adalet.az header logo
  • Bakı 18°C
21 Oktyabr 2014 01:26
6150
MƏDƏNİYYƏT
A- A+

Qərib MEHDİ



Qərib MEHDİ
Elçin İsgəndərzadəyə

Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..
Təpə kimi əyilsəydin,
Gülün olardı.

Dərə kimi ovulsaydın,
Yolun olardı.
Düzən kimi yayılsaydın,
Selin olardı.
Niyə seçdin dağ olmağı?

Günəşə ilkin salam vermək
sənəmi qalmışdı?

Zülmətə ilkin sinə gərmək
Sənəmi qalmışdı?
Gərək, Yerin dərdini
Göyə deyəydin?

Gərək, Göyün sözünü
Yerə endirəydin?

Allaha hamıdan yaxın olmaq
cəzasız qalmaz.
Dünyanın hər yerindən baxılmaq
cəzasız qalmaz.

Bilmədin,
şimşək şallağa tutacaq?
Bilmədin,
şaxta ürəyində donajaq?
Bilmədin,
dolu başını döyəcək?
Bilmədin,
bulud qaranı geyəcək?
Niyə seçdin dağ olmağı?
Niyə seçdin ucalmağı?..

Təpə ol - gülün olsun.
Dərə ol - selin olsun.
Ay dəli, ağlın olsun,
Üzmə axına qarşı:
"Bəli!" de - balın olsun.

Niyə seçdin dağ olmağı?
Niyə seçdin ujalmağı?..

OQTAY RZA,
Əməkdar müəllim

SƏN "ÖMRÜN MÜDRİKLİK
ZİRVƏSİ"NDƏSƏN!

Görkəmli şair-alim-pedaqoq
Elçin İsgəndərzadənin 50 yaşına

Fəsillər, arxada, fəsillər öndə,
Dönüb xatirəyə dəyərli çağlar;
Ucasan zamanın hər pilləsində,
Şöhrət ağacında artıb budaqlar.

Xəyal yel qanadlı köhlən atındır,
Onu ulduzda da sürürsən sanki;
"Vektor" təmənnasız nəşriyyatındır,
Vətənə sovqatın-nəğmə çələngi.

"Yaxşılıq..." - tükənməz varın, dövlətin,
Verirsən haraya hay, professor!
Elin süfrəsində-halal nemətin,
Mən də qonağınam, ay professor!

İstəyin, məramın-müqəddəs əməl!
Enib elmlərin dərin qatına -
Layiq görülübsən neçə il əvvəl
Yusif Məmmədəli mükafatına!

Kimi unutmuşuq, harda - nə qalıb?
"Adil Mirseyidin..." dostuna əhsən!
Çılğın cavanlığın geridə qalıb,
Sən "Ömrün müdriklik zirvəsi"ndəsən!

Duman içindədir yurd yerin Şuşa,
Haqqı var taledən incimək üçün;
Bir gün hüzuruna gedərik qoşa -
İsa bulağından su içmək üçün.

Ölkələr, bölgələr seyr edə-edə,
"Sülhə səsləyirik dünyanı biz" de!
Dünyanın altıncı qitəsinə də,
Elçin! Elçimiz ol, səmimi söz de!

Turan çiçəkləri dər qucaq-qucaq,
Üzündə-sabaha inam ziyası!
Elçinin özütək çox yaşayacaq
Elçinin nikbinlik poeziyası!

Vaqif NƏSİB

Elçin İsgəndərzadəyə

Heyf bu gün
Şuşa buludlarına
Dəyə bilməyir başın,
Və Cıdır Düzünə bir avtobus küncündə
Çata bilməyir əlli yaşın.
Heyf bu gün
Şuşa yetimlərindən biri kimi
Özün boyda buluda dönürsən,
Qarabağ şikəstəsi ötməyə
Tara, kamana, uda dönürsən.
Avropa gözünü yumub qoymur,
Canımız, gözümüz o yeri alaq.
Əziz xələflərinə bağışladığımız
Qarabağ atlarını bəlkə geri alaq.
Heyif əlli yaşında
Torpağımız yara-yara,
Sevincimiz yarı-yarı,
Ötməyə də yarı bülbülük.
Gəlinimiz Sarı, Sarı,
İş-peşəmiz yara sarı,
Üzümüz Şuşaya sarı, -
Hamımız Xarıbülbülük...
Amma qardaşım səni,
Cıdır Düzündəki,
Ümüdü gözündəki
Yeniyetmənin yanında görürəm,
Və Qarabağa qayıdan dəstədə
Bir Qarabağ atının
Yalmanında görürəm.

ADİL MİRSEYİD

Elçin İsgəndərzadəyə

Hardan nişan alsalar
güllə mütləq ürəyindən keçir şairin
həmişə hər yerdə
hər yerdə həmişə
bir qəfil gülləyə hədəfdi şair ürəyi
və hər kəsin öz şairi var dünyada
və qanadlı doğular şair ürəyi
uçur sürünmür
bəzən şair diri ikən gözə görünmür
bəzən zindan zülməti
tənhalıq səfaləti
bəzən şöhrət öldürür şairləri
ölümə can atdığını bilmədən
şöhrətə can atır zavallı şair
bir də ayılıb görür
ilk şeirini qoşduğu o aylı gecədəki
o aylı ürək deyil artıq sinəsində döyünən
və yolu kəsib ölüm
gülümsəyir qırmızı gözləriylə
və yazdıqları yazacağı şeirlərin
qaralamasıymış yalnız
və yaşadığı ömür
qaralamasıymış yaşayacağı ömrün
zamanın qum saatları
axır barmaqlarımız arasından
axır gözlərimizin qarasından
axır ürəyimizin ən dərin yarasından
və yarımçıq şerlər
yarımçıq ömür qalır
bizdən sonra dünyada

BARAT VÜSAL



KƏMALƏDDİN QƏDİM

Hələ Vətən deyil Vətən deyilən
Elçin İsgəndərzadəyə
Zəng etdin, dedin bir gecə, görünüm,
Sağ ol ki, tapmısan sən vaxtı, qardaş.
Çoxdan görünmürəm...
Necə görünüm,
Vaxt məni öldürür, mən vaxtı, qardaş.

Şığıyır üstümə dərd qoşun-qoşun,
Yorğunu olmuşam eniş-yoxuşun.
Ömrüm ömrü kimi böcəyin, quşun,
Vaxt da ruzi vaxtı, dən vaxtı, qardaş.

Gör hikmət deyilən nə var məqamda,
Kişi uduzar da, udar məqamda.
Əldən nə gəlir ki, bu dar məqamda,
Neylədik dünyanın gen vaxtı, qardaş?

Hər gün yan-yörəmdə çəpər kimidi,
Hər an-gələsi bəd xəbər kimidi.
Nə təpər əvvəlki təpər kimidi,
Nə papaq əvvəlki papaqdı, qardaş.

Hər şeydən öndədi gödən deyilən,
Gödənin quludur bədən deyilən.
Hələ Vətən deyil Vətən deyilən,
Şuşasız adi bir torpaqdı, qardaş.


Afaq ŞIXLI

DOSTLUQ KƏLMƏSİ

Qürurla, vüqarla söylə bu sözü -
Adi bir söz deyil "dostluq" kəlməsi.
Dostu ər olanın hey gülər üzü,
Tükənməz qüvvəti, kəsilməz səsi!

Sınama dostunu, inan ki, zaman
Özü öz vaxtında sınayar onu.
İnsanla doğular yaxşı və yaman,
Seçimə bağlanar hər şeyin sonu!

Bu gündən sabaha yaxşılıq qalar,
Yamanlıq yaşayar bir anı ancaq;
Qırx illik yoldaşlıq vəd edən olar,
Qırx günə bəs etməz vicdanı ancaq!

Dürüstlük - gələcək zamana bir yol,
Dostluqsa - bu yolun işığı, nuru.
Həyatda kim olsan, təki dürüst ol,
Qoru bu hikməti inamla, qoru!

Ara, tap dünyada öz adamını,
Ağlının əmrini yerinə yetir!
Sözünə ortaq et söz adamını,
Onun amalı da əməliylə bir!

Dostluğa bağlıdır yaxşı nə varsa:
Namusdan, vicdandan gözəlliyədək!
Dostun dostluğuna əmin olarsan -
Arxan yerə dəyməz, qırılmaz urək!


KƏRİM KƏRİMLİ

YOLUNU GÖZLƏYİR
ŞUŞA DA, QARDAŞ!

...Bütün dünyada tanınan və sevilən, saysız-hesabsız mükafat sahibi, əziz dostum və qardaşım alim və şair Elçin İsgəndərzadənin 50 illik yubileyinə təbrik!
...Əsil mükafatın zirvədə qalıb,
Yolunu gözləyir Şuşada, qardaş!
Bizə mat-məəttəl zirvə də qalıb,
Yolunu gözləyir Şuşa da, qardaş!
Yolunu gözləyir YOL mənasında,
Yolunu gözləyir SEL mənasında,
Yolunu gözləyir EL mənasında,
ELÇİNi oturtsun başa da, qardaş!
Şuşasız bir ömrün əvəzi nədir?!
Bu zillət, de, nəyin əvəzinədir?!
Şuşasız yaşadın! Əvəzin nədir?! -
Partlayar danışsam daşa da, qardaş!
Zərrin bağı, Ərimgəldi "Gəl!" - deyir,
Güllü bağda min cür güldü: "Gəl!" - deyir!
Bağrıqanda "Qan Könül"dü, "Gəl!" - deyir!
Nəyi gözləyirsən? Get! Yaşa da, qardaş!
Kərim dərd daşıyan bir QARA DEVDİ,
Qəlbi bu dərd ilə süslənmiş EVDİ...
SƏNİ BÜTÜN DÜNYA TANIDI, SEVDİ!!! -
Qayıt! Qoy tanısın ŞUŞA DA, qardaş!
YOLUNU GÖZLƏYİR ŞUŞA DA, QARDAŞ!
YOLUNU GÖZLƏYİR ŞUŞA DA, QARDAŞ!


MİNA RƏŞİD

Elçin İsgəndərzadəyə

Boğazdan yuxarı kəm - şirin sözləri
heç sevmədim
bəs bu nə şirinlikdi belə
ürəyimi qovuşduran,
könlümü danışdıran?
doğma ocağın istiliyini,
Qarqar çayının sərinliyini,
bağ üzümünün, həyət almasının
qəribə şirin tamını xatırladır.
Qardaşımın təzə həyətindəki
körpə şaftalı çiçəklərinə bənzəyir
bir cüt işıqlı gözləri,
üzü bağçamızda bir vaxt dərməyə
əlim gəlməyən bənövşə topaları qədər
məsum bir adam
və onun doğma ləhcədə
şipşirin söylədikləri
çox şey, çox şey xatırladır mənə.