GƏNCLİK HƏVƏSİNİN İŞIĞINDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
72079 | 2014-10-21 01:20
Yazı masamın üstündəki kitabın vərəqlərini çevirirəm və hər vərəqdən sonra qarşılaşdığım yeni imza məni özünə çəkir. Çünki onların bir çoxunu ilk dəfə görürəm, ilk dəfə qarşılaşıram. Bu imzaları bir yerə toplayan, onları necə deyərlər, əsgər kimi bir cərgəyə düzən müəllif əslində böyük bir zəhmətə qatlaşıb. Necə deyərlər, gecəsini gündüzünə qatıb, gündüzünü gecəyə və nəticədə də bir söz çələngini araya-ərsəyə gətirib.
Hacı Tofiq Seyidzadə uzun müddət müxtəlif sahələrdə çalışandan sonra könlünü sözə verib, qələmə bağlanıb. Bu gün "Azad Azərbaycan" qəzetində çalışır. Bu da ona imkan verir ki, hər gün sözün içində olsun, söz meydanında baş verən hadisələri izləsin. Təbii ki, özünəməxsus marağı, üslubu və yaradıcılığı olan Hacı Tofiq Seyidzadə həyatının bu dönəmində təkcə publisist yox, həm də bədii sözün şeir üslubuna da maraq göstərib və nəticədə yaradıcılıq janrının müxtəlif bölümlərində yararlanmaq imkanı əldə edib. Həmin imkanın, həmin əldə etdiyi söz nümunələrinin çeşidlərini də sonda kitablara köçürüb, kitablara çevirib.
Bildiyimə görə, çoxlu sayda çap məhsulları, yəni tərtib etdiyi, həmçinin də çap etdirdiyi söz topluları ona həmişə oxucu, həmkar marağı, sevgisi qazandırıb. Onu oxuyanlar onun zəhmətsevərliyini, yaradıcılıq axtarışlarının və xüsusilə də yaşının bu çağında inadla, həvəslə yeni-yeni ədəbi məhsullar ortaya qoymasını dəyərləndirir, alqışlayırlar. Elə mən də vərəqlədiyim bu topluda qarşılaşdığım yeni imzalara baxıb onların hər birindən nə isə öyrənməyə maraq göstərirəm.
Topludakı publisist yazılarla yanaşı, şeirlər də maraq doğurur. Təbii ki, müəlliflərin yetərincə böyük auditoriyasında şeirlərin seçilib oxucuya çatdırılması məsuliyyətli bir işdir. Elə Hacı Tofiq də oxuculara təqdim etdiyi həmin şeir nümunələrinə qarşı məsuliyyət hissi nümayiş etdirməklə oxucu önünə çıxıbdı. Burada artıq Azərbaycan oxucusuna imzası tanış olan Kəmaləddin Qədimin, İbrahim Səlimin, Sultan Nadirsoyun, Afaq Fərzəliyevanın, Kəmalə Nəsrinin və digərlərinin şeirləri kitabın sanbalını bir az da artırır, onu bir az da diqqətçəkən edir. Çünki "Yığış gedək, günahım" yazan Kəmaləddin Qədim oxucuya üz tutur:

Qəlb yarası, göz dağısan hələ ki,
Yığış gedək, yığış gedək, günahım.
Bir ürəyin dustağısan hələ ki,
Yığış gedək, yığış gedək, günahım.

... Günah var ki, vaxt bağışlar, əfv edər,
Bir də adam nə vaxtacan səhv edər?
Bəlkə səni ulu torpaq məhv edər,
Yığış gedək, yığış gedək, günahım.

Kəmalə Nəsrin yazır:

Zəkasıyla ürəklərə nur saçan,
Vətənimin zinətidi rəhbərim!
Torpağımda bahar fəsli gül açan,
Arzuların vəhdətidi rəhbərim!

Kitabda yer almış müsahibələr, eləcə də müxtəlif rəylər və mülahizələr də Hacı Tofiqin bu toplumu araya-ərsəyə gətirmək üçün böyük yaradıcılıq əziyyətinə qatlaşdığından xəbər verir. Elə bu fikirlərə rəğmən onu da deyə bilərik ki, Hacı Tofiq oxuculara təqdim etdiyi rəylərdə, publisist qeydlərində faktlara söykənməyi, faktlarla oxucu qarşısına çıxmağı bacarıbdı. Bu da öz növbəsində kitabın sanbalını artırıb, onu daha da dəyərli edibdi.
Hacı Tofiq Seyidzadənin yaradıcılıq uğurlarının davamlı olacağına bir oxucu kimi inanaraq sonda onu da vurğulamaq istəyirəm ki, ömrünün ahıl çağını yaşayan bu söz adamı öz inamını, öz həvəsini və yorulmaq bilmədən qələmdən, sözdən bir silah kimi istifadə etmək qabiliyyətiylə bugünkü nəsilə nümunə ola bilər. Və nəhayət, onu da xatırladım ki, bu topluda Azərbaycanın bütün coğrafiyası, yəni Naxçıvanı da, Qarabağı da, Şəkisi, Şirvanı, Mili, Muğanı, Şimal bölgəsi, Cənub bölgəsi, bir sözlə Azərbaycan sözü olan hər yerdən, hər bölgədən söhbət açılır, nümunələr göstərilir. Oxucu da bu topluda Zəlimxan Yaqubdan, Məmməd Arazdan da, Anardan da, Elman Həbibdən də, bir sözlə, hər kəsdən xəbərdar olur. Elə həmin coğrafiyanın bir təmsilçisi kimi mən də Hacı Tofiqə bu uğurlu yolda həvəsini, inadını daha bol, daha əzmli etməyi arzu edirəm. düşünürəm ki, o hələ bundan sonra da öz oxucularını sevindirəcəkdi.

TƏQVİM / ARXİV