MARAQLARIN TOQQUŞDUĞU YER

ƏBÜLFƏT MƏDƏTOĞLU
64413 | 2014-10-21 01:19
Son vaxtlar Qarabağ problemi ilə bağlı danışıqların nisbətən intensivləşməsi və ümumiyyətlə bu məsələnin daha çox gündəmə gətirilməsi müəyyən ümidləri artırsa da, amma bizim "daşımızın" ağır olması siyasi müstəvidə görünən və görünməyən gərginliklər də yaradıb. Doğrudur, problemin yarandığı gündən Azərbaycan xalqı, xüsusilə yurd-yuvası işğal olunmuş soydaşlarımız belə düşünüblər ki, həmin problemin açarı Moskvadadı. Elə mən də belə düşünmüşəm və düşünməkdə də davam edirəm. Bu da səbəbsiz deyil.
Təbii ki, bütün məsələlərin yaranmasında müəyyən zəruri və kənardan təsirlər də əsas rol oynayır. Yəni Qarabağ probleminin və bütövlükdə ötən əsrdən üzü bəri Ermənistan-Azərbaycan, daha böyük anlamda isə erməni-türk məsələsini ortaya atan, ona ilham verən, onu qidalandıran və dəstəkləyən qüvvələr olmuşdu. Həmin qüvvələrin də ən diqqət çəkəni çar Rusiyası və onun varisi olan dövlətlərdi. Rusiyanın biosiyasi marağı, regionda söz sahibi kimi qalmaq istəyi bu məsələdə həmişə bir "barmaq" kimi öz işini görür. Bax, bu mənada Sovet dönəmində də problemin şaxələnməsinə Moskva şərait yaratdı. Bu istək müəyyən mənada oyanan xalqların müstəqillik istəyinin qarşısının alınmasında həm də bir dəyənək rolu oynamalı idi. Lakin dünyada baş verən hadisələr SSRİ rəhbərliyinin niyyətlərini gözündə qoydu. Onlar sovet rejimini saxlaya bilmədikləri kimi, xalqların da müstəqillik arzusunu öldürə bilmədilər. Təbii ki, həmin prosesdə dəyənək kimi ortaya atılmış variant həm Rusiyanın, həm də ermənipərəst qüvvələrin köməyi və yardımı ilə alovlandı və nəticədə Azərbaycana qarşı işğalçı müharibəyə çevrildi. Azərbaycan bir milyondan artıq qaçqın və köçkünün, həmçinin torpaqlarının 20 faizdən artığının işğal edilməsinin ağrı-acısını yaşamağa, daşımağa məcbur oldu.
Bu gün aktivləşən danışıqlar prosesində də yenə səhnə arxası oyunların izləri görünməkdədi. Belə ki, aparılan danışıqlara son vaxtlar Rusiyanın daha çox yaxından meyl göstərməsi ABŞ və digər dövlətlərin qıcıqlanmasına səbəb olub. Onlar Rusiyanın bu məsələdə aktivləşməsini həzm edə bilmir və düşünürlər ki, problemin həllini Rusiya öz nəzarəti altına götürsə, regionda nüfuzlarına xələl gələcək və bəlkə də xeyli nüfuz itkisi ilə də qarşılaşa biləcəklər. Ona görə də ABŞ müxtəlif vasitələrlə öz etirazını bildirməyə çalışır. Hətta ABŞ Dövlət Departamenti özünün müxtəlif açıqlamaları ilə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, hətta Azərbaycanı nədəsə günahlandırmağa da çalışır.
Başa düşmək olmur ki, bir-biri ilə dil tapa bilməyən ABŞ, Rusiya və digər böyük dövlətlər bizim problemimizdən öz maraqları üçün niyə istifadə edirlər? Özü də bu problemin həllində vasitəçi kimi qəbul olunduqları bir halda?
Hadisələrin inkişaf tarixinə nəzər yetirəndə ekspertlərin və siyasi şərhçilərin də dediyi kimi, Ukraynada, eləcə də bəzi Şərq ölkələrində baş verən hadisələrə dərhal reaksiya verən, sanksiyalar tətbiq edən, hətta güc tətbiq etməkdən belə çəkinməyən ABŞ Ermənistana, eləcə də Azərbaycan ərazisi olan Dağlıq Qarabağa maddi yardımlar göstərməkdə, onlarla bu və ya digər şəkildə əməkdaşlıq etməkdədir. Bu isə heç bir məntiqə sığmır. Ən azı dünyanı sarsıdan Xocalı soyqırımı ABŞ-ı sözün həqiqi mənasında ədalətli mövqe tutmağa, işğalçıya öz gücünü göstərməyə səbəb ola və təsir edə bilərdi. Təəssüf ki, bu baş vermədi. Əvəzində isə ABŞ bu problemin ömrünün uzadılmasında "öz ayı xidmətini" əsirgəməyib. Və bu gün də ABŞ-ın bəzi dairələri, senatorları Xankəndi ilə sıx təmasını davam etdirir.
Bax, belə bir məqamda Azərbaycanın bütün sahələr üzrə, o cümlədən də ölkənin ən böyük problemi ilə bağlı apardığı müstəqil siyasət ABŞ-ı və digər maraqlı Qərb dövlətlərini qane etmir. Elə məsələ ilə bağlı Rusiyanın da müəyyən dairələrindəki fikir qaranlığı bir vətəndaş kimi mənim də diqqətimi çəkib. Məsələyə münasibət bildirən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov vurğulayıb ki, "biz kiminsə qarşısında belə bir məsələ qoymamışıq ki, hansısa ittifaqa girək, sonra bizə Qarabağı versinlər". Bu konkret yanaşma ondan xəbər verir ki, Azərbaycan öz mövqeyini bu günə qədər dəyişməyib və bundan sonra da dəyişməyəcəkdi. Qarabağ probleminin həlli üçün gərəkli olan bütün addımlar da atılacaqdı. Bu addımlar kimləri narazı salır salsın, kimlərin marağına toxunur toxunsun fərq etməz. Söhbət müstəqil dövlətin ərazi bütövlüyündən gedir. Deməli, Qərbin əndişələnməsi onun öz maraqlarını gizlədə bilməməsinin təzahürüdü. Həmişə belə olub, maraqlar çox gizlədilə bilməyib.



TƏQVİM / ARXİV