adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

GERÇƏKLİYİNƏ İNANILMAYAN GERÇƏKLƏR...

BABƏK YUSİFOĞLU
34016 | 2014-10-21 01:21
(əvvəli qəzetin 14 oktyabr sayında)

Bəzən insanlar eşitdikləri hər şeyə inanırlar və onları fikirlərindən heç cür daşındırmaq mümkün olmur. Bəzən isə insanlar gözləri önündə baş verənlərə elə şübhə ilə yanaşarlar ki, onlara həmin gerçəkləri anlaması üçün böyük zaman və çaba lazım olur. Bəlkə də "İnsanlar inanmaq istədiklərinə inanırlar" - məşhur kəlamı elə bu üzdən yaranıb. Kim bilir?..

Hansı ədəbiyyatdasa oxumuşdum ki, inanıb-inanmamaq halı insanın intellekti və məntiqi ilə bağldır. Əslində bu fikirlərlə razılaşmaq mümkündü. Çünki inanıb-inanmaq üçün hər hansı bir qənaətin olması vacibdir. Amma bəzi reallıqlar tamam fərqli bir mühitin mövcudluğunu da göstərir. Belə ki, elə hadisələr baş verir ki, güclü mühakimələrə, dərin məntiqə malik şəxsiyyətlər, alimlər belə baş verənlərə, gözləriylə gördüklərinə birmənalı tərzdə yanaşa bilmirlər. Hətta anlamaqda çətinlik çəkirlər...

Elə bir çoxları kimi Daniel Homa da vaxtıyla hər kəs eyni cür qiymət verməmişdi. Uzun zaman bu qeyri-adi insanın göstərdiyi fenomen hərəkətlərə inanmamışdılar. Hətta gözləri ilə görsələr belə. Özü də təkcə XIX əsrin sadədil, savadsız adamları deyil, dediyim kimi, dövrün ən savadlı, ən məşhur, ən tanınmış, titullu şəxsiyyətləri belə gözləri qarşısında baş verənlərə inanmaqda çox çətinlik çəkmişdilər...

Hələ də bir çoxları Deniel Homun, eləcə də saysız-hesabsız digər fenomen insanların, yaxud təzahürlərin gerçəkliyinə şübhə ilə yanaşırlar. Məncə hər kəs Tanrının yaratdıqlarını insan idrakının fövqündə dayandığını dərk etməlidir. Və hər bir fenomen təzahürü olduğu kimi qəbullanmalıdır...

Bəs insanları inanılmaz heyrətlər içərisində buraxan Deniel Dunqlas Hom kim idi?..

***
Şahidlərin xatirələrində göstərilir ki, ruhlarla təmasın yaradılmasında iştirak edənlərin hamısı ayrı-ayrılıqda təsvir etdikləri proses bir-birinə bənzəyir. Onların hər biri baş verənlərin necə, hansı yolla gerçəkləşdiyini izah edə bilməsələr də gözləri ilə gördüklərini inkarda buluna bilmirdilər. Axı, prosesin heç bir yerində şübhə doğuracaq, yalan görünəcək bir nöqtə belə yox idi. Onu da qeyd edim ki, bu seanslarda iştirak edənlərin bir çoxu ruhlarla təmas zamanı qorxudan və həyəcandan bayılmaq dərəcəsinə çatmışdılar. Bəlkə də bu gerçəklik duyğusundan qaynaqlanırdı.

                            FENOMENİN ADI QƏZET SƏHİFƏLƏRİNDƏ 

Dediyim kimi Deniel Homun qeyri-adi seansları çoxaldıqca adı artıq hər yerdə dolaşmaqdaydı. Vəziyyət elə bir həddə gəlmişdi ki, onun bacarığı ilə məşhur elm xadimləri, dövlətin yüksək çinli məmurları, dövrün tanınmış ziyalıları yaxından maraqlanmağa başladılar. Əlbəttə, qeyd etmək lazımdı ki, bu maraqların içərisində yoxlama xarakterli olanları da çoxluq təşkil edirdi. Əslində bunlar onun bütün fəaliyyəti boyu davam etmişdi...

Bir çox alimlər elmin çoxillik qanunlarını, həmin zamanadək işlənən elmi nəzəriyyələri seanslarıyla heç edən 19-20 yaşlarında olan bu adamı nəhayət durdurmaq, fırıldaqçıydısa ifşa etmək, gipnozçuydusa sadəcə bir aktyor-kipnozcu kimi cəmiyyətə tanıtmaq istəyirdilər. Təəssüf ki, hər biri Hom fenomenin qarşısında aciz qalırdı.

1852-ci ildə Sprinqfilddə (Massaçuseç ştatı) yaşayan Rufus Elmerin evinə gələn və burada bəzi seanslar göstərən Hom növbəti yoxlanışa məruz qaldı. Belə ki, məşhur Harvard Universitetinin professoru Devid Uelss və şair, həm də Nyu-Yorkda çıxan "İvninq Post" qəzetinin baş redaktoru Uilyam Kallen Brayant ciddi-cəhdlə göstərilən seansı seyr etdilər. Başqa elm xadimləri kimi onların deməyə sözü qalmamışdı.

Çünki 3-4 gün sonra bir neçə ziyalı və alimin "Sprinqfild Ripablikan" qəzetində gördüklərinin bir gerçək olduğundan bəhs edən məktubu dərc edildi. Orada proseslərin reallığından, eləcə də ağır çəkili bir neçə kişinin oturduğu bir yekə stolun heç kənar təsirin olmadan necə havaya qalxdığından, adi divarda fosforlu parıltının necə işıq saçdığından bəhs edilirdi. 

                                    

                                                    DENİEL HOMUN XƏSTƏLƏNMƏSİ

Bu fenomenin öyrənilməsini istəyənlər də fəaliyyətə keçmişdilər. Professor Robert Xeyr, eləcə də Amerika Ali Məhkəməsindən Con Uort Edmendsin də iştrak etdiyi bir heyət işə girişdi. Onlar çox diqqətlə, hər xırda detallara nəzarət etməklə Homun ssenaslarını izləməyə başladılar. Nəticə yenə eyni idi: Deniel Homun göstərdiklərinin heç bir elmi izahı olmasa da bir gerçək idi.

Hətta bu sayaq söyləntiləri boş, mənasız adlandıran, Homun seanslarını cəmiyyətin ötəri ajiotajı, materializmin sürəkli tənqid etdiyi sipiritizmin möcüzəsi kimi dəyərləndirən tanınmış yazıçı Uilyam Meykpis Tekkerey də gördüklərindən təəccüblənmişdi. Axı, bu adam belə fəliyyəti üçün kimsədən pul tələb etmirdi də... Bununla belə qeyd bildirim ki, realist əsərlər müəllifi Tekkerey fenomenal prosesin baş verdiyini inkar edə bilməsə də Homu tənqid etməyi sürdürmüşdü.

Amerikanın müxtəlif şəhərlərində verdiyi seansların sədası çoxdan dünyaya yayılmışdı. Populyarlıq elə bir həddə çatmışdı ki, imperatorlar, dövlət başçıları, böyük sərmayə sahibləri belə onu görməyi, fenomenal seanslarını - boyunu olduğundan 30 sm.-dək uzatmağı, əşyaların kənar təsir olmadan hərəkətini, havaya qalxmasını, yanar közü yalın əllə götürdükdən sonra dəridə heç bir iz buraxmamasını... izləməyi arzulayırdılar. 

Medium 1854-cü ilədək fasiləsiz işlədi. Hətta bu illər zamanı Hom bu imkanlarını tiblə birləşdirmək qərarına gəldiyindən həkimliyi də öyrənməyə girişdi. Amma bioqrafların yazdıqlarına görə, o, bu ideyasından tezliklə əl çəkmişdi. Lakin...

Deniel Hom bu və digər seansların əksəriyyətini transs vəziyyətdə həyata keçirirdi. Bioqraflar yazır ki, həmin translar zamanı Danqlas Hom sanki gerçək dünyadan ayrılaraq başqa bir aləmə daxil olur, qeyri-adi proses yaşayırdı. Və psixoloji və fizioloji gərginliklə müşahidə edilən bu seansları göstərmək heç də asan iş deyildi.

Əlbəttə, onun bir sıra məcburiyyətlər üzündən daha çox işləməyə məcbur qalması, dediyim kimi seanslarda həddən çox enerji sərf etməsi, dərin psixoloji gərginlik fazasında olması izsiz keçməyəcəkdi. Keçmədi də. Belə ki, Deniel Homun səhhətində ciddi problemlər özünü göstərməyə başlamışdı. Və yeni parlamağa başlayan gənc medium, bacarıqlı ekstrasens durmaq haqqında fikirləşməsə də 1854-cü ildə fəaliyyətini saxlamaq məcburiyyətində qaldı.

                                                 "KÖHNƏ DÜNYA"YA...

Bioqraflar qeyd edirlər ki, Deniel Homun 1855-ci ilin mart ayında Konnektikut ştatının Xartford şəhərindəki seansları onun Amerikadakı çıxışlarının sonuncusu oldu. Çünki həkimlərin təkidi və xəstəliyin şiddətlənməsi həlledici qərara gəlməsinə nədən oldu. O, yubanmadan Bostona gələrək "Afrika" gəmisiylə Avropaya - Liverpula yola düşdü.

Böyük Britaniyadakı yeni müayinələrdən sonra ona ağırlaşmış vərəm diaqnozu qoyuldu. Və bu dəfə həkimlər ona xəbərdarlıq etdilər ki, o, İngiltərənin soyuq, rütubətli iqlimini təcili tərk etməlidir. Əks təqdirdə Denielin buralarda 3-4 aylıq ömrü qalıb.

Lakin o getmədi, həkimlərin dedikləri isə baş vermədi. O yaşadı. Düzdü, bu çətin cərrahi əməliyyatdan sonra mümkün oldu. Belə ki, Homun ağ ciyərinin bir hissəsini kəsib götürdülər. Lakin Deniel Liverpulda çox qalmağı düşünmürdü. Bu üzdən də az sonra aprelin əvvəllərində paytaxta - Londona gəldi. Artıq İngiltərədə də kifayət qədər tanınan Hom burada nəslinin mənsub olduğu yerin adını da şəxsinə götürdü. Və bundan sonra o hər yerdə özünü Deniel Dunqlas Hom kimi təqdim edirdi.

                                      AVROPALI DOSTLARDAN JESTLƏR

Əslində onun burada da işləri pis getmədi. Gəlişinin ilk günlərində Londonun böyük otellərindən biri sayılan "Ceremin-strit"in sahibi Vilyam Koksla tanış oldu. Mehmanxananın bosu gənc medium haqqında artıq kifayət qədər məlumatlara malik olduğundan və bir dəfə Denieli izləmək şansı da qazandığından ona maraqlı təklifdə bulundu: Dunqlas Hom burada seanslar göstərməklə oteldə ödəniş etmədən yaşaya bilər. Əslində ona digər diqqətlər də yönəlməkdə davam edirdi. Reformator-realist kimi tanınan Robert Deyl Ouen və onun kimi cəmiyyətin üst qatında hörmətə malik bir sıra insanlar ekstrasensin qeyri-adi bacarığından təsirləndiklərindən onu tanıdıqları dairələrdə təqdim etməyə başladılar.

Bioqraflara görə, Deniel Dunqlas İngiltərədə Amerikada olduğundan daha çox məşhurlaşdı. Və tədqiqatçıların fikrincə bu məsələdə Homun əvvəllər Amerikada qazandığı başarılarını mütləq nəzərə almaq lazımdır. Burada artıq o, bəzi kralların sarayındakı qəbullarda belə iştirak etməkdə, heyrətamiz seanslarıyla onları da təəccüb içərisində buraxmaqdaydı.

                                 HƏR KƏSİ ŞOKA SALAN SEANSLAR...

Əslində bütün bunlar heç də yüksək cəmiyyətdə asanlıqla özünə yol tapmırdı. Başqa dillə desək, Amerikada olduğu kimi, Avropa da gənc mediumu ciddi sınaqlara məruz qoyurdu. Bir sıra elm xadimləri, realist insanlar var idi ki, Deniel Dunqlas fenomenini şübhə altına salan çıxışlar edirdilər. Hətta onu məsxərəyə qoyanlar da tapılırdı. Düzdü onların sayı elə çox olmasa da belə söyləntilər şəxsən seansları izləməyənlər arasında şübhə yaradır, gerçəkdən bu prosesin elmi şəkildə öyrənilməsini istəyən Homu pis vəziyyətdə qoyurdu. Çünki medium yaxşı anlayırdı ki, bunun əks adı fırıldaqçılıqdı. Və o buna dözə bilməzdi...

(Ardi qəzetin 28 oktyabr sayında) 

BABƏK YUSİFOĞLU
babekyusifoglu.blogspot.com


TƏQVİM / ARXİV