adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Oktyabr 2014 17:33
10306
MƏMLƏKƏT
A- A+

İradə Tuncay BDU-da mühazirə dedi 

"Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay Bakı Dövlət Universitetinin Jurnalistika fakultəsinin 4-cü kurs tələbələrinə mühazirə - açıq dərs keçib.

"KİV-in dili və üslubu” fənni üzrə mühazirə deyən İradə Tuncay tələbələrə Azərbaycan jurnalistikasının bugünkü vəziyyəti barədə məlumat verib.

 

Əsas diqqəti informasiyanın hazırlanması və onun oxucuya təqdim olunması prosesinə yönəldən İradə Tuncay qeyd edib ki, bu işdə jurnalistlər son dərəcə ayıq-sayıq olmalıdırlar: "Jurnalist informasiyanı alan kimi dərhal bu informasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmamasını araşdırmalıdır. Bir sıra inkişaf etmiş ölkələrin təcrübəsində informasiya ən azından 3 mənbədən dəqiqləşdirilir. Bizdə isə jurnalistlər, adətən, tələsgənliyə yol verirlər. Bəzən informasiya daxil olan kimi araşdırmadan cəmiyyətə çatdırmağa çalışırlar. Bu isə son nəticədə cəmiyyətdə böyük bir ajiotajın yaranmasına gətirib çıxarır. Son zamanlar cəbhə bölgəsi ilə bağlı informasiyaların dəqiqləşdirilmədən cəmiyyətə çatdırılması da bir daha onu deməyə əsas verir ki, bu sahədə ciddi addımlar atılmalıdır. Burda təbii ki, ən böyük məsuliyyət jurnalistin üzərinə düşür. Jurnalist informasiya ona daxil olan andan etibarən dövlət qurumlarının məsələyə münasibətini öyrənməlidir. Bununla yanaşı, mövzu ilə əlaqədar ekspert fikrinin də informasiyaya əlavəsi vacibdir”. 
 
Baş redaktor onu da vurğulayıb ki, bu gün əksər KİV-lərdə neqativ informasiyalar daha çox yer alır. Xüsusən TV-lərdə yayımlanan bu kimi informasiyalar insanlarda ruh düşkünlüyü yaradır.

 

İradə Tuncay sonda tələbələrin bir sıra suallarını cavablandırıb. Tələbə Ramal Abdullayevin "Azərbaycanda hərbi jurnalistika lazımdırmı?” sualına cavab verən baş redaktor müharibə şəraitində yaşayan bir xalq kimi Azərbaycana hərbi jurnalistikanın lazım olduğunu, sadəcə hərbi sahəyə aid informasiyaların hazırlanması işinə peşəkarların cəlb olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, 
"KİV-in dili və üslubu”fənninin müəllimi dosent Sevinc Əliyevadır.