"XALQ ZiYALISINI QiYMƏTLƏNDiRMƏLiDiR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
35179 | 2007-11-21 05:46
Bəri başdan onu deyim ki, həmsöhbətimi təqdim etməyə, oxucularımıza tanıtmağa heç bir ehtiyac yoxdur. Çünki xalq şairi, sözün böyük mənasında xalqının ozanı olan Zəlimxan Yaqub öz misraları, öz odu-alovu, öz sözü-söhbəti, öz şirin ləhcəsi, səmimi, adamın içindən gəlib könülləri fəth eləyən nəfəsi, mizrabı simləri dilə gətirən, bir sözlə təpədən-dırnağa azərbaycanlı və Azərbaycan olan böyük söz sərrafıdı. Məhz xalqın ürəyində, canında, qanında, sözündə, söhbətində, xeyrində-şərində, odunda-közündə, sevincində, qəmində, toyunda, bayramında, bir sözlə, xalqın özündə olan ustadım Zəlimxan Yaqubla onun böyük dünyasının balaca bir guşəsi olan, hücrəsi olan, ünvanı olan, sazının-sözünün nəfəs-nəfəsə qaldığı özünün xəyal dünyasının pünhan vaxtlarda sığındığı evində həmsöhbət olanda elə məqamlara toxundu ki, mənim bütün bunların hamısını bir yazıda, bir qəzet səhifəsində yazıb oxucuya çatdırmağa nə gücüm oldu, nə də oxucuları bir dəfəyə sevindirmək istədim. Düşündüm ki, ustad sözü bütün zamanlarda, bütün vaxtlarda, bütün məqamlarda, bütün yerlərdə gərəklidi, gözləniləndi, lazımlıdı, yerindədi. Elə bax bu istəkdən, bu mənə təsəlli verən inamdan, ümiddən, arzudan yararlanıb ustadımın ötən müsahibələrində diktafon lentində qoruyub saxladığım və bu gün də zəruri ehtiyac duyulan fikirlərini dəyərli oxucularımıza çatdırıram.
   
   - Əbülfət, əzizim, bilirsən ki, millətin başı çox bəlalar çəkib, çox qovğalardan keçib, çox zülmlər görüb, çox ağrı-acı yaşayıb və bu yaşadığı ömür payının, yəni millət taleyinin yükünü çəkməkdə onun həmişə yardımçısı öz ziyalıları olub. Bu gün də sözün əsl mənasında sözü hədəfə vuran, onluğa tutduran sərras atmaq üçün sərras da qələm sahibləri öz sözünü deməlidir. Mən bütün varlığımla inanıram ki, ancaq əqidəli, sözüylə şəxsiyyəti tamamlanan, ürəyi, dili olan ziyalıların hesabına biz böyük amallara, böyük məqsədlərə qovuşa bilərik. Amma neynəyək ki, hər gün söyülən, hər gün irad tutulan, tənqid olunan ağrılara hədəf olan bu yazıq ziyalılar yenə sonda milləti həmin o dediyim böyük arzulara aparmağa məhkumdur və bu onların birmənalı olaraq borcudur. Ayrı heç kimə ümid bağlamaq olmaz. Xalqın taleyi ilə yaşayan ziyalı onun xilaskarıdır, onu məqsədinə aparıb çatdırandır. Bilmək lazımdır ki, biz tarixi böyük olan, əzaba, faciələrə dözən çox uca xalqıq. İstedadımız, ədəbimiz, mərifətimiz, qabiliyyətimiz çox ucadı. Buna qarşı isə həmişə təxribatlar olub. Özü də həm içimizdə, həm də kənar qüvvələr tərəfindən. Bizi bölə-bölə, parçalaya-parçalaya elə vəziyyətə gətirib çıxarıblar ki, sonda millət başının hayına qalıb. Bu gün son qüvvəmizi toplamalıyıq. Bilməliyik ki, bu millət Qarabağı bir dəqiqə də olsun unutmaq, yadından çıxartmaq barədə nəinki düşünmək, hətta bu fikirlərdən çox-çox uzaq olmaq ruhuyla, eşqiylə, arzusuyla yaşamalıdır. Son qüvvəmiz səfərbər olmalıdır. Qaradan artıq rəng yoxdur. Siyasətçi siyasəti ilə, əsgər süngüsü ilə, yazıçı, şair qələmi ilə, alim elmi ilə, fəhlə əməyi ilə, kəndçi çörəyi ilə, bir sözlə, hər kəs yumruğu bir yerə vurmalı, düşmənə qarşı bir olmalıdır. Əgər xatırlayırsansa həmişə deyilib ki, Şuşa Azərbaycanın konservatoriyasıdır... Deyirdilər ki, Üzeyir bəy musiqimizin Koroğlusudur. Əgər bir xalqın konservatoriyası yoxdursa, əgər bir xalqın Koroğlusu yoxdursa ondan hansı gələcəyi gözləmək olar. Demək, qardaş, mən Şuşanı itirməmişəm!!! Bunun uğrunda mənim mübarizliyim, mübarizələrim, döyüşkənliyim hələ qabaqdadır. Sadəcə bu gün mən sözümü itirmişəm, yaddaşımı itirmişəm, tariximi itirmişəm, etnoqrafiyamı itirmişəm, qayalarımı itirmişəm, bulaqlarımı itirmişəm... Təzədən dünyaya gələcək Seyidi, Cabbarı, Xanı, Bülbülü, Zülfünü və daha kimləri itirmişəm. Yəni Şuşa təkcə dağ, daş, şəhər deyil, həm yer kimi gözəldi, cənnətdi, həm də mənim mənəviyyatımın paytaxtıdı, Şuşa mənim ruhumun paytaxtıdı. Ona görə də "sizi qınamıram, ay xocalılar, sizi qınamıram, ay şuşalılar, sizi qınamıram, ay laçınlılar" harayı bütün Azərbaycanın harayıdır. Bu dərdlərin yeganə xilas yolu, Allahın millətimə, bizə rəhmi gəlsin, heç də bədbin deyiləm, özümüzdədir. Təəssüf ki, bizi bir-birimizə qarşı qoyanlar, bir-birimizə düşmən edənlər var. Qəzetlərdə qələm adamlarını hörmətdən salırlar, ziyalıları, nüfuzlu şəxsiyyətli adamları təhqir edirlər. Bunlar böyük təxribatlardı. Özü də onları xüsusi maliyyələşdirən qüvvələr var. Məqsədləri də xalqın inam yeri, ümid yeri olan, sözünü deyən, öndə gedən başbilənlərini, söz deyənlərini, ziyalılarını hədələmək, hörmətdən salmaqdı.

TƏQVİM / ARXİV