adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Ayın, günün şahidliyi

3657 | 2014-10-22 01:46


Azərbaycan ədəbi və ictimai fikir tarixində mühüm rol oynayan Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev 1870-ci il mayın 17-də Şuşa şəhəri yaxınlığındakı Ağbulaq kəndində anadan olub. Onun babası Əbdürrəhim bəy Mirzə Məhəmmədkərim bəy oğlu 1809-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Qarabağ bəylərindən idi.
Üç yaşında ikən atasını itirən Əbdürrəhimi əmisi Əbdülkərim bəy öz himayəsinə götürür. 1880-ci ildə atalığı H.Sadıqbəyov balaca Əbdürrəhimi Şuşada Yusif bəyin müvəqqəti yay məktəbinə qoyur və o, burada rus dilini mənimsəyir, rus ədəbiyyatı ilə yaxından tanış olur.
1884-cü ildə ilk dəfə Şuşada bir teatr tamaşasında iştirakı onun həyatında hər şeyi dəyişdi: "Yadımdadır, Mirzə Fətəlinin "Xırs quldurbasan"ı oynanılırdı. Bu əsəri gördükdən sonra Mirzə Fətəlinin məcmuəsini tapıb oxumağa başladım, hətta "Hacı Daşdəmir" adlı bir komediya da Mirzə Fətəlinin "Hacı Qara"sı məzmununda yazıb Yusif bəy Məliknəzərovun mülahizəsinə verdim. Yusif bəy həqiqi pedaqoq idi. O, mənim bu pyesimi bir növ dil ilə mənə qaytardı ki, mən nə ondan incidim və nə də həvəsdən düşdüm".
Ə.Haqverdiyev 1891-ci ildə Tiflis realnı məktəbini bitirib Peterburqda Yol Mühəndisləri İnstitutuna daxil olur. Burada keçirdiyi səkkiz il ərzində o, azad müdavim sifətilə universitetin Şərq fakültəsində təhsil alır, dil və ədəbiyyat məsələlərilə ciddi məşğul olur. Ordakı ədəbi həyatının təsiri ilə özünün ilk əsərlərini - "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq"ı (1896) qələmə alır.
1899-cu ildə o, Peterburqdan Şuşaya qayıdır, "Bəxtsiz cavan" pyesini də 1900-cü ildə Şuşada yazır. Pyes elə həmin il tamaşaya qoyulur. 1901-ci ildə Haqverdiyev Bakıya gəlir və burada "Pəri cadu" pyesini tamamlayır. Bakı mühiti gənc yazıçının inkişafı üçün geniş imkanlar yaradır, o, burada H.Zərdabi, N.Vəzirov, N.Nərimanov, C.Zeynalov, H.Ərəblinski kimi dövrün qabaqcıl adamları ilə tanış olur, teatr üçün repertuar hazırlayır, rejissorluq edir, dərs deyir. 1908-ci ildə Üzeyir bəy Hacıbəylinin "Leyli və Məcnun" operasının səhnədə hazırlanmasına rəhbərlik edən Haqverdiyev həm də tamaşada ilk Azərbaycan dirijoru kimi çıxış edir.
Görkəmli ədib daim millət üçün önəmli olan dil məsələlərini önə çəkirdi: "Danışıq vaxtında fars ləfzlərinin çox işlənməsi indi də savadlılığa dəlil hesab olunur... 90-cı illərdə ortalığa atılıb ədəbiyyatla məşğul olmaq istəyən ziyalılarımız (özümü də, o cümlədən hesab edirəm) iki tərəfdən də avara olub məcburən rus ədəbiyyatı təsiri altına düşüb, türk dilində rus cümlələri işlətməyə üz qoydular".
1904-cü ildə Şuşa şəhər idarəsinə üzv seçildiyi üçün Qarabağa qayıdan Əbdürrəhim bəy burada çox qalmır, 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçildiyi üçün Peterburqa yola düşür. Onu da qeyd edək ki, 27 aprel 1906-cı ildə Sankt-Peterburqda fəaliyyətə başlayan I Dövlət Dumasına seçilən beş azərbaycanlı deputat - Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanovla yanaşı, Əbdürrəhim bəy də parlament tariximizə həm də ilk millət vəkilləri kimi daxil olub. O vaxt 448 nəfərlik Dumada 36 müsəlman deputat vardı və müsəlman fraksiyasına Ə.Topçubaşov rəhbərlik edirdi. Təəssüf ki, Dövlət Dumasının qısa ömrü onlara geniş fəaliyyət göstərməyə imkan vermədi...
"Molla Nəsrəddin" jurnalı nəşrə başladıqda Əbdürrəhim bəy onun fəal mühərrirlərindən birinə çevrilir. Bir müddət "Nicat" cəmiyyətində və Kür-Araz gəmiçiliyində işlədikdən sonra 1911-ci ildə Ə.Haqverdiyev Ağdama köçür və beş il orada yaşamalı olur. 1916-cı ildə Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi əxbarı" adlı rus dilində çap olunan aylıq məcmuəyə müdir təyin olunduğu üçün Tiflisə yola düşür.

"Gözəl marallarım, başları qapazlı, üzləri tüpürcəkli marallarım"

Azərbaycanın tarixinin mühüm bir dövrü Ə.Haqverdiyev əsərlərində əks olunub. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlıdır. "Molla Nəsrəddin" jurnalında çap olunan "Cəhənnəm məktubları" (1907), "Bomba" (1908), "Mozalan bəyin səyahətnaməsi" (1908) və "Marallarım" adı altında gedən hekayələrdə ədib dövrün bir sıra mühüm məsələlərinin bədii həllini ustalıqla verə bilib: "Mən gələn məqalələrimdə heç maralımın adını yazmayacağam, çünki hər maralım öz-özünü tanıyacaq. Qarelər üçün bu adların bir elə əhəmiyyəti yoxdur; maralın adı istəyir, Rəməzan, istəyir Şəban, istəyir Səfər, istəyir Rəcəb olsun, qare üçün bir təfavüt etməz. Ancaq maral olsun. Bu maralın adı hərçənd Qasım əmidir, amma Qasım əmi bir maral deyil. Neçə yüz, bəlkə neçə min maralı yığıb, bir yerdə yoğurub içindən bir maral çıxarıb adını Qasım əmi qoymuşam" ("Molla Nəsrəddin", 20 avqust 1910, ?30).
Ə.Haqverdiyevin "Marallarım" sərlövhəsiylə çap etdirdiyi hekayələr "Cəhənnəm məktubları"nı tamamlayır. Hekayələrdə "cəhənnəmdə" cəza çəkənlərin oraya "getməzdən" əvvəl dünyada gördüyü işlər məharətlə təsvir olunur. "Marallarım" kimlərdir sualına özü belə cavab verir: "Şükür olsun Allaha, Yer üzündə mənim marallarımın hesabı üç yüz milyona çatıb. Gedərsən İrana, Hindistana, Türküstana, Ərəbistana, Buxaraya, Əfqanıstana, İrəvana, Naxçıvana, Qarabağa, Lənkərana, Salyana, Bakıya, Batuma, Dərbəndə, Dağıstana... hər yer mənim marallarımla doludur. Gözəl marallarım, qotur, bitli marallarım, başları qapazlı marallarım, üzləri tüpürcəkli marallarım".

Cəhənnəm məktubları

Dünya ədəbiyyatında bir çox yazıçılar yaşadıqları dövrün, ictimai-siyasi həyatın bir sıra məsələlərini ifşa üçün "cəhənnəm" adından bir vasitə kimi istifadə ediblər. Ə.Haqverdiyev cəhənnəm barədə danışan zaman qeyd edir: "Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq".
"Xortdanın cəhənnəm məktubları"nda yerli bəylər dörd təbəqəyə bölünür:
"Pervi sort bəylərə Sarıcalı bəyləri deyirlər ki, Nadir şah dövründən bəydirlər.
Vtoroy sort bəylər bəyliklərini xanlardan alıblar. Bunların babaları ya xanın cəlladları olublar, ya təlxək, ya qatırçı, ya quşçu və darğaları, pişxidmətləri və i.a.
Treti sort bəylərə pişxurd bəyləri deyirlər. Bunların ciblərində ildə üç ay pul olar, doqquz ay müflisdirlər... Çetverti sort bəylər var. Bunlara "cır bəylər" deyirlər ki, var-yoxlarını qumara, Tiflis və Bakı kefinə verib, indi dövlətli bəylərin qapılarında sülənirlər".
Üzeyir bəyin əsərlərində olduğu kimi, onun yaradıcılığına xas xüsusi yumor həm güldürür, həm ağladır: "Əgər mənə desəydilər ki, Hacı Molla Baba saqqalını qırxdırıbdır, inanardım; Bakı qoçuları and içiblər ki, adam öldürməsinlər, inanardım; cəmi Yaponiya əhalisi dönüb müsəlman olubdur, inanardım; yer üzündə bir rüşvətxor çinovnik yoxdur, inanardım; Purişkeviç bolşevik olub, inanardım; amma min nəfər əhli-iman and içsə idi ki, Dəsturovu cəhənnəmə göndərəcəklər, inanmazdım. Gözümlə görəndən sonra məndə daha şəkk yeri qalmadı".
Cəhənnəmdə İblisə şikayətlənənlər kimlərdir: qardaşını öldürüb arvadını alanlar, rüşvətə aldanıb vətənini satanlar, bir kəllə qənd, bir girvəngə çay və on manat pula birinin kəbinli arvadını başqasına verən, səkkiz yaşlı qızı yalanla 14 yaşında ərə verərək ölümünə bais olan, camaatın maariflənməsinə hər vəchlə maneçilik törədən, elm oxuyanların kafirliyinə hökm verən, arvad hamamlarına soxulan hacılar və məşədilər, bişirib satdığı çörəklərin buğdasına torpaq qatan tacirlər:
"Birisi deyir:
- Sən olmasaydın, mən bu dini qoyub, o biri dinə qulluq eləməzdim.
O birisi deyir:
- Sən olmasaydın, mən öz qardaşımı öldürüb arvadını almazdım. Məni sən yoldan çıxartdın.
Birisi deyir:
- Mən yüz il yüz ilə qalaydı, rüşvət alıb vətəni pula satmaz idim. Hamısını eyləyən sənsən".

(ardı var)



TƏQVİM / ARXİV