adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YAXŞI NƏDiR, PiS NƏDiR

OQTAY SALAMOV
21581 | 2007-11-20 03:18
Sözü yazdım, birdən daxilimidə bir şübhə yarandı ki, aya, orta məktəbdə keçdiyimiz bu başlıqlı şerin müəllifi Marşakdı, yoxsa Mayakovski? Beynimi çox yormamaq üçün hər ikisinin ruhuna öz dinlərində bir rəhmət deyib başladım müqayisə aparmağa. O şerdə uşaqlara nəyin yaxşı, nəyin pis olduğunu başa salırdılar və qəribəsi odur ki, uşaqlar da bunu başa düşürdü. Ona görə bunu qəribəlik adlandırıram ki, bu gün mən, filan yaşlı, filan təhsilli, Biləcəridən o tərəfi görmüş, əsgərlikdə olmuş və rus dilini bilən, müqayisədə dəvədən bir az balaca olan adam başa düşə bilmirəm ki, yaxşı nədir, pis nədir. Özünüzü çox da anlaqlı göstərməyin və mənə lağ eləməyin, başa düşə bilmədiklərimin bəzilərini sadalayacam, sizin də özünüzə şübhəniz yaranacaq. Çünki adam məntiqli, mənalı şeyi başa düşər, bəlkə də belə hoqqaları elə başa düşməməyimiz yaxşıdır...
   
   Siz bilən, yumurtanın qiyməti niyə iki dəfə bahalaşıb, hə? Bəs deyirdilər həftəbaşı yarmarkalar o cümlədən yumurtanın da qiymətinin qalxmasının qabağını alacaq. Bizim bəxtimiz gətirib ki, yumurtaya qiyməti adamlar qoyur. Əgər toyuqlar özləri yumurtalarına qiymət qoysalar, gərək ya onların arxası üçün bir heykəl qoyaq, ya da "qızıl yumurta yumurtlayan toyuq" nağılının nağıl yox, sırf həqiqət olduğunu rəsmi elan eləyək. Bir situasiyanı gözünüzün qabağına gətirin: toyuqlar şəhər ətrafında (şəhər daxilində heç müxalifəfasonlara icazə vermirlər, o da ola toyuqlar) mitinq keçirirlər. Şüarlarını da müxaliflər kimi müsabiqə eləyib mükafat vəd etməklə tapmırlar, əllərində hazır plakatlar var: "Hər toyuğa bir xoruz olmasa yumurtlamayacağıq!", "Millət xaricdən gələn yekə...baldır toyuqlara balet eləyirsə, yumurtanın şəklini görəcək!", "Potensial balalarımızı ucuz satmarıq!" və sair. İlaxır yazmağa cürət eləmirəm, ilin axırı yaxınlaşdıqca qiymətlər qalxır, elə bil qiyamət yetişib. Nə isə...
   
   Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev "Olaylar"a bildirib ki, "Yem və əlavələrin qiymətinin artması, həmçinin, ƏDV-nin ləğv edilməsi və broylerlər üçün güzəştlərin tətbiqi barədə təkliflərin nəzərə alınmaması 15-dək kiçik quşçuluq müəssisəsinin bağlanmasına səbəb olub". Nə illah eləyirəmsə, başa düşə bilmirəm, yemin qiyməti artır, əlavələrin qiyməti artır, güzəşt olunmur, ƏDV ləğv edilmir, bəs yumurtanın qiymətinin qalxmasına niyə təəccüblənirik? Həftəbaşı yarmarkalarda satılacaq yumurtaları güzəştlə yumurtlayırlar ki, qiyməti ucuz olsun?

TƏQVİM / ARXİV