adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

TARiXiN YERi, YERiN TARiXi...

VAHİD ƏLİFOĞLU
21183 | 2007-11-17 04:33
... Tarix nə rəng götürür, nə suvaq, nə də təzə hörgü... Olmuş hadisəni nə geri qaytarmaq olar, nə də hər kəsin istəyi kimi dəyişmək... Məşhur tamaşada dərviş təxminən belə bir söz deyir:
   
   - Nəsə olmalıymışsa olub, nəsə olmalıdısa deməli olacaq...
   
   ... Könədələnçayın üstündəki yupyumuru təpədən (hiss olunur ki, təpə təbii deyil, sünidi. Yəni nə vaxtsa insanlar tərəfindən tikilib, ya qurulub - V.Ə.) Füzuli şəhəri aydınca görünür. Füzuli şəhərinə, yəni desək Məngələnatanın təxminən ətəyinə, on beş il bundan qabaq gözəl binaları, yaşıl bağları ilə adamı məftun edən şəhərin yerinə baxırdıq... Tay nə ağ binalar var, nə də yaşıl bağlar...
   
   ... İnqilabdan əvvəl, yəni 1917-ci ildən o tərəfə Seyidəhmədli ilə Şükürbəylinin arasında, Quruçayın üstündə alman kəndi olub. Almanlar o vaxtlar bu torpaqları çardan satın alıb üzüm əkirlərmiş. Almanların saldığı üzüm bağlarının, qalıqları və qazdıqları kəhrizin quyuları səksəninci illərdək qalırdı...
   
   Seyidəhmədlidə Çapar kişi olub. Deyilənə görə alman dilini də babat bilirmiş. Çapar kişi alman kəndində qonaqlıqda imiş. Yeyib içdikləri otağın bucağında ev yiyəsi bir quzu bağlamışmış. Çapar kişinin gözü düşür quzuya... Durub gedəndə ev yiyəsinə deyir ki, bəs bu quzunu nahaq burda saxlayırsınız, pis iyi, qoxusu gəlir. Ev yiyəsi soruşur bəs neyniyim? Çapar kişi deyir ki, quzunu apar həyətin ayağında bağla ağaca, otunu, suyunu da orda ver... Sadəlövh alman aparır quzunu həmin yerdə bağlayır. Axşam düşən kimi Çapar kişi gəlib quzunu oğurlayır... Aradan bir neçə gün keçir. Çapar kişi gəlir həmin evə ki, görsün nə xəbər var? Alman Çaparın qolundan tutub aparır içəri və quzu bağlanan bucağı göstərib deyir:
   
   - Çapar kişi bax gör otaqdan tay iy, qoxu gəlmir ki...
   
   ... İndi Füzuli şəhərinin də yeri elə almanın quzu bağladığı yerə oxşayır...
   
   ... Yanımdakı oğlan tarixçidi. Qəsəbədə dərs deyir. Füzuli şəhərini Qarabulaq dövründən başlayıb Qaryağın adına qədər bir şəhər eylədi... Sonra qayıtdı bizim üstündə dayandığımız təpəni göstərib dedi:
   
   - Buralarda vaxtı ilə Əmir Teymur da olub. Teymurun əmri ilə ordu və yerli əhali belə təpələr tikirmişlər ki, sərkərdələr bu təpənin üstündə çadır qursunlar. Kim bilir, bəlkə də dayandığımız bu təpənin üstündə bir vaxtlar Əmir Teymur özü dayanıb...
   
   ... Düzü az da olsa təəccübləndim. Əgər bu həqiqətdirsə...
   
   ...Kərim kişinin oğlu Səfəri hərbi xidmətə aparırlar. Təsadüfən Səfər düşür Xalasa. Bir gün Səfərdən məktub gəlir. Kərim kişi məktubu açmamış üstündəki ünvanı oxuyur və deyir:
   
   - Toş, dədən olsun, ay Kərim, gör oğlun Səfərin məktubu hardan gəlir, ey. "Dalni Salyan, selo Xalasdan"...
   
   ... Biz türkük. Bilmirəm Əmir Teymura nə dərəcədə bağlılığımız var, amma deyilənə görə elə o kişinin nəvə-nəticəsiyik. Əmir Teymurun qartal kimi dayandığı təpədə biz olsa-olsa sağsağan kimi görünürük...
   
   ... Füzulidən yenib gələn şosse yolunan bir ağ maşın gəlir. Sözsüz ki, erməni maşınıdı.

TƏQVİM / ARXİV