istifadəçiləri şikayətlərində bildirir ki, hər ay 20 manat internet haqqı ödəyirlər. Əvvəllər belə bir problem olmayıb. Lakin son bir neçə aydır ki, ciddi şəkildə internet problemi var. Tez-tez internet itir, bəzən modemin bütün işiqları yaşıl yansa da, adi saytlara belə girməkdə çətinlik çəkilir.

"Aztelekom” istifadəçiləri də eyniylə sürət problemi ilə qarşılaşdıqlarını qeyd edirlər. Belə ki, provayderlə olan müqavilədə şirkət 20 manata 4096 kbit/s internet xidməti göstərmək öhdəliyi götürsə də, bu ilin əvvəlindən başlayaraq sürət heç 2000 kbit/s-ə də çatmır. 

Məsələyə münasibət bildirən Bakı Telefon Birliyinin direktor müavini Xankişi Kişiyev bildirib ki, təmsil etdiyi qurum istifadəçilərin internetdən maksimum yararlanması üçün ciddi iş aparır. Onun sözlərinə görə, Avropa standartlarına cavab verən qurğular vasitəsi ilə əhaliyə çatdırılan internetdən xırda şikayətlər qaçılmazdır. Bu kimi problemlər isə ya internet xəttlərində olan nasazlıqlardan, ya modemdən və ya kompyüterə yüklənən əlavə proqramlardan qaynaqlanır. 
X.Kişiyev qeyd edib ki, yaranan problemlərin operativ olaraq aradan qaldırılması üçün aktiv işçi heyəti var: "Bakinternet”-in 155 saylı sorğu mərkəzi var. Fərdi qaydada problem varsa, abunəçilər bura müraciət edə bilər. Kütləvi qaydada isə hər hansı problem yoxdur. Bütün  dünyada sadəcə, İP ünvanlar bitib. Bununla əlaqədar bizim bölgədə də qıtlıq yaranıb. İnternet bir şəbəkə sistemidir. Burda istifadəçinin modemində, kompyüterində, müraciət etdiyi saytlarda problemlər ola bilər. İndi internet resurslarının həcmi 3-4 gb artıb.  Bu da 1 saniyədə hardasa 1 trilyon əməliyyat deməkdir.  Bu gün internet istifadəçilərinin sayı günü-gündən artır. 200 min online istifadəçimiz var. Hazırda bazarda çoxlu sayda provayderlər var. Əgər hər hansı narahatlıq olsaydı, abunəçilər digər provayderlərə müraciət edərdilər”.


Ekspert Gündüz Osman deyir ki, internetin keftiyyət problemi bir sıra provayderlərdə, xüsusilə Bakinternetdə daha qabarıq görsənir. Onun sözlərinə görə, Bakinternet faktiki olaraq istifadəçiləri aldadır: "İstifadəçilər müqavilədə olan sürəti əldə edə bilmirlər. Belə demək mümkünsə, internet istifadəçiləri çəkidə aldadılırlar. Bu əsasən, provayderin özünün məsuliyyətsizliyi və tamahkarlığı ilə bağlıdır”. 

Ekspert aidiyyatı qurumların sözügedən məsələyə biganə qalmasından narazıdır: "İqtisadiyyat və Sənaye Nazirliyinin tərkibində istehlakçıların hüquqlarının qorunması ilə bağlı qurum var. Bu günə kimi bu qurumun internet istifadəçilərinin hüquqlarının pozulması ilə bağlı hansısa bir monitorinq apardığının şahidi olmamışıq. O cümlədən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də internetin sürəti ilə bağlı məsələyə ciddi nəzarət etmir. Düşünürəm ki, RYTN  internet provayderləri ilə bağlı vaxtaşırı monitorinq aparsın. Bununla bağlı ciddi tədbirlər görülsün. Ən azından dövlət qurumları tərəfindən bir hesabat açıqlansın. İstifadəçiləri aldadan provayderlərin adları geniş ictimayyətə açıqlansın”.

G. Osman Bakinternetdən bu qədər şikayətin qarşılığından istifadəçilərin sözügedən provayderdən imtina etməməsinin səbəbini belə açıqlayıb: "İmtina ilə bağlı müəyyən problemlər var. Hələlik Azərbaycanda Bakinternet provayderi dövlətin infrastrukturuna malik olan bir qurumdur. İndi istifadəçi bu qurumdan çıxıb başqa provayderə keçmək istəyəndə gərək o qurum Bakinternetin infrastrukturundan istifadə etsin. Bakinternet də dolayısı ilə bunlara maneçiliklər törədir, get-gələ salır”.

 

Ekspert hesab edir ki, mövcud problemdən yaxa qurtarmağn hüquqi yolu var: "İnternetin sürətini ölçmək olur. İstifadəçi internetin sürətini ölçməklə ona edilən xidmətin müqavilədə göstərilənlərlə uyğunluğunu yoxlaya bilər. Belə olan halda aktlaşdırma aparıb. Məhkəməyə müraciət etmək olar”.