adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Oktyabr 2014 17:34
6623
ƏDƏBİYYAT
A- A+

Ömrü nağıl kimi yazan ədib

Bu gün Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, yazıçı-publisist Fərəc Fərəcovun "Ömür bir xatirədir” kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan Adil Cəmil Fərəc Fərəcovun sənətkarlığından, həm şair, həm də yazıçı-publisist, jurnalist kimi fəaliyyətindən söz açıb: "Fərəc Fərəcov sözün dəyərini, qədrini bilən yazarlardandır. O, sözə çox böyük məsuliyyətlə yanaşır. "Ömür bir nağıldır” xatirə-romanında müəllif ağrı-acılı uşaqlıq illərindən başlayaraq keçdiyi mənalı və şərəfli ömür yolunu, həyati həqiqətləri əks etdirir”.

Tədbirdə daha sonra çıxış edən "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs Fərəc Fərəcovun insani keyfiyyətlərini qabartdı. Ədibin yaradıcılığa, sözə olan sayğısından, nəzakətindən bəhs etdi: "Əminəm ki, Fərəc Fərəcov hətta həbsxana həyatından, müharibədən yazsa belə yenə də danışıq mədəniyyətini unutmadan ən nəzakətli şəkildə fikrini izah edəcək, jarqonlardan, təhqirlərdən uzaq duracaq. Ona görə də onun əsərlərini istənilən yaş həddində olan oxuculara tövsiyə etmək olar, ailə daxilində rahatlıqla oxumaq mümkündür”.    

Yazıçı Elçin Hüseynbəyli  Fərəc Fərəcovu gözəl qələm ustası, etibarlı, sədaqətli dost kimi xarakterizə etdi: "İnsan gərək özü özünü yazsın. Onun kitabında həyatının müxtəlif mərhələləri bədii lövhələrlə elə təqdim olunur ki, oxucu müəllifi olduğu kimi tanıyır. Kitabda özünə inam və şükranlıq duyğusu hiss olunur”.

Təqdimat mərasimində yazıçı Firuz Mustafa, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, şair Yusif Nəğməkar və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışdılar, müəllifə yaradıcılıq uğurları arzuladılar. Onun hekayələrində Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin qələminin duzu olduğunu bildirdilər. Qeyd etdilər ki, əsərlərində səmimiyyət, incə yumor, sətiraltı istehza müəllifin üslübunu dolğun şəkildə əks etdirir.

Qeyd edək ki, Fərəc Fərəcov 10-dan artıq publisistik və bədii kitabın müəllifidir. "Culfa şəhidləri”, "Vətən qürurumdur mənim”, "Yaycı yetirmələri”, "Yaycı soyqırımı”, "Aydın sabahlar” kitablarının başlıca qayəsini vətən, torpaq sevgisi və milli-mənəvi dəyərlərə bağlılıq təşkil edir.

Fərəc Fərəcov həm də ictimai-siyasi fəaliyyətlə məşğuldur, o, Naxçıvan Muxtar Respublikası Milli Məclisinin deputatıdır.